2.13.2016

Hamını bağışlamaq istəyirəm

Hərdən əldən-ayaqdan uzaq bu dağ rayonunda bağrım partlamaq dərəcəsinə çatır. Bakıdakı dostlar, dostlarla görüşlər, təqdimatlar, mübahisələr, müzakirələr üçün burnumun ucu göynəyir. İnanmayacaqsınız, o qaynar günlərin, ucuz çayxanalarda sonu yüngülvarı məclislərlə bitən dünyanı məhvərindən çıxardığımız söhbətlərin həsrətini çəkirəm.

Əcəb günlərdi! Futboldan ədəbiyyata, siyasətdən musiqiyə, filmlərdən meyxanaya qədər hər şeyi müzakirə edib, beynimizdə min cür ideyayla qayıdardıq evə. İndi o köhnə dostlar, o köhnə məclislər getdikcə xatirəyə çevrilir. İllərin qaç-qovunda tale hərəni bir tərəfə atıb. Nə o enerji qalıb, nə də o qayğısızlıq. Getdikcə qayğılar artır, problemlər çoxalır və məsafələr daha da uzaqlaşır.

Əvvəl dostlar toplaşanda bir saat əvvəldən xəbərləşirdiksə, indi bir araya gəlmək üçün bir həftə öncədən plan qurmaq lazımdır. O plan da alına-alınmaya, ya qismət! Deməyim o ki, köhnə dostlarla aramıza zaman, məkan, ehtiyac, qayğı adlı məfhumlar girib və bir türlü bu qandallardan azad olmaq mümkün deyil.

Və daha bir məqam: dünya görüşləri, dəyişən zövqlər və ədəbi-ictimai mövqelər, iş yerlərimiz, yeni dostlarımız bizi köhnə günlərdən və qədim dostlardan daha da uzaqlaşdırır. Bir də görürsən ki, dünyanın əyilmiş mizan-tərəzisini düzəldəcəyinə inanan bir dostun çəkilib bir sayt redaksiyasına indi hərf, nöqtə-vergül səhvləri düzəldir. İnqilabi nitqləri, sönük pafos, çılğın düşüncələri “müdrik” astagəllik əvəz edir.

Efirlərimizin səviyyəsi

Azərbaycan telekanallarını sevirəm. Ölkənin ümumi əhval-ruhiyyəsini, efirlərimizin vəziyyətini, aparıcılarımızın səviyyəsini bir daha gözdən keçirmək üçün televiziya proqramlarını şövqlə və zövqlə izləyirəm. Bəzi intellektual dostlarımız kimi, efirlərdən biryolluq imtina etmək indiki ruh halıma görə mənə sərf eləmir. Dağ başında yaşayan bir vətəndaş kimi, paytaxtın o ağır intellektual, doyumsuz mədəni, fövqəladə ədəbi, postmodern bədii, ciddi tərbiyəvi, gərgin psixoloji aurasını duymaq, uzaqdan da olsa bu "mədəni" mühiti sərf-nəzər etmək mənim üçün maraqlıdır, hətta vacibdir.

Məsələn, hansısa televiziya kanalının ciddi xəbərlər proqramında teleserial anonsu, şou proqramında siyasi-analitik ricətlər, mədəniyyət proqramında iqtisadi-sosial təhlillər izləmək inanılmaz zövqdür. Zaur Baxşəliyevin müdrik-didaktik söhbətlərini, kamali-ədəblə qonaqlarına verdiyi öyüd-nəsihətləri dinləyəndə özümü məsud və bəxtiyar hiss etməmək üçün heç bir səbəbim qalmır. Hərdən günümə Turanla başlayıb, Yusiflə həyatıma rəng qatıb, Mikayıloğlu İlqarla gecəmi xeyrə calayıram. Hələ bir Mikayıl vardı...

2.11.2016

Şöhrətdən uçuruma - Metin KAÇAN

Cəsədi 14 gün sonra tapılan yazıçı...

2013-cü ilin 6 yanvarında İstanbulda Boğaziçi körpüsündən özünü İstanbul boğazının sularına atan Metin Kaçan adlı yazıçının adı yəqin ki, ədəbiyyatsevərlərə tanışdır. Səhər erkəndən taksiyə minən yazıçı, Üsküdara gedəcəyini bildirir. Körpünün üstündə foto çəkəcəyini deyib portmanatını və telefonunu avtomobildə qoyur. Daha sonra sürücünün gözləri önündə qadağan səddini keçərək özünü körpüdən aşağı atır. Hadisəni görən taksi sürücüsü polis məntəqəsinə gələrək, hər şeyi danışır. Taksi sürücüsünün ifadəsindən sonra mühafizə kameralarının çəkilişlərini izləyən polislər, bir nəfər naməlum şəxsin taksidən düşərək özünü körpüdən aşağı atdığını dəqiqləşdirsələr də, xilasedicilər cəsədi tapa bilmir. Üstəlik Metin Kaçanın yaxın qohumları və dostları onun intihar edə biləcəyinə inanmır və bu xəbəri uzun müddət inkar edir. Hadisədən iki gün sonra yazıçının tanınmış karikaturaçı rəssam olan qardaşı Hasan Kaçan Twitter hesabında qardaşının intihar etdiyini etiraf edir. Cəsəd isə 14 gün sonra tapılır.

