Şair, yazıçı və filosof Aydın Əfəndi (Əfəndiyev) 27 noyabr 1959-cu ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə universiteti yüksək qiymətlərlə bitirib.
24 yaşında riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alıb. Onun gözlənilməz uğurları çoxlarını təəccübləndirirdