3.18.2016

Milan Kundera: Nostalgiya

"Bilməmək" romanından parça...

Dönüş, yunanca “nostos” deməkdir. “Algos”, kədər mənasını verir. Yəni nostalji doyurulmamış dönüş arzusundan qaynaqlanan kədərdir. Avropalıların çoxu bu  əsas anlayışı ifadə etmək üçün yunan kökənli bir söz (nostalgie, nostalgia), sonra kökü öz milli dillərindən gələn başqa sözlərdən istifadə edə bilirlər: ispanlar “añoranza” deyir, portuqaliyalılar “saudade” istifadə edir. Bu sözlər hər dildə fərqli semantik nüans ifadə edir. Əksərən sadəcə ölkəyə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü bildirirlər; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısı. İngilis dilindəki “homesickness”, ya da alman dilindəki “Heimweh”, holland dilindəki “heimwee”. Ancaq bu böyük bir anlayışın sıxışdırılması anlamına gəlir. Ən qədim Avropa dillərindən olan island dilində iki ayrı termin istifadə edilir: “söknudur” əsasən nostalji  mənasındadır və “heimfra”  doğulub-böyüdüyü yerin həsrətidir. Çexlər yunan dilindən götürülmüş nostalji sözü ilə bərabər bu anlayışı ifadə etmək üçün “stesk” ismini və öz fellərini istifadə edilər; çex dilində ən təsirli sevgi cümləsi: “Styska se mi po tobe” – (Sənə həsrətəm, yoxluğunun acısına dözə bilmirəm) cümləsidir.


İspan dilindəki “añoranza”, “añorar” (nostalji duymaq, darıxmaq) felindən gəlir, o da latınca “ignorare”-bilməmək sözündən yaranmış katalon dilindəki “enyorar”dan yaranıb. Bu etimoloji izahatın işığında nostalji “bilməməyin acısı” olaraq ortalığa çıxır. Uzaqdasan və mən sənə nə olduğunu bilmirəm. Bəzi dillərin nostaljini izah etməkdə çətinlikləri var. Fransızlar nostaljini ancaq yunan köklü “nostalgie” ismi ilə ifadə edirlər və felləri yoxdur. Belə ifadə edirlər: “Je m’ennuie de toi”(Sənin üçün darıxıram).

Amma “s’ennuyer”(darıxmaq) sözü zəifdir, soyuqdur, istənilən halda belə ciddi bir duyğunu tam ifadə etmir. Almanlar nostaljini yunanca çox nadir halda istifadə edirlər və “Sehnsucht” deməyə üstünlük verirlər: orada olmayana duyulan istək. Amma “Sehnsucht” heç vaxt olmayana (bir macəraya) qarşıda duyula bilər və mütləq “nostos” düşüncəsini ehtiva etməz. “Sehnsucht”un içinə dönüş ifadəsini qata bilmək üçün, yanına bir tamamlıq əlavə etmək lazımdır: “Sehnsucht nach der Vergangenheit, nach der verlorenen Kindheit, nach der ersten Liebe”(keçmişə, itirilmiş uşaqlığa, ilk sevgiyə həsrət).

Nostaljinin yaradıcı dastanı “Odisseya”, qədim yunan mədəniyyətinin ilk dönəmlərində yaranıb. Xüsusi vurğulayaq: bütün zamanların ən böyük macərapərəsti Odissey, eyni zamanda ən böyük emiqrantdır. O Troya müharibəsinə getdi (o qədər də istəmirdi) və orada on il iştirak etdi. Sonra tezliklə doğulduğu İthaka qayıtmaq istədi, amma tanrıların intriqaları səbəbindən yolu fövqəladə hadisələrlə dolub daşan 3 il, sonra əsir düşdüyü və aşiq olduğu üçün ona öz adasına getməyə icazə verməyən İlahə Kalipsonun yanında keçirdiyi yeddi illə daha da uzandı.

“Odisseya”nın beşinci nəğməsində Odissey ona belə deyir: “Nə qədər ağıllı da olsa, bilirəm sənin yanında Penelopa həşəmətdən və gözəllikdən uzaq qalırdı… Amma yenə də hər gün etdiyim yeganə dua ora dönmək, günəşin doğuşunu evimdə görməkdir!” Və Homer davam edir: “Odissey danışarkən günəş batdı, alaqaranlıq çökdü, bir-birlərinin qolları arasında sevişmək üçün mağaranın dərinliklərindəki tağın altına geri qayıtdılar”.

Bunun İrenin uzun müddət yaşadığı, yoxsul mühacir həyatı ilə müqayisə ediləcək bir tərəfi yoxdur. Odissey Kalipsonun yanında əsil “dolce vita”, rahat bir həyat, zövqlü həyat yaşayıb. Buna rəğmən yad bir ölkədə “dolce vita” ilə, təhlükələrlə dolu bir evə dönüş arasında dönüşü seçdi. Bilinməyəni ehtirasla kəşf etməkdənsə, bilinəni ucaltmağı, şərəfləndirməyi seçəcəkdir(dönüş). Sonsuzluğa(çünki macəra əsla bitməyə bilər), sonu dəyişəcəkdir(çünki dönüş həyatın sərhədləri ilə barışmaqdır).

Fekialı dənizçilər çarşaflara sarıdıqları Odisseyi oyandırmadan İtaki sahillərində bir zeytun ağacının dibinə qoyub getdilər. Yolçuluq belə bitdi. Odissey yorğun idi, yatırdı. Oyananda harada olduğunu bilmirdi. Sonra Afina onun gözündəki dumanı dağıtdı və sevinc sərxoşluğu başladı: Böyük Dönüşün sərxoşluğu, tanıdığının qarşısında özünü unutma, yerlə göy arasındakı havanı titrədən musiqi. Uşaqlıqdan bəri tanıdığı tünd, dimdik iki təpəni gördü və iyirmi il öncəki kimi qaldığından əmin olmaq üçün yaşıl zeytun ağacını sığalladı.

1950-ci ildə Arnold Şrönberq (yəhudi əsilli Avstryalı bəstəkar) artıq on dörd ildir ki, Birləşmiş Ştatlarda yaşayırdı. Amerikalı bir jurnalist ona hiyləgərcəsinə bir neçə sual verdi: Görəsən mühacirlik sənətçinin yaradıcı güclərinin tükənməsinə səbəb olurmu? Ana vətənə bağlı köklər qoparılanda, sənətçinin ilham qaynaqları quruyurmu?

Düşünün! Soyqırımından beş il sonra! Və Amerikalı bir jurnalist Şönberqin gözlərinin önündə ən böyük dəhşətin yaşandığı o torpaq parçasına bağlı qalmadığını bağışlamır. Amma qurama deyil. Homer nostaljini dəfnə budaqlarından bir tacla şərəfləndirdi və beləcə duyğular arasında mənəvi iyerarxiya şərtini ortaya qoydu. Penelopa bunun zirvəsini işğal edir; Kalipsodan çox üstündür. Kalipso, ah Kalipso! Tez-tez onu düşünürəm. O Odisseyi sevdi. Yeddi il ərzində birlikdə yaşadılar. Odisseyin Penelopanın yatağını neçə müddət paylaşdığı bilinmir amma hər halda uzun müddət deyil. Buna rəğmən Penelopanın həsrəti ucaldılır, Kalipsonun gözyaşlarına isə lağ edilir…

Milan Kundera, L”ignorance.

Tərcümə: Cəlil Cavanşir.

Hiç yorum yok:

Yorum Gönder