Türk oxucusu Metin Kaçanı “Ağır roman” adlı romanıyla tanıyıb sevmişdi. Mustafa Altıokların çəkdiyi eyni adlı filmi də yəqin çoxlarınız xatırlayırsınız. Okan Bayülgenin, Müjde Arın, şair Küçük İskenderin mükəmməl aktyor oyununu da yəqin unutmamısınız. Bəs kifayət qədər səs-küy yaradan, ədəbi kluarlarda müzakirə olunan “Ağır roman”ın müəllifi niyə intihar edib? Bu sual məni də narahat etdiyi üçün, kiçik bir araşdırma apardım. Bu yazıda oxuyacağınız maraqlı faktlar əminəm ki, sizlərin də diqqətini çəkəcək...

Üşüyürəm, Hacı...

Səhər oğlumun sevincli səsinə oyandım.

Məlum oldu ki, Bakıya qar yağıb...

Oğlum pəncərəyə dırmaşıb həvəslə yağan qara tamaşa edir və çığırırdı:

“Urrra!!! Axır ki, qar yağdı! Ata, bax gör nə qəşəng qar yağır?”

Məni zorla, darta-darta pəncərənin qabağına gətirdi.

Onun sevinc dolu gözlərinə baxanda, bütün qayğılarım yadımdan çıxdı.

Kirayə pulu, işıq pulu və qaz pulu ödənişlərinin vaxtının çatmağını unutdum.

Yalın ayaqlarım hamamın soyuq kafellərinə toxunanda ayıldım.

Soyuq suyu açıb üz-gözümə su vurdum.

Mətbəxə keçib pəncərəni açdım. Dərin bir nəfəs alıb içimdəki ağrı acını, boğazımı qıdıqlayan  qəhəri  havaya üfürdüm...

...Oğlumu bağçaya yola salandan sonra, işə necə gedəcəyimi düşündüm.

Üç qışı ardıcıl olaraq nazik, payızlıq gödəkcədə çıxarmışam.

Nə şarfım, nə papağım, nə əlcəyim nə də qalın şalvarım var...

1.31.2016

Yarımçıq hekayə

...- Gedəcəm.
- Bu gün get, indi get.
- İndi?
- İndi!
- Səninçün nə fərqi? Ya indi, ya sonra?
- Bu şəhər boş qalacaqsa indi qalsın...

Feyzbukda belə bir dialoqumuz olmuşdu. Bilirəm, indi çoxunuz inanmayacaqsınız, amma vallah necə var, elə yazıram.

...İnanın ki, belə də yazmışdı: “Sən getsən bu şəhər boş qalacaq”. İndi də bu sözü xatırlayanda birtəhər oluram. Elə bilirəm ki, mən kəndə köçəndən o böyüklükdə səsli-küylü şəhər bomboş qalıb. Düz deyirəm vallah, o, məni buna inandırmışdı. O gün özümü çox əhəmiyyətli bir adam hesab etmişdim. Az qala bütün şəhərə car çəkmək istəyirdim ki, baxın ha, o qadın deyir, mən getsəm sizin şəhəriniz boş qalacaq. Vallah, inanmışdım. İnanmışdım ki, mən onun həyatında ən önəmli kişiyəm. Ərindən də, qardaşından da, atasından da önəmli saymışdım özümü.

Əvvəlcə yuxusuna girmişdim, özü belə yazmışdı. Özümün də xəbərim olmadan onun yuxusuna girəndə mən şəhərdə, o isə kənddə yaşayırdı (Deyəsən, kənddə yaşayanlara şəhərdəki həyat və feyzbukdakı adamlar əlçatmaz görünür.) İnanmayacaqsınız, indi də o, mənim yuxuma girir. Axı mən indi kənddə yaşayıram. Hə, onu deyirdim axı, yuxusuna girmişdim onun. Sonra o, mənə bunu yazanda gülmüşdüm. Qəribə gəlmişdi mənə. Adam inanmır axı, gözəl qadınların yuxusuna köntöy, çirkin kişilərin girməsinə. Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü mənə yazdı ki, yuxuma girmisən. Söz tapmadım. Adam belə anlarda həqiqətən söz-zad tapmır. Qalırsan mat-məəttəl. Nə deyəsən? Bu sir-sifətlə kiminsə yuxusuna girmək yaxşı əlamət deyil. Bəlkə qorxub? Ya da diksindiyi üçün yazıb? Nə bilim, adətən gözəl qadınlar çirkin, kasıb kişilərə yazmır axı...

