“İnsan əsasən nə erkəkdir, nə də dişi. Cinsiyyətin fərqli
olmasının səbəbi cinsə xas forma fərqini yaratmaq olmayıb yalnız nəsil
artırmağa yarayır...”
(Marie Le Jars de Gournay, “Qadınlarla Kişilərin bərabərliyi
haqqında”)
Yuxarıdakı sətirlər
İntibah dövrünün filosoflarından Maria Le Jars de Gournaya aiddir. Bu adı eşitməmiş
ola bilərsiniz. Çünki Gournay kişi hegemonluğu dövründə arxa planda qalan qadın
fikir adamlarından sadəcə biridir. Bu gün biz qadın və kişi bərabərliyi haqqında
danışırıq, qadının müxtəlif sahələrdə ön planda olmasını müdafiə edirik. Amma
tarixə nəzər saldıqda fərqli məsələlərlə rastlaşırıq. Bu yazıda fəlsəfə
dünyasının xanım filosoflarının həyatına qısaca nəzər salacağıq.
Elm dünyasına nəzər saldıqda Mariya Küri kimi elm adamı
olmuş qadınlarla rastlaşırıq. Bəs görəsən fəlsəfə dünyasında vəziyyət necədir?
Aristotel, Platon, Dekart... Filosof deyəndə ilk olaraq
ağlımıza gələn adların ortaq bir özəlliyi var; hamısının kişi olması. Bunun səbəbi
düşünə bilməyin kişilərə bəxş edilən bir xüsusiyyət olması deyil, qadınların
düşüncələrini kişilər kimi sistematik bir şəkildə təqdim etmək üçün lazımi
vaxtın və imkanın olmamasıdır. İkinci bir səbəb isə qadınların yaratdığı əsərlərə
kişilərin az diqqət ayırmasıdır. “Qadın filosoflar tarixi” adlı əsərdə 44 qadın
filosofun həyatından bəhs olunur. Bu yazıda həmin kitabdakı diqqətçəkən adların
üzərində dayanacağıq. Qadın filosofları xatırlarkən onları da dövrlərə görə təsnif
etmək doğru olardı.
Krotonlu Theano
Bildiyimiz kimi fəlsəfənin
başlanğıcı antik dövrlə bağlıdır. Yaşadığı həyatı sorğulama, insan və dünyanı
izah etmək çabaları ilk dəfə bu dövrdə, qədim Yunanlarda başlayıb. Bu dövrdə həm
kişi, həm də qadın filosoflar üçün önəmli suallar vardır. Məsələn, insan niyə
dünyaya göndərilmişdir, dünyadakı vəzifəsi nədir, düşünmək və həyata keçirmək
arasındakı əlaqə nədir? ...Bu suallara bağlı olaraq düşüncələr fəlsəfənin təməli
olaraq tarix səhifəsində öz yerini almışdır.
Əvvəldə də qeyd
etdiyimiz kimi, bu dövrün ünlü fikir adamları dedikdə, qarşımıza kişilər
çıxmaqdadır. Amma bu dövrdə düşüncə dünyasında önəmli qadınlar da olmuşdur.
Bizim ilk nümunəmiz Krotonlu Theanodur. Krotonlu Theano ən məşhur pifaqorçu
qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın
filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki
fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi
olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə
550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat
yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib.
Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir.
Bəs Krotonlu
Theanonun düşüncələri necədir? Theanoya görə ruh yenidən doğulacaqdır, bunun
üçün insan müdrik həyat tərzi yaşamalıdır. Sırf maddə yoxdur, ruh ön planda
olmalıdır. Riyaziyyat və musiqi önəmlidir, çünki ikisində də rəqəmlər var. Belə
ki, rəqəmlər nizamı qoruyan yeganə ünsürdür.
Theano “Pifaqor məktəbi”ndə qızlara dərs deyib. Bu dərslərin
böyük bir qismi əxlaq haqqındadır. Özü dövrünün önəmli adamlarından biri
olmasına baxmayaraq, dərslərində qadınları arxa planda saxlayaraq, yaxşı həyat
yoldaşı olaraq yetişdirməyə çalışması çox maraqlıdır. Əslində bu fakt dövrün
sosial vəziyyətinə işıq tutur.
Fahişə və filosof
Aspasia
Daşqalaq edilən qadın
filosof - Hypatia
Antik dövrün önəmli
adlarından biri də Hypatiadır. Onun yaşadığı dönəm b.e.ə. 370-ci ildən sonraya
təsadüf edir. Hypatia yeni platonçuluğun dəbdə olduğu bir dönəmdə İskəndəriyyədə
yaşamışdır. Önəmli filosof olmasıyla bərabər astronomiya və riyaziyyatla da
maraqlanan Hypatia çətin bir dövrdə yaşamışdır. Belə ki, həmin dönəmdə
xristianlıq yeni-yeni yayılmağa başlamışdı və xristian olmayanlara qarşı ciddi
təzyiqlər var idi. Bu Hypatianın da həyatına təsir etmişdir. Fəlsəfənin bu
dövrdə bölücü, pozucu bir sistem olması haqqında fikirlərin yayılması onun da vəziyyətini
çətinləşdirmişdir. Buna baxmayaraq bu üstün düşüncə sahibi olan xanım filosof
İskəndəriyyə Universitetində astronomiya və həndəsə dərsi demişdir. Hypatianın
atası tanınmış riyaziyyatçı Theondur.
Hypatianın Platonun fikirlərini müdafiə etdiyi məlum olsa
da, dövrümüzə heç bir əsəri gəlib çatmamışdır. Platonçu fəlsəfəyə görə əsil həqiqət
görülən deyil, onun arxasında olandır. Hypatianın bu fikri müdafiə etdiyi
ehtimal edilir. Onun həyatı ilə bağlı ən maraqlı məqam isə ölümü ilə bağlıdır.
Paqanist olmaqda, dövlətin işlərinə qarışmaqda günahlandıraraq və daşqalaq edilərək
öldürülmüşdür.
Bu üç qadın filosofun
həyatına nəzər saldıqdan sonra, antik dövrə ümumi bir nəzər salaq. Antik dövrün
qadın filosofları güclü xarakterə sahibdir. Susmaq əvəzinə məktəblərdə fəaliyyət
göstərmiş, düşmən hesab edilsələr də, təhqir olunsalar da zəkaları və elmləri
ilə ətraflarındakı insanları heyran etməyi bacarmışdılar.
Antik dövrdən Orta əsrlərə keçid dövrü xristian inancına
bağlı düşüncə sisteminin hegemonluğu dövrüdür. Din qavramının get-gedə gücləndiyi
bu dövrdə fəlsəfənin rolu getdikcə azalıb. Bu dövrün fəlsəfəsi sxolastik fəlsəfədir.
Sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb)
– dini fəlsəfə tipidir. Hərfi mənada "məktəb fəlsəfəsi" deməkdir.
Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını
rasionallıqla əsaslandırmaq və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə
onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük
vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal
məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən
çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə
gedib çıxır.
Sxolastik fəlsəfəni
Aristotelə bağlayır və xristian inancının məntiqi ilə bu fəlsəfəni şərh edirdilər.
Bu dövrdə inkişaf etdirilən bütün fikirlər dini doqmalara əsaslanırdı. Orta əsrlərdə
qadınlar yenə arxa plandadır. Qadınların skolastik fəlsəfə ilə məşğul olmaları
qadağan edilsə də mistizm ilə maraqlanmağa maneçilik törətmirdilər. Mistizimə
görə şəxs özünə qapanıb, Tanrıya yaxınlaşa bilər. Mistizmdə mən yoxdur, Tanrı
var. Bir insan yalnız bu yolla kamilləşə bilər.
Orta əsrlər dövrünün qadın filosofları
İlk qadın
monastırının yaradıcısı – Bingenli Hildegard
“İnsan toza dönsə də
sonradan yenidən diriləcəyi üçün hər zaman var olmağa davam edəcək, əlamətləri
də hər zaman görüləcəkdir.”
Yuxarıdakı fikirlərin
sahibi mistizim cərəyanının tanınmış təmsilçilərindən biri Bingenli
Hildegarddır. Bingenli Hildegard 1098-ci ildə doğulub. Həyatının 30 ilini
qadınlar üçün nəzərdə tutulmuş bir hücrədə keçirib. Sonradan isə rahibəlik üçün
and içmişdir. Onun haqqında ən maraqlı detallardan biri, kişi monastırlarından
asılı olmayan, öz müstəqil qadın monastırını qurmasıdır. Bu detal onun güclü
xarakter sahibi olmasından xəbər verir.
Eyni zamanda
çıxışları və ikinci monastırı qurmaq cəhdi inqilabi hərəkətlər sayıla bilər.
Bingenli Hildegard “Scvias” adlı kitabında yazır: “Dünya vəhdətdədir, insan öz
mənliyini inkişaf etdirməkdənsə bütövü analiz etməlidir. Dünya tanrı tərəfindən
idarə olunan bir təkərdir. İnsan bu təkərin içində müvazinətini qorumalıdır və əsas
məqsədi kosmos və tanrı arasındakı balansı yaratmaqdır”.
Hildegardın bu əsərdən
başqa davranış haqqında qələmə aldığı “Liber Vintae Meritorium” və insan və
kosmos arasındakı oxşarlıqları təhlil etdiyi “Liber Divinorum” adlı əsərləri də
vardır. Hildegarda görə dünya və insan iç-içədir. Din həyatın mənasıdır. Ruh və
bədən arasında bir-birini tamamlayan bağ vardır. Ruh qədər bədən də önəmlidir.
İnsan yaşadığı müddətdə bədəninə də diqqət ayırmalıdır.
Tonqala atılan Marguerite Porete
Orta Əsrlər dövrünün
digər qadın filosofu Marguerite Poretedir. 1255-1320-ci illərdə Fransada
yaşayan bu düşüncə adamı mistik düşüncənin önəmli simalarından biri hesab
edilir.
Marguerite Poretenin
də həyatı olduqca maraqlıdır. Dindən çıxdığı üçün yandırılaraq edam edilib. Buna səbəb “Çılpaq
ruhun güzgüsü” adlı əsərində önə sürdüyü fikirlərdir. Bu kitabda Marguerite
ruhun tamam azad olması fikrini irəli sürür. Buna görə kilsəyə olan bağlardan
xilas olmalı, insanla tanrı arasında əlaqə insanın öz içində olmalıdır. Bu düşüncə
tərzi Orta Əsrlər üçün olduqca cəsarətli hesab olunduğu üçün cəzasının ölüm
olması da labüd idi.
Christine de Pizan – cəsarətli dul
Orta əsrlərin məşhur filosof qadınlarından biri də fransız
Kristina Pizankayadır. Pizanın dul
olması, toplum içində onun hörmətdən düşməsinə səbəb olub. Həm bu münasibət, həm
də gündəlik həyatının ağır keçməsinə baxmayaraq şeirlər, siyasi və fəlsəfi
yazılar yazması onun nə dərəcədə cəsarətli və savadlı bir qadın olmasını isbat
edir.
Ən vacib əsəri
“Qadınlar şəhəri haqqında” adlı əsərdir. Kristina Pizankaya bu əsərində bir
utopiyadan bəhs edir. İnancını itirməsə də tənqidi fikirlərini əsərində əks
etdirmişdir.
Orta Əsrlərin qadın filosofları haqqında ümumi olaraq demək
olar ki, hamısı güclü xarakter sahibidir. Düşüncə sistemlərində isə təbii ki,
inanc və xristian düşüncəsi ön plandadır.
İntibah dövrü fəlsəfəsi
və intibah dövrünün qadın filosofları
İtalyan intibahının ən
görkəmli filosofu, təbiət fəlsəfəsinin banilərindən biri də Bernardo Telezio
olub. O yazırdı: “Bütün şeylər cisimdir,
maddidir, hərəkət və dəyişmə bir-birinə əks olan iki fəal qüvvənin – isti və
soyuğun mübarizəsi nəticəsində meydana gəlir.”
Onun fikrincə “hərəkətin
mənbəyi təbiətdən kənarda deyil, təbiətin özündədir”.
İtalyan mütəfəkkiri
Cordano Bruno intibah dövrünün fəlsəfi fikrini daha yüksək zirvəyə
qaldırmışdır. O, “Səbəb, prinsip və vahidlər haqqında”, “Sonsuzluq, Kainat və
dünyalar haqqında” əsərlərində aləmin sonsuzluğu, onun dinamik birliyi və əbədiliyi
problemini qoymuşdur. Kainatın yeni materialist konsepsiyasını yaratmışdır.
C.Brunonun fikrincə, kainat vahiddir, maddidir, sonsuzdur və əbədidir. O
sonsuzluğu qəbul edir və eyni zamanda göstərirdi ki, kosmosdan kənar heç bir
şey yoxdur. O əbədidir, Allah tərəfindən yaradılmamışdır. Cordano hərəkəti təsadüf
deyil, zərurət kimi qəbul edirdi.
İntibah dövründə bir
sıra təlimlər də meydana gəlmişdir. Bu təlimlərin meydana gəlməsində feodal
dünyasının iqtisadi, siyasi, və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərin
xüsusi rolu olmuşdur.
XVI əsrdə meydana gəlmiş
utopik təlimlər, birinci növbədə, ingilis humanisti Tomas Morun və italyan
monarxı-rahib Tommazo Kampanellanın adı ilə bağlıdır.
Tomas Morun fikrincə,
yüksək səviyyəli hökmdarın köməyi ilə ideal cəmiyyət yaratmaq olar.
Kampanella cəmiyyətdə böyük ictimai dəyişikliklər edilməsinin
zəruriliyindən danışır, yer üzərində Allahın hökmranlığını qəbul etməyi, xüsusi
mülkiyyətin və istismarın ləğv edilməsini lazım bilirdi.
“Xüsusi bir hədəfə
doğru hərəkət edən bir şeyin bu hədəfə çatdıqdan sonra hərəkəti dayandırması və
bunun sonuçda artıq hərəkət etmədiyi ilə bağlı şübhə ola bilməz. Çünki onu hərəkətə
gətirən və hərəkətin hədəfi olan səbəb ortadan qalxdığı üçün məcburi olaraq təsiri
də, yəni hərəkət də ortadan qalxır. Elə isə alışılmış biçimdə sevən və sevilən
nəsnəyə fiziki olaraq sahib olmaqdan başqa arzusu olmayan hər kəs, arzusunda
olduğu birləşməyi əldə edər, etməz hərəkət dayanır və artıq sevmir”.
Yuxarıdakı fikirlər intibah dövrünün qadın filosoflarından
birinə, Tulliya d’Araqonaya aiddir.
Tulliya d’Araqona, məşhur “Eşqin sonsuzluğu haqqında” əsərində sonsuz və
böyük eşq haqqında düşüncələrini dilə gətirmişdir. O, platonçu ənənənin
davamçısıdır. İtaliyada yaşayan xanım filosof çox güclü təhsil alıb. Fəlsəfi
çıxışları ilə tanınsa da, fahişə və cadugər kimi ittiham olunmaqdan canını
qurtara bilməyib.
İntibah dövrünün digər
populyar filosof qadını Marie Le Jars de Gournaydır. 1565 – 1645-ci illər
arasında yaşayan xanım filosof fəlsəfədən başqa fizika, həndəsə və tarixlə də
yaxından maraqlanıb. Marie Le Jars de Gournayın həyatında dönüş nöqtəsi filosof
Michel de Montaigne ilə tanış olmasıdır.
Bu tanışlıqdan sonra o düşüncələrini açıq şəkildə dilə gətirməkdən çəkinməmişdir.
Dilin önəmi haqqında apardığı araşdırmalar maraqlıdır. Şah əsəri sayılan “Kişilərin
və qadınların bərabərliyi haqqında” əsərində kişilərin və qadınların ruhən bərabər
olduğunu müdafiə edir. Nəzəriyyə və praktikanın vəhdətindən yaranan əsərlərində
cəmiyyət də tənqid olunmuşdur.
İntibah dövrü qadınlar üçün bir qədər təhlükəli olsa da,
azad düşüncənin yenidən ortaya çıxması baxımından önəmlidir. Bu dövrün filosof
qadınları Platondan və Sokratdan təsirlənərək sxolastik düşüncə formasından
azad düşüncə tərzi yarada biliblər.
XVII əsrin qadın filosofları
“Oyan, ey qadın! İdrakın çağırışları bütün kainatda
dalğalanır, haqlarını bil! Təbiətin nəhəng krallığını fanatizm və yalanlar
bürüməyib. Həqiqətin məşəli artıq bütün axmaqlıq və lovğalıq buludlarını
dağıdıb”.
