2.19.2016

Şeir, şair və şou

Şeirin vəziyyəti ağırdır, cənablar!

Bizi “Azərbaycan xalqı, şair xalqdır” deyəndə aldadıb, tələyə salıblar. Biz də xalq olaraq “tırkaya gedib” qələmə sarılmışıq. Yazmışıq, yazmışıq, yazmışıq...

Şeirin son vaxtlar nə qədər ucuzlaşdığını, gözdən düşdüyünü mən yazmasam da, özünüz bunu yaxşı bilirsiniz. Azərbaycan şeirini dərin bir quyuya sallayıb, ipini kəsiblər. İndi Azərbaycan şeiri fağırcasına qaranlıq dünyada inildəyib, quyudan çıxmağa yol, işıqlı dünyaya dönməyə kömək axtarır.
Yerindən duran qafiyə quraşdırır, şeir yazmaq üçün gücənir və ən dəhşətlisi bu “ifrazatını” şeir, poeziya adıyla mətbuata, efirə daşıyır. Şeir, sənət, ədəbi cərəyanlar, üslub, estetika, yenilik qalıb bir kənarda, əcaib-qəraib hibrid şeirlər peydahlanır. Və bu bic doğulan şeirlərə mətbuatımız, telekanallarımız öz qucağını açır. Son 10-15 gündə şair  deyib efirə çağrılan qafiyəbazları görəndən sonra əmin oldum ki, şeirin düşdüyü vəziyyətə yeddi “qara paltarlı qadın” çağırıb, ağı deyib ağlamaq lazımdır.

Təsəvvür edin ki, hələ də “postmodern şairləri oxumuram” deyib nərə çəkən qələmbazlar var. Mənzərə ürəkbulandıran, vəziyyət isə olduqca acınacaqlıdır. Ortalıqda olan 4-5 imza isə birmənalı qəbul olunmur. Lap açıq desək, şeirin xiridarı yoxdur bu məmləkətdə. Hələ də şairi əyyaş, zirzəmi kafelərdə taleyinə nifrin yağdıran binəva kimi görmək istəyir məmləkətimin “şeirsevər” insanları.  Hələ də şairi linç eləmək üçün fürsət gözləyən kütlə, hələ də şeiri içki məclislərinin bəzəyi hesab edən cahillər meydan sulayır.


Şeiri ləzzəti qalmayıb, cənablar!

Şairi şoumenə çevirib oynadanlar, elzaların, aygünlərin yazdığı sərsəmləmələri şeir kimi tirajlayıb məsxərəyə qoyanlar şeirin qatilləridir. Mən and içə bilərəm ki, şeiri gözdən salanlar içindəki bütün gözəl hisləri çoxdan öldürmüş gərgədanlardır. Bizə şeir adıyla sırınanlar cəfəngiyyat, şair adıyla təqdim edilənlər boşboğazlardır. Artıq qəzetlərdə, internet saytlarında oxuduğumuz şeirlərdən əvvəlki ləzzəti almaq mümkün deyil. Şeirin dadını qaçırıblar, bu duzsuzlar...

Azərbaycan televiziyalarının ədəbiyyata, kitaba, xüsusilə şeirə və şairə nə qədər yad olduğunu dəfələrlə demişik, yazmışıq.

Konkret bir misal çəkim.

Vüqar Əhmədi  yəqin hamınız tanıyırsınız. Ona görə əminliklə “tanıyırsınız” yazıram ki, cənab professor ATV-nin efirlərindən düşmür. Çıxmadığı şou proqram, əyləncəli-müsiqili veriliş qalmayıb. Bircə o qalıb ki, Vüqar Əhmədi siyasi ekspert kimi “ATV Xəbər”ə də çıxarsınlar. Hərçənd, hələ bilmək olmaz, bu gedişlə Vüqar Əhməd “Xəbərlər”ə də çıxar, “Həkim məsləhətinə” də, hələ desən seriala da çəkilər.

Deyilənə görə Vüqar Əhməd 500-dən çox mahnı sözünün müəllifidir, nəğməkar şairdir. Bütün ciddi ədəbiyyat adamları təsdiq edə bilər ki, onun bircə misrasının da müasir ədəbiyyatla, müasir şeirlə əlaqəsi yoxdur. Bunu onun özü də, dostları da yaxşı bilir. Di gəl ki, çifayda! “Azad Azərbaycan” Televiziyasının Bədii Şurasının üzvü Vüqar Əhməd, televiziyanın rəhbəri Vüqar Qaradağlının dostudur, üstəlik dostunun atasına kitab da həsr edir. Əla! Heç kəsin haqqın yoxdur ki, adaşların dostluğuna mane olsun, bu dostluğa irad bildirsin. Nəğməkar şair istəsə dostunun şəninə şən nəğmələr də qoşa bilər.
Amma ciddi televiziya adamı kimi tanıdığım Vüqar Qaradağlının da haqqı yoxdur ki, müasir poeziyadan min kilometr uzaqda olan dostunu bu xalqa şair kimi sırısın.

Eyni zamanda, şair deyib efirə  çıxarılan digər dost-tanışlara, qohum əqrəbalara da bir az nəzarət etmək lazımdır, bayağı sözə bu dərəcədə geniş meydan verilməsi sadəcə və sadəcə ayıbdır!

Sözümün canı odur ki, şeiri gözdən salmaq üçün bu məmləkətdə hamı canla, başla çalışır. Kimisi toyda-mağarda, kimisi zirzəmi-kafelərdə, kimisi də efirlərdə...

Şeiri, şairi şou səviyyəsinə salıb, sözün ciddiyyətini sual altında qoyanlar, şeirin və ədəbiyyatın düşmənləridır.

Hiç yorum yok:

Yorum Gönder