Panduşka (Hekayə)

Fransua Perrenə sevgilərlə…

Hörmətli redaksiya! Bu məktubu sizə şıltaq bir milyonçu qızının dəniz sahilindəki dəbdəbəli və rahat villasından yazıram. Yaşadıqlarım o qədər qəribə və maraqlıdır ki, hər şeyi sizinlə bölüşmək ehtiyacı hiss etdim. Mən “mişka” sevgisinin qurbanıyam. Başıma gələn son hadisələr o qədər qəribədir ki, nə edəcəyimi. Kimdən kömək istəyəcəyimi bilmirəm. Yaxşısı budur əhvalatı sizə nəql edim, sonrası nə ola, ola…

…Sevgililər günüydü. Yuxudan oyanıb özümə gələn kimi, yollandım şəhərin oyuncaq satılan ən böyük dükanlarından birinə. Məqsədim yüngülvarı bir hədiyyə alıb xanımın könlünü xoş etmək idi. Nədənsə xanımıma çiçək yox, oyuncaq hədiyyə etmək keçmişdi içimdən. Dükanda o baş-bu başa gəzişib normal, cibimə uyğun oyuncaq axtarırdım. Qiymətlər də maşallah, ceyran belində. Mağaza od tutub yanırdı. Gəzişə-gəzişə gəlib çıxdım mağazanın nəhəng mişkalar satılan bölməsinə. Mişkalar yan-yana düzülüb gənc qızlara gəl-gəl deyirdi...

...Mişkaların arasında dayanıb fikrə getmişdim. “İlahi, bu yekəlikdə mişkalar kimə lazımdı? Niyə gənc oğlanlar öz incə, nər-mənazik sevgililərinə belə nataraz hədiyyələr seçir?” Gözlərimi dükanın pəncərələrindən çölə dikib mişkalar haqqında laübalı xəyallara dalmışdım ki, dükanın qarşısında üç CİP dayandı. Arxadakı maşından iki yekəpər gedə düşüb qaça-qaça qabaqdakı ən bahalı CİPin qapısını açdı. Əvvəlcə səliqə-sahmanlı bir oğlan, sonra incə və lətafətli bir qız maşından düşdü. Gənclər öz aralarında danışa-danışa dükanı süzür, vitrinlərə baxırdılar...

"Döyülməyən düyüdən aş olmaz!"

Yaxşı yadımdadır, birinci sinfə kövrək qədəmlərimi basanda həmin məktəbdə idman müəllimi işləyən atam başımı tumarlayıb, alnımdan öpüb, uzun-uzun uzaqlara baxıb, köks ötürdü. Sonra qabarlı əllərini çiynimə qoyub belə dedi: "Bu ölüm-dirim savaşıdır, oğul! Gedib də dönməmək, dönüb də şey eləməmək var. Bu gündən sənin qara günlərin başlayır. Müəllimlərin səni mütəmadi olaraq döyəcək, qol-qabırğanı qıracaq, lazım gəlsə, söyəcək, amma sənə elmin sirlərini öyrədəcəklər". Cəsarətlə gözlərinin içinə baxıb: "Mən bu davaya hazıram, atacan!" - dedim. Cəsarət məsələsinə tam əmin deyiləm. Üstündən 25 il keçib, bəlkə də tumanı islatmışdım qorxumdan, dəqiq bilmirəm.

Məktəbin dəhlizinə daxil olan kimi atam yuxarı sinif şagirdlərindən birini amansız bir fəndlə qaldırıb yerə çırpdı, axı o, müəllim idi. Dəhliz boyu irəlilədikcə, qürur duyurdum. Sentyabrın ilk günü məktəbimizin dəhlizi Şaolin məbədini xatırladırdı. İlk dərs günü sevincini yaşayan müəllimlər şagirdləri amansızcasına döyür, müxtəlif güləş, sambo, şotokan fəndləri ilə onları qaldırıb yerə çırpır, eyni zamanda elmin sirlərini elə dəhlizdəcə, döyə-döyə şagirdlərə öyrədirdilər. Atam məni ibtidai sinif müəlliminə təhvil verəndə eynən belə dedi: "Əti sənin, sümüyü mənim". Müəllim razılıqla başını yelləyib,  boynumun arxasından yaxşıca bir qapaz ilişdirib mənə yerimi göstərdi. İlk dərsdəcə ortalıq qan gölünə döndü. Ağzı-burnu partlayan, qaşı yarılan, barmağı qırılan... Müəllim ağına-bozuna baxmadan bizi çırpır, eyni zamanda məktəbin faydalarından, təhsilin önəmindən, elmin dərinliklərindən danışırdı.

Biz hamımız xoşbəxt idik.