Yuxarıdakı fikirlər
Olimpiya de Quja aiddir. De Quj maarifçilik dövrünün böyük filosoflarından biri
hesab olunur. Gəlin XVII-XIX əsr filosof qadınların həyatına birlikdə nəzər
salaq. İntibah dövrü azad düşüncənin yenidən yaşamaq şansı qazandığı, elm aləmində
böyük addımların atıldığı, yeniliklərin və kəşflərin insanlığa yeni istiqamət
verdiyi dövrdür. Bu dövr fəlsəfəsinin ən böyük siması Rene Dekartdır. Hər şeydən
şübhələnə biləcəyini söyləyən və “Dərin düşüncələr” adlı üsulu inkişaf etdirən
Dekart heç şübhəsiz ki, bu dövrün qadın filosoflarında da təsir edib.
Dekartdan təsirlənən qadın filosoflardan birincisi Marqaret
Kevendişdir (1623-1673). Kevendiş əsilzadə bir ailədə doğulsa da normal təhsil
ala bilməyib. Bu dövrdəki siyasi hadisələr, məsələn, kralın edam edilməsi
Marqaretin Parisə sürgün edilməsinə səbəb olur.
1660-cı ildə İngiltərəyə geri qayıdan Kevendiş 1667-ci ildə
dünyanın ən qədim akademiyası sayılan “Royal Society of London” un
toplantılarına qatılan ilk qadın olur. Kevendişə görə maddə dediyimiz qavram
sabit deyil, əksinə canlıdır. Maddə, zəka və zehin təbiətə aiddir. Maddə öz
içində dəyişir. İnsan isə təbiətə aiddir və maddə üzərində heç bir təsir gücü
yoxdur.
“İnsanlar bütün varlıqların ən ağıllısı olduqlarını düşünürlər,
digər yaradılışın təbiəti haqqında heç nə bilmirlər, yetkin bir insan belə
zehninə, ya da bədəninə aid olan məcazi təzahürlərin hamısını tanımır”.
(Grounds of Natural Philosophy)
Kevendişə görə insan fiziki və ruhi olmaqla iki hissədən
ibarətdir. Bu iki hissə arasında bir-birinə təsir etmə və uzlaşma var. O eyni zamanda
düşünürdü ki, yeganə müstəqil olan Tanrıdır. O, Tanrının insanlar tərəfindən dərk
edilməsinin mümkün olmadığını, elmin bu sahədə aciz olması fikrini müdafiə
edib. “Philosophical Letters”, “Grounds of Natural Philosophy” əsas əsərləridir. “Ground of Natural” əsərində
İnsanın üstün varlıq olmadığını, təbiət üzərində qələbə çalmağa çalışmasının
düzgün olmadığını qeyd edir. Yazıları ölümündən sonra həyat yoldaşı tərəfindən
çap etdirilmişdir.
“Pis xəbərin
qanadları var, yaxşı xəbərin isə ayaqları da yoxdur”.
Bu fikirlər də xanım
filosofa məxsusdur.
Meri Estel
Bu dövrün məşhur
qadın filosoflarından biri də Meri Esteldir. Meri dindar əmisinin köməkliyi ilə
riyaziyyat və fəlsəfə ilə tanış olmuş, sonra isə Londona köçmüşdür. Londonda rəfiqəsi
ilə kirayələdiyi ev qısa müddətdə mədəni mərkəzə çevrilir. Meri dövrünün digər qadın filosofları kimi Dekartı
şərh etməklə yanaşı, Lukun “Ampirizm” adlı əsərindən də təsirlənmişdir. Bu fəlsəfəyə
görə bilgi təcrübələr sayəsində əldə edilə bilər. Bu fikirdən təsirlənən Meri
kişi və qadının qazana biləcəyi idrakın təcrübələr sayəsində mümkün ola biləcəyini
irəli sürür. Xüsusilə qadınlar üçün təlimlər keçirilməlidir. Alacağı təhsil
qadının özünə inamını yüksəldəcəkdir, amma onun düşüncəsinə görə qadın ictimai
işlərdə arxa planda qalmalıdır.
“Savadsızlıq pis xasiyyətlərə yönləndirir, eyni zamanda pis
xasiyyətlər bizi savadsızlaşdırır. Bunların birindən xilas olmaq lazımdır”
Meri Estel isbatı
mümkün olan inancı müdafiə edib və bu məqamda Dekartın fikirlərini dəstəkləyib.
Sadəcə tanrı inancının dərk edilməsinin mümkün olmadığını düşünür və inancı
elmdən ayrı hesab edirdi. Ən önəmli əsəri
“A Serious Proposal to the ladies” əsəridir. Bu əsər onun dövrünün ən
populyar əsərlərindən biri hesab olunur.
Anne Finch Convay
O dövrün diqqətə
layiq qadın filosoflarından biri də Anne Finch Convay hesab olunur. 1631-ci ildə
Londonda doğulan Anne kiçik yaşlarından xarici dil öyrənməyə başlamış və fəlsəfi
tədqiqatlarla maraqlanmışdır. 1645-ci ildə filosof Henri More ilə tanış olmuş və
onun tələbəsi olmuşdur. Onun sayəsində Dekart fəlsəfəsi ilə maraqlanmağa
başlanmışdır. 1670-ci ildə tanış olduğu filosof Franciscus Mercurius van
Helemontla etdiyi fəlsəfi söhbətlər onun fikirlərinin daha da aydınlanmağına səbəb
olmuşdur. Anne fikirlərini yazıya alsa da, yalnız “The Principes of The Most
Ancient and Modern Philosophy” adlı əlyazması günümüzə qədər gəlib çatmışdır.
Conway hesab edirdi
ki, təbiət yaşayan bir canlıdır, təsir edilə biləcək sabit bir quruluş deyil. Eyni
zamanda o düşünürdü ki, hər cisim bir canlıdır. Cisim və ruh eyni mənbədən
qidalanır və sadəcə ölçüləri fərqlidir. Hər bir canlıda “Monad” adlı ilk mənbənin
təsiri vardır. “Monad” birlik mənasında işlədilir və kainatın bütünlüyünü əks
etdirir. Ancaq bu düşüncə fəlsəfə dünyasına Convay tərəfindən deyil, Leibniz tərəfindən
daxil edilmişdir. XVII əsrin qadın filosoflarını təhlil etdikdə o dövrün məşhur
filosofu Dekartın düşüncələrindən qidalanaraq ehtimallar irəli sürdüklərini deyə
bilərik. İnsan-təbiət və maddə üçbucağında inkişaf etdirilən fəlsəfi düşüncələr
o dövrdə çox populyar olmuşdur. Xüsusilə təbiətin insana təsir edə biləcəyi,
canlı orqanizm olması düşüncəsi olduqca önəmlidir. Bu dövrdə diqqət çəkən digər
bir məqam da qadınların fəlsəfə ilə rahatlıqla məşğul ola bilməsi, intellektual
dünyada özlərini daha rahat ifadə etməsidir.
Maarifçilik dövrünün qadın filosofları
XVII əsrdən etibarən fəlsəfə inkişaf edərək ağıl və düşüncə dartışmalarından azad, ideologiya müdafiəçisinə çevrildi. XVIII əsr fəlsəfəsi (maarifçilik fəlsəfəsi) adlandıracağımız fəlsəfədə din və tanrı mərkəzli bir quruluşun yerini ağıl mərkəzli bir fəlsəfə aldı. Şübhəsiz ki, azad düşüncə formasının daxilində inkişaf edən fəlsəfi söhbətlər və ehtimallar fəlsəfə tarixi baxımından olduqca önəmli olmuşdur. Maarifçilik dönəmini iki hissəyə bölə bilərik: ilk dövr və romantizm dövrü.
Volterin sevgilisi, Nyutonu Fransaya tanıdan qadın filosof
Maarifçilik dövrünün qadın filosoflarından ən məşhuru fizik, filosof və yazar Emili de Şatledir. 1706-1749-cu illər arasında Fransada yaşayan Emili de Şatlet kiçik yaşlarından latın, ingilis, ispan dillərini öyrənmiş, fizika və tarix elmləri ilə tanış olmuş və özünü inkişaf etdirmişdir. Gənc yaşında evlənsə də evlilik ona mane olmamış, özünü daha da inkişaf etdirmiş, elmlə məşğul olmağa davam etmişdir. Xüsusilə riyaziyyat və fizika elmlərini dərindən mənimsəmişdir. 20 yaşında Fransa Elmlər Akademiyasında araşdırmalar aparmaq istəsə də, qadın olduğu üçün bu istəyi rədd edilir.
Məşhur fransız maarifçisi Volter ilə tanışlığı onun həyatını dəyişir. Bu tanışlıqda onun ərinin böyük rolu olur. O, Volterlə birlikdə kilsə və dövlətin ayrılması mövzusunda uzun müddət araşdırma aparmışdır. Onun ən böyük xidmətlərindən biri də İsaak Nyutonun “Prinsiplər” əsərini fransız dilinə çevirməsidir. Nyuton Şatlenin sayəsində Fransada tanınmağa başlayır.
