Beş gün öncə Bakıdan döndüm.
Yaddaşımda qalan: müharibə xəbərləri, vətənpərvərlik eyforiyasına qarışmış sülh çağırışları, hər gün yuxudan birtəhər oyanıb işə getmək məcburiyyətində olan kapitalizmin qeyri-rəsmi qulları, dost-tanış, qohum-qardaş, tayfa təfəkkürünün arasında sıxışıb qalmış əzici bir tənhalıq, insanı hər tərəfli incidən, yaralayan, düşündürən məzmunsuz həyat hekayələri, yadlaşmış avtobus dayanacaqları, səfil-sərgərdan metro çıxışları, müstəqilliyini elan etmiş zirzəmi kafelər, rock xaosuna aldanmış çılğın PUB-lar, sperma və tər qoxuyan "masaj salonları", bicliyindən gicləşmiş taksi sürücüləri, ümidsiz və arzusuz köhnə dostlar, pulun bütləşdirdiyi və pulu bütləşdirmiş adamlar...
...Hamını, hər şeyi arxada qoyub sürətlə uzaqlaşıram. Məni xoşbəxt edən hər şeydən: içkidən, sevgidən, yazmaqdan, sağlamlığımdan. Olduğum heç bir məkan ağrılarımı, yaralarımı sağaltmır. İllərdir çırpınıram.
Paytaxt yoxsa əyalət?
Sakitlik yoxsa səs-küy?
Geri dönmək üçün çoxlu səbəblərim olsa da, hər dəfə təxirə salıram. Hara aid olduğumu müəyyənləşdirə bilmirəm. Ağrılar məndən əvvəl də vardı, mən sadəcə bu ağrıları çəkmək üçün doğulmuşam.
Beynimin içində aramsız "Buddha bar" musiqisi səslənir.
Və mən çox yorulmuşam...
Hiç yorum yok:
Yorum Gönder