Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının yerli televiziyalarda yayımlanan bəzi proqramlarla bağlı qadağası bəziləri kimi məni də sevindirmişdi. Düşünürdüm ki, efirlərimizdə bayağılığın, şou əhval-ruhiyyəsinin yerini maarifləndirici ovqat, intellektual, ciddi proqramlar tutacaq. Səd əfsus ki, Mikayılın yerini tatanlar da öz bayağılığı ilə ondan seçilməyənlər oldu. Sevincim uzun sürmədi. Dünən təsadüfən kanalları dəyişəndə efir tariximizin ən bayağı teleaparıcılarından biri olan Mikayıla rast gəldim. Anladım ki, efirlərimiz Mikayılsızlığa dözmədi. Onsuz nə reytinq, nə əyləncə, nə televiziya...
Bu qədər qınağa, tənqidə, irada baxmayaraq cənab Mikayıl yenə öz ampluasındaydı. "Gəldim eeee, gəldim" deyib nərə çəkən bu meqamüdrik simalı, fəlsəfənin bel sütununun yan tərəfdən görüntüsünü geridə qoyan teleaparıcı öz auditoriyasını yenidən başına yığmağı bacarmışdı. Həmişə heyrət etmişəm bu tip proqramlara həvəslə qatılıb zalı dolduran insanlara. Bu ölkədə yaşasam da, bu insanları başa düşməkdə çətinlik çəkirəm. Bu tamaşaçıların bayağılığa sonsuz marağı, qayğısızcasına qol götürüb oynamaları, Mikayılla birgə sevinib, Mikayılla birgə kədərlənmələri sirri müəmmadır. Bayağılıq kütləvi meditasiya kimidir. Cəmiyyət sürətlə mikayıllaşır. Kütləyə problemləri, qayğıları unutmaq lazımdır və Mikayıl öz "sehirli çubuğu" ilə bunu bacarır.
Kütlə Mikayılı tələb etdiyi üçün o, yeni proqramla efirə qayıdır, yenidən öz şənliyi (oxu: biz avamların anlamayacağı fitri, xariqüladə, meqa, hiper istedadı) ilə kütlənin başını qatmağa davam edir.
Həmən bu Mikayıl "Sevimli şou"dan uzaqlaşdırılanda demişdi ki, "Mən "Sevimli şou"nu aparanda zalda 500 nəfər qonaq olurdu, gecə 12-yə kimi gözləyirdilər". Şəxsən mənim üçün bu qədər bayağı proqrama 500 nəfər həmvətənimin qatılması faciədir. Mikayıl isə bunu kapitala çevirməyi bacaran fərasətli oyunbazdır.
İndi deyəcəksiniz ki, dünyanın hər yerində televiziya şoularına kütləvi axın olur, qardaş Türkiyədə, yaxın qonşumuz Rusiyada bu nümunələr var. İcazə verin, etiraz edim. Bəli, televiziya şoularına kütlənin maraq göstərməsini qəbul edirəm, amma Mikayılın auditoriyası bənzərsiz, izaholunmaz dərəcədə bayağıdır. Bu artıq yeni insan modelidir. Yekə-yekə "postinsan"dan danışmaqla deyil ki...
Gəlin etiraf edək ki, hamımız istər-istəməz bu proqrama baxmışıq. Ən azı, Mikayılın ədəbiyyatdan milyon kilometr uzaq olan nəzm nümunələrini dinləyib məzələnmişik, əylənmək xatirinə bu proqramın müəyyən parçalarını izləmişik. Bəlkə, rusdillilər və gənc nəslin bəzi nümunələri bu azardan bixəbərdirlər. Onları bu baxımdan qısqanmaq olar. Araşdırmaq, nə baş verdiyini anlamaq üçün mən də baxmışam bu səviyyəsizliyə.
Hərdən kamera auditoriyanı göstərəndə tamaşaçıların üzündəki bivec ifadə məni sarsıdıb. O insanların üzündəki ifadə şəxsən mənim yaşamaq həvəsimi, gələcəklə bağlı arzularımı məhv edir. Mikayıl bivec, işsiz-gücsüz, həyatla bağlı heç bir ciddi planı olmayan auditoriyadan bacarıqla istifadə edir, onları amansızlıqla ələ salır, reytinq üçün onlarla məzələnir. Mikayıl həyatın nəbzini tutub. O sadəcə, "bir tikə çörək" üçün çalışır və bunu etiraf edir: "Hamı deyir, qıjısan, kəntoşsan, eybi yox. Əcəb edirəm. Balalarıma çörək qazanıram. Zamanın tələbidir. Maarifləndirici veriliş açsam, o mənə çörək gətirməz. Mümkünsüzdür. Hamı yalandan pafosla danışa bilər. Amma mən zamanın nəbzini tutub gedirəm".
Qəribədir, insanlar bir tikə çörək üçün cilddən-cildə girir, başqalarını təhqir edir, əzir, bir-birinə nifrət edirlər. Çünki Mikayıl kimiləri, deyəsən, sadəcə özünü sevir. Sənət isə "bir tikə çörək" düşüncəsinin olmadığı yerdədir. Qarnını doyurmaq ən ali məqsədi olan kütləni bu cür ələ salmaq asandır, çünki onlar artıq məhvə doğru getdiklərinin fərqində deyillər.
...Bəs sənət? Bu artıq kütlənin vecinə deyil. Şou, bayağı manıslar, yüz illərdir şərqi yuxuya verən muğam ah-naləsi, "Mən anamı sevgilimə dəyişmərəm" manyakizmi isə ölümcül illuziyadır.
Milli.Az
Hiç yorum yok:
Yorum Gönder