Emili de Şatlenin ən önəmli və dəyərli əsəri “Xoşbəxtlik haqqında təhlil”dir. O düşünürdü ki, insan ehtiraslarının təsirindən xilas olmalıdır. Ehtiraslar insanın həyatını çətinləşdirir və onlardan xilas olmaq lazımdır. Özünü xüsusi və qüsursuz bir fərd olaraq təqdim etməklə yanaşı, öz qərarlarını özü verdiyini də dilə gətirir. Fərd xoşbəxtliyə ancaq bu yolla çata bilər.
Feminist çıxışlardan gilyotinə gedən yol
Maarifçilik dövrünün xanım filosoflarından biri də Olympe de Gouges-dir. Onu digərlərindən fərqləndirən xüsusiyyəti ilk dəfə qadın haqları haqqında yazan qadın filosof olmasıdır. Onun fikrincə qadın azad doğulub və bütün sahələrdə kişilərlə bərabər hüquqa sahibdir. Əsil adı Marie Gouze olan filosof 1748-1793-cü illər arasında Fransada yaşamışdır. Erkən yaşlarında ailə qursa da, 18 yaşında ərini tərk edir.
1770-ci ildə Parisə köçən Olimpiya de Quj intellektual bir çevrədə təmsil olunmuş, Fransa İnqilabı dönəmində kilsə, evlilik kimi müxtəlif mövzularda yazılar yazmışdır. Daha çox ictimai tənqidi mövzularda romanlar yazsa da, müəyyən dönəmdən sonra qadın hüquqları mövzusuna müraciət etmişdir. “Qadının və qadın yurddaşların hüquqları haqqında məlumat” adlı əsərində qadınların siyasi və ictimai həyatda kişilərlə bərabərhüquqlu olması fikrini müdafiə etmişdir. Fransız İnqilabına böyük ümidlərlə baxsa da, gözlədiklərinin əksi baş verir. İnqilabdan sonrakı ədalətsizlik onun daha kəskin yazılar yazmasına və sərt tənqidi əsərlər çap etdirməsinə səbəb olur. “...Vətənin xilası” əsəri böyük səs-küy yaradır.
Bu əsəri Olimpiya de Qujun ölüm səbəbi də hesab etmək olar. O, əvvəlcə düşüncələrinə görə həbs edilmiş, 1793-cü ildə isə gilyotində edam edilmişdir.
Əsilzadə şair, maarifçi xanım filosof
Joanna Şarlot Unzer öz dövrünün nümunə sayıla biləcək şəxsiyyətlərindən biridir. 1725-1782-ci illərdə Almaniyada yaşayan düşüncə adamı dövrünün hərtərəfli filosoflarından biri hesab olunur. Əsilzadə bir ailədə doğulan Unzer əvvəlcə şeirləri ilə diqqət çəkməyə başlayır. Sonradan fəlsəfəni seçir və bu sahədə daha çox şöhrət qazanır. Fəlsəfə sahəsində ilk əsəri “Qadınlar üçün fəlsəfənin əsas xətləri” adlanır. Bu əsərində fəlsəfənin əsas istiqamətlərini sadə dillə oxuculara çatdırmış, qarışıq fəlsəfə terminlərini mümkün qədər sadələşdirməyə çalışmışdır. Unzer digər yazılarını da sadə və oxunaqlı etmək üçün, yazılarında gündəlik həyatdan nümunələr vermiş və yazı dilini olduqca sadələşdirmişdir. Onun düşüncəsinə görə fəlsəfə təcrübədə və fəlsəfənin hamı tərəfindən başa düşüldüyü nöqtədə başlayır. Filosof təcrübələrini başqaları ilə də bölüşməlidir. Fəlsəfənin öyrədici istiqaməti də olmalıdır. Unzer əsilzadə olsa da, ailə basqıları ilə müxtəlif vaxtlarda araşdırmalarına ara verməyə məcbur olmuşdur.
Maarifçilik dövrünün romantik qadınları
XVIII əsrin sonlarında fəlsəfədə romantizmin təsirləri hiss olunmağa başlayır. Romantizm bir ədəbi cərəyan olaraq ortalığa çıxsa da, fəlsəfə üzərində də təsiri böyük olmuşdur. Romantizmin təsirində olan fəlsəfədə təkcə məntiq və ağıl yox, duyğular və xəyallar da önəmli hesab olunur. İnsan sadəcə öz düşüncə gücünə bağlı olmamalı, fərqli insanlarla birlikdə lmalı və birlikdə fəlsəfə ilə məşğul olmalıdır.
26 yaşında intihar etmiş şair və filosof qadın
Bu dövrün romantik qadın filosoflarından biri də şair və filosof Karalina fon Günderrodedir. 1780-ci ildə Almaniyada dünyaya gələn bu xanım filosof 26 yaşında intihar edərək həyatla vidalaşır. Yaşadığı uğursuz sevgi hekayələri və duyğusallığı onun intiharına yol açır.
Qısa ömür yaşasa da, gördüyü işlər diqqətçəkəndir. Bir müddət əsərlərini kişi təxəllüsü ilə yazmış, sonra isə öz adı ilə yazmağa davam etmişdir. Günderrode ədəbi mətnlər yazmaqla yanaşı, dərin fəlsəfi araşdırmalar aparmış, Hegel kimi nəhəng filosofların həyatını araşdırmışdır. Ona görə insan sadəcə bir varlıqdır və bir qrup içərisində olmalıdır. Zaman-zaman öz daxili dünyasına baş vurmuş, dəyişkən və özüylə savaşan bir ruh halında olmasından söz açmışdır. O düşüncələrini ifadə edərkən şeir və məktublarla ifadə etdiyi xəyal gücündə geniş şəkildə faydalanmışdır.
Katolikliyi qəbul edən yəhudi qadın filosof
Romantik qadın filosoflardan biri də Rahel Varnhagendir. 1771-1833-cü illərdə Almaniyada yaşayıb. Hörmətli bir yəhudi ailəsindən çıxmış Varnhagen atasının icazəsi olmamağına baxmayaraq Berlində mədəni insanlarla ünsiyyət yaratmağa və təhsilə başlamağa müvəffəq olmuşdur. Xüsusilə xarici dil, ədəbiyyat və fəlsəfə mövzusunda özünü inkişaf etdirməyi bacarmışdır. Napaleon Berlinə girdikdən sonra onun vəziyyəti xeyli çətinləşir. Yəhudilər qarşı ayrı-seçkilik və pis münasibət onun həyatını xeyli çətinləşdirir. Bir müddət sonra isə onun həyatında daha qəribə bir hadisə baş verir. Varnhagen katolik xristianlığı qəbul edir və ailə qurur.
Onun fikrincə hər şey düşüncədən asılıdır. Azad düşüncə ictimai təsirlərdən asılı olmadan inkişaf etməlidir. Fəlsəfə cəsur insanların işi olmalıdır. Həqiqəti axtarış nöqtəsində qorxmamaq lazımdır. Varnhagen fəlsəfə haqqında düşüncələrini aforizmlər, məktublar şəklində dilə gətirmişdir. Bu yazılarında insanın qavranması mümkün olmayan bir varlıq olduğunu dilə gətirir. İnsan suallarla var olmalıdır və hissiyyata sahibdir. Hissiyyat insanın içindədir və izahedilməz vəziyyətdir. Maarifçilik dövrünün qadın filosoflarını təhlil etdikdə görərik ki, onlar fəlsəfəni geniş araşdırmağı bacarıblar. Bu dövrdə fikirlər daha cəsur şəkildə dilə gətirilir, daxili dünya, xoşbəxtlik, azad düşüncə haqqında yazılmış, qadın hüquqları və ictimai quruluşun tənqidi diqqətdən yayınmamışdır.
Bu yazıda araşdırmağa çalışdığımız qadın filosoflar maarifçilik dövründə yaşamış filosofların cüzi bir hissəsidir. Bu yazı tanışlıq məqsədi daşıdığı üçün daha geniş təhlil və araşdırmalara ehtiyac duymadıq. Amma maarifçilik dövrü qadın filosoflarla, qadın düşüncə adamları ilə zəngindir.
İstifadə edilən mənbələr:
1. Sinem Doğan, “Düşünce dünyasının gölgede kalanları: Kadın filozoflar”, “Açık Bilim” dergisi, noyabr 2013
2. Peter Burke, “ Rönesans”, Türkiye, Babil yayınları 2007
Hiç yorum yok:
Yorum Gönder