Avropa
Oyunları ərəfəsində, insanlarımızın davranışları, xarici qonaqlara münasibət
barədə dəfələrlə yazılıb, efirlərdə bu mövzu ətrafında müzakirələr keçirilib. Şəxsən
mən bu müzakirələrin bir neçəsində iştirak edərək oyunlar ərəfəsində vətəndaşlarımızı
davranışlarına diqqət etməyə çağırmışam.
İndi deyəcəksiniz ki, biz qonaqpərvər xalqıq, bizim bu cür məsləhətlərə
ehtiyacımız yoxdur, qonağı necə qarşılayıb necə yola salmağı çox yaxşı
bilirirk. Siz deyəcəksiniz, amma mən qəbul etməyəcəm. Çünki, müşahidələrimdən
belə qənaətə gəlmişəm ki, biz heç də dediyimiz qədər qonaqpərvər deyilik.
Xaricilərə sadəcə “pulqabı” gözüylə baxıb, əlimizə düşən ilk fürsətdə onları “qazlamağa”
çalışırıq. Bunu həm xaricdən gələn qonaqların dilindən eşitmişəm, həm də şəxsən
müşahidə etmişəm.
Bir balaca fərqli
geyindiyim, stilimdə bir qədər aksesuardan istifadə etdiyim, saqqal saxladığım
üçün tez-tez məni də xaricilərlə, xüsusən Türkiyə vətəndaşları ilə
qarışdırırlar. Dəfələrlə taksi şoferləri, ofsiantlar və barmenlər gözümün içinə
baxa-baxa məni “qazlamağa” çalışıb. Bəzən buna nail olsalar da, çox vaxt
ayıq-sayıqlığım sayəsində vəziyyətdən çıxmağı bacarmışam. Hətta indi yaşadığım
evin yaxınlığındakı marketin gecə çalışan satıcısı, məni Türkiyə vətəndaşı zənn
edib başıma pərvanə kimi fırlanıb, “Abi, abi” deyərək bir manatlıq şeyi iki
manata satmağa çalışırkən tərəfimizdən yerindəcə cəzalandırılmışdır. Mənim
Türkiyədən olmadığımı biləndə onun simasında yaranan çaşqınlığı, təəssüf
hissini görməliydiniz. İndi salamımı da güclə alır.
Çeşidli məkanlarda
məni “türk abi”, dolayısıyla xarici hesab edib “loxlamaq” istəyən dəyərli vətəndaşlarımıza
buradan səmimi salamlarımı göndərərək, yazımın mabədinə keçmək üçün sizdən
müsaidə, pardon, icazə istəyirəm.
...Yaxın
oturun sizə Türkiyəli dostumla PUB-ların birində başımıza gələn bir hadisəni
danışacağam.
Bakının sərin
yaz gecələrinin birində özümüzü səs-küylü PUB-ların birinə verib bir balaca
dincəlmək, dostumun sözü olmasın “kafa dağıtmak” istədik. Barın qarşısında,
sevimli stullarımızda əyləşib içkilərimizi sifariş verdik, həyat, kitablar,
filmlər və təbii ki qadınlar haqqında danışmağa başladıq. Sakitcə söhbət edir, ətrafa
heç bir problem yaratmadan, səs-küy salmadan siqaretlərimizi sümürüb içkimizi
içirdik. Dostumla Azərbaycan türkcəsi və Türkiyə türkcəsinin qarışığından ibarət
ortaq bir türkcə istifadə edirik. O yeri gələndə xüsusi aksentlə, rus dilində
sifarişlər versə də, arada ingilis dilində sitatlar çəksə də Türkiyə vətəndaşı
olması kənardan aydın hiss olunurdu. Biz söhbət etdikcə aşağıda oturan üç gənc
xanımın bizi yem kimi izləməsini, hərdən diqqətimizi çəkmək üçün bərkdən
deyib-gülmələrini sakitcə müşahidə edirdim. Dostum da kifayət qədər ayıq
adamdır. Amma, xanımların daha mütəşəkkil və planlı olmasını diqqətinizə çatdırmaq
istəyirəm.
Növbəti qədəhəri
toqquşdurandan sonra ofisiant masamıza meyvə gətirdi. Qızlarımız bizə qarşı
jest etmişdi...
Detallara
varmaq istəmirəm, amma biz növbəti qədəhlərimizi qızlarla toqquşdururduq. Artıq
səmimiliyin, rahatlığın pik nöqtəsində olan üç gənc xanım, dostumla gecənin
geri qalan hissəsinin detallarını müzakirə edirdilər. Evdə bizim üçün
hazırlanacaq rakı masası, alacağımız içki və məzələr müzakirə edilir, əcaib-qəraib
planlar cızılırdı. Dostum ehtiyat üçün barmenə də, ofisianta da hesabımızı ayrı yazmağı xahiş etmişdi. Söhbətlər,
gülüşlər, etiraflar getdikcə dərinləşir, gecə uzanırdı...
Plan,
PUB-dan sonra karaoke kluba getmək, şən-şux nəğmələr oxuduqdan sonra qızların dəvətinə
uyğun onların evində rakı məclisi qurmaqdı.
...Həmin gecə
heç nə plan üzrə getmədi. İkicə saat öncə masamıza meyvə göndərib bizi ovlayan
xanımlar, bir-bir masadan “yoxa çıxdı”.
Üç xanımın ən dürüst görünəni masanı ilk tərk elədi və səmimi şəkildə
gecəni bizimlə davam etdirməyəcəyini bildirdi. İkincisi qulağıma, “Bir nəfərdən
alacağım var, zəng elədi ki, gətirmişəm. Pulu götürüb 10 dəqiqəyə gəlirəm”
pıçıldayıb sivişdi. Üçüncü xanımın vurnuxmasından bəhanə tapıb aradan
çıxacağını anlamışdım. Artıq başımıza gələcəkləri də təxmin etmişdim.
Ssenarinin finalını görmək çətin deyildi. Dostum iki dəqiqəlik masadan qalxdı.
Sonuncu “ovçu” telefonuna gələn zəngdən sevincək ayağa sıçradı, “İki dəqiqyə
qızı da götürüb gəlirəm”.
...Ofisiant
hesabımızı gətirəndə, anladım ki, “Avropa Oyunlarında xariciləri necə
qazlamalı” adlı milli treninq uğurla öz işinə başlayıb. Həmin gecə biz PUB
sahibinə izah edə bilmədik ki, o qadınları tanımırıq və buna görə bəri-başdan
hesabımızın ayrı yazılmasını rica etmişik.
Sağ olsun
PUB sahibi, naməlum xanımların da hesabını bizdən aldı. Daha doğrusu dostum
taleyimizlə barışmağımızın vacibliyini anlayaraq, mübahisəyə davam etmədi.
Avropa Oyunları ərəfəsində bu hadisənin ilahi bir mesaj olduğunu anladım.
Qadınlar da, ofisiant da, barmen də, PUB-ın sahibi də bu oyunlara tam hazır
olduqlarını yoxlamış və uğurlu nəticə əldə edilmişdi.
Artıq inamla demək olar ki, ölkəmiz Avropa Oyunlarına tam olaraq hazırdır. Bu zehniyyətlə nəinki avropalıları, hətta bütün dünyanı ölkəmizə çağırıb “qazlaya”, “qruzlaya” bilərik.
Haydı, irəli!
Cəlil Cavanşir
Cəlil Cavanşir
Hiç yorum yok:
Yorum Gönder