Virtual həyata elə aludə olmuşuq ki, bəzən özümüzü real həyatda tənha, kimsəsiz, mənasız hiss edirik. Sosial şəbəkələr artıq xəstəliyə çevrilib. İndi, sadəcə, gənclər deyil, yaşlı insanların da əksəriyyəti "sosial şəbəkə asılılığı"ndan əziyyət çəkirlər. Leksikonumuzdan salam, sağol, gözəl kimi sözlər yoxa çıxıb, yerini like, follow, unfollow, tweet, retweet sözlər tutub. Real görüşlərimizi virtual söhbətlərə qurban vermişik.
Bu günlərdə yazıçı dostlardan biriylə təbiət qoynunda çay içib söhbətləşirdik. Sosial şəbəkələrdən, onların işimizə mane olmasından danışdıq. Yazıçı dostum deyir ki, Facebook-u bircə ay deaktiv etsəm, ortaya çox samballı hekayələr çıxararam. Məlum olur ki, dostum heç bir işi olmasa da, bəzən 3-4 saat virtual aləmdə "gəzişib" yorğun düşür, yazdığı hekayələri köçürməyə belə həvəsi, bəzənsə vaxtı qalmır.
Ümumiyyətlə, bizim sosial şəbəkələrə münasibətimiz olduqca maraqlıdır. Virtual aləm bir tərəfdən işimizə yarayır; yazırıq, fikirlərimizi paylaşırıq, məhsulumuzu reklam edirik, yeni dostlar qazanırıq, yeni kəşflərdən, maraqlı icadlardan xəbər tuturuq, yeni filmlər, yeni yazılan əsərlər virtual aləmdə daha əlçatan olur, tədbirlərdən, toplantılardan, görüşlərdən xəbərimiz olur. Digər tərəfdən virtual aləm bizi geri salır; canlı ünsiyyətdən qaçırıq, real dostlara az vaxt ayırırıq, yeni əsərlər yazmırıq, yeni məhsul istehsal etmirik, virtual məkanda getməyə qərar verdiyimiz tədbirlərə getmək əvəzinə üzrxahlıq mesajı yazırıq və passivləşib özümüzə qapanırıq. Sözsüz ki, böyük əksəriyyət sadaladıqlarımdan əziyyət çəkir. Tam səmimiyyətimlə deyirəm ki, saatlarla sosial şəbəkələrdə söhbətləşmək, adicə çayxanada görüşüb çay içməyin ləzzətini vermir. Canlı söhbət, canlı ünsiyyət insanı daha çox xoşbəxt edir.
Müasir insan bir Whatsapp mesajı qədər sevir, bir Facebook statusu qədər fikir bölüşür, bir tweet qədər kompliment deyir, bir Skype söhbəti qədər ünsiyyət qurur, bir İnstagram fotosu qədər görünür. Sosial şəbəkələr həyatımızı elə işğal edib ki, real dünyadan sürətlə uzaqlaşır, doğmalarımıza qarşı laqeyidləşir, dostlarımıza yadlaşırıq. Sosial şəbəkələr bəzən ən mənasız insana belə şəxsiyyət qazandırır. Real həyatda iki sözü yan-yana gətirməkdə çətinlik çəkənlər, sosial şəbəkədə vətənpərvərlik dərsləri keçir, əxlaqi-didaktik söhbətlər edir, elmin dərinliklərinə dalıb, yeni üfüqlərə yelkən açırlar. Gündəm o qədər çevik və sürətli dəyişir ki, təqib etmək üçün parlaq zəka, qeyri-adi bacarıq tələb olunur. Sosial şəbəkədə məşhurlaşmaq, çevik dəyişən gündəmlə ayaqlaşmaq üçün asudə vaxtınız bol olmalıdır, xülasə boş-bekar, avara olmalısınız.
Bütün günü müxtəlif peyzajların fonunda "dərinmənalı" fikirlər paylaşan istifadəçilər isə tamamilə başqa dərddir. Amerika psixoloqları eksperiment və araşdırmalardan sonra bu qənaətə gəlib ki, müxtəlif "dərinmənalı" mesajları bəyənən və paylaşan sosial şəbəkə istifadəçiləri "özünütəhlilə meylsiz, hesabda zəifdi, ləng düşünür və tapşırıqları gec həll edirlər, bir çox hallarda isə dini inanclara və müxtəlif xurafatlara inanırlar, konspirologiya nəzəriyyəsinin mövcüdluğuna inanmağa meyllidirlər". Tanışlarınız arasında belə tiplər varsa, asanlıqla araşdıra və bu qənaətin doğru və ya səhv olduğunu təsbit edə bilərsiniz.
Sosial şəbəkələrdən asılılıq XXI əsrin ən təhlükəli tendensiyalarından biri hesab edilə bilər.
Əlqərəz, virtual aləm nə qədər maraqlı olsa da, dostlarınıza real həyatda vaxt ayırın. Dostlarınızla gəzməyə, yeyib-içməyə, şahmat, bilyard, tennis yeri gəlsə, nərd oynamağa, fikir mübadiləsi aparmağa, kitab və ya film müzakirə etməyə vaxt ayırın. Sevgilinizlə real görüşlər, bütün virtual ünsiyyətlərdən daha maraqlı olacaq. Tez-tez valideyinlərinizə baş çəkin, bu Skype-da danışmaqdan daha maraqlıdır. Bir sözlə, virtual dünyaya həddindən artıq aludə olmayın, çünki real dünya kifayət qədər maraqlıdır. Əgər sizcə belə deyilsə, real dünyanızı daha maraqlı etmək öz əlinizdədir.
Hiç yorum yok:
Yorum Gönder