3.01.2016

Çərşənbə düşüncələri

...Daha bir şairi həbs elədilər.
Bir vaxtlar parlaq istedadı ilə gözləri qamaşdıran, indi isə əyalətdə işsiz-gücsüz qalıb, içkidə təsəlli tapan Mahir Mehdini polisə müqavimət suçuyla üç aylıq həbsə yolladılar. Mahir bəxti gətirməyən, həyatı alınmayan adamdır. Dəfələrlə paytaxta normal qazanclı işlərə dəvət olundu, işlədi. Dostlar onun üçün əziyyət çəkdi, onun işlə təmin olunması üçün real addımlar atdı. Mahiri Yevlaxdan Bakıya gəlməyinə dəstək oldular. Necə işlədiyini bilmirəm, amma daimi və rahat iş yeri vardı şairin. Yenidən mühitdə tanınmağa, hörmət görməyə başlasa da bütün bunlar uzun çəkmədi. Sonra nə oldusa Mahirin səsi Yevlaxdan gəldi.
Ya zəlzələdən, ya vəlvələdən Mahirin işləri düz gətirmədi. İndi də qarşı da onu üç aylıq məhbəs həyatı gözləyir. Mahir üçün, həbsdə olan digər şair dostlarımız Tofiq Həsənli üçün, Saday Şəkərli üçün üzülürəm. Şairə həbsxana yox, azadlıq yaraşır.  


***

...Martın 1-i  atamın doğum günüdür. Onun haqqında nə qədər xoş söz, tərif yazsam azdır. Tanıdığım ən dürüst, sözüylə əməli üst-üstə düşən nadir insanlardandır.
Birlikdə yola çıxdığı adamlara heç vaxt xəyanət etmədi. Ağlım kəsəndən “Elçibəy əsgəriyəm”, “cəbhəçiyəm” dedi, fikrindən dönmədi. Siyasilərin oynadığı oyunları gördü, onun və onun kimilərin sədaqətindən istifadə edənləri gördü, siyasətçilərin gündə bir sifətlə bəyanat verdiyini, xalqın yanında olmayanların eyforik çıxışlarını eşitdi, dəfələrlə bu barədə mübahisəmiz oldu amma fikrini dəyişmədi. Siyasi fikirlərimiz fərqli olsa da, siyasi seçiminə görə onu heç vaxt qınamamışam, həmişə tutduğu yola sədaqətinə görə güzəştə getmişəm, həmişə ortaq nöqtə tapmışıq siyasi mübahisələrimizdə. Mən də atam kimi vətənimi çox sevmişəm, daha doğrusu vətəni sevməyi atamdan öyrənmişəm. Yazdığım heç bir kitabı oxumasa da, ilk kitabımı onun puluyla çap etdirmişəm.

Bu gün də cibimə xərclik qoyur, bu gün də çətinə düşəndə özünü yetirir.

***
...Seymur Baycan kitabının çapı üçün müraciət etdi və bu müraciəti prodüsser Tolik müsbət cavablandırdı, Seymura dəstək ola biləcəyini bildirdi. İndi hamılıqla (marjinallar və mən də daxil) bu məsələni müzakirə edirik. Halbuki, müzakirə olunmalı saysız-hesabsız problemlərimiz var. Biz ümumiyyətlə son vaxtlar heç bir əhəmiyyəti olmayan hadisələri müzakirə edib, əsas məsələləri gözardı edirik.

***

...Kim nə deyir desin, kiçik qayğılardan xilas olmaq, məişət problerinə baş qoşmamaq lazımdır. Böyük arzularla yaşayan adamları məişət problemləri, xırda qayğılar yorur.  Təəssüf ki, xırda qayğılardan, problemlərdən bir yolluq xilas olmağa gücümüz çatmır. Sadəcə azacıq laqeyid olmaq, bir azca unutmaq lazımdır...

***
Bu gün Novruzun ikinci çərşənbəsidir. Yaz fəslini, təbiətin oyanışını və Novruzun bütün adətlərini, atributlarını sevirəm....

Hiç yorum yok:

Yorum Gönder