5.09.2016

“Gecəyarısı uşaqları”


Uzun müddətdir ki, oxuduğum heç bir kitab məni Salman Rüşdinin "Gecəyarısı uşaqları" romanı qədər yormamışdı. Etiraf edim ki, mütaliə prosesi çox cansıxıcı və yorucu oldu. Mən sürətli, birnəfəsə mütaliəni sevirəm. Nadir hallarda bir kitabı bir neçə həftəyə oxuyuram. Adətən oxumağa başladığım kitabı qısa fasilələrlə, bir-iki günə oxuyub bitirməyə çalışıram. “Gecəyarısı uşaqları”nı çox çalışsam da bir aya tamamladım. Oxuduqca bəzən internetə baş vurmalı olduğum üçün proses uzandı. Məsələn eyni əziyyəti Jeyms Joysu, Saramaqonu, Arturo Perez-Reverteni, Kastanedanı oxuyarkən çəkmişdim. Bu qədər şikayətlərimə rəğmən qeyd edim ki, roman magik realizmin ən vacib və ən əhəmiyyətli nümunələrindən biridir. Uzun illər ətrafında yaranan şaiyələrə və qalmaqallara görə Rüşdiyə biganə yanaşdığım üçün özümü xeyli qınadım. Hesab edirəm ki, ciddi ədəbiyyatsevərlər Rüşdini hökmən oxumalı, tanımalıdır.  Rüşdi haqqında yayılan bütün əfsanələrə, bütün önyarığılara, haqqında çıxarılan ölüm hökmünə, qalmaqala meyilli olmasına baxmayaraq  o böyük yazıçıdır. Fürsət tapdıqca Rüşdinin əsərlərini əldə edib oxumaq, həm də gecikmədən oxumaq lazımdır.


Roman haqqında qısa olaraq onu deyim ki, “Gecəyarısı uşaqları” (orjinalı: Midnight's Children) hind əsilli yazıçı Salman Rüşdinin Hindistan müstəqillik qazandıqdan sonra qələmə alınan, 1981-ci ildə çap olunan ən məhşur romanlarından biridir. Romanın çapından 3 il sonra Hindistanın iki dəfə baş naziri olmuş, İndira Qandi Rüşdini romandakı bir cümləyə görə məhkəməyə vermiş, Rüşdidən siyasətçi İndira Qandinin ərindən boşandığı üçün oğlunun ona basqı göstərməsini və oğlu Sanjaya hüdudsuz sərbəstlik verməsi ilə bağlı cümləni romandan çıxarmasını istəmişdi. Rüşdi Qandinin digər tənqidi məqamlara fikir verməməsini nəzərə alaraq bu cümlənin romandan çıxarılmasına etiraz etməyib.

Romanda Hindistanın müstəqillik ərəfəsindəki tarixi, müstəqillik qazandıqdan sonra keçdiyi tarixi təbəddülatlar dövrü peşəkarlıqla işlənib. Roman çap olunduğu il 1981-ci ildə “Man Booker”, 1993-cü ildə “Booker of Bookers” və 2008-ci ildə “Best of Bookers” mükafatlarını qazanıb. 2008-ci ildə “Time” dərgisi tərəfindən 1923-cü ildən sonra ingilis dilində yazılmış 100 ən yaxşı romandan biri hesab edilib.

Romanda mənə ən çox təsir edən məqam Rüşdinin Hindistan və Bombey nisgili oldu. Eyni zamanda ana vətənin mədəniyyətini, tarixini, mətbəxini, inancını, xurafatını, qüsurlarını bir yazının bu qədər dolğun işləməsi heyrətamizdir.

Təbii ki, bu böyüklükdə romanı qısa şəkildə təhlil etmək mümkün deyil. Ona görə də həvəsi olanların bu kitabı tapıb oxuması məsləhətdir.

Roman əsasında əslən Hindistandan olan rejissor Deepa Mehta 2012-ci ildə eyni adlı film çəkib. Təəssüf ki, film roman əsasında çəkildiyi iddia edilsə də məncə romana çox az dəxli var. Filmin kinematoqrafik keyfiyyətini təhlil etmək fikrindən uzağam, sadəcə romanın sehri, ecazkar təhkiyəsi filmdə darmadağın olub. Hər halda maraq göstərib baxsanız, ən azından Rüşdi romanı əsasında çəkilmiş bir filmə baxmış olarsınız.

Hiç yorum yok:

Yorum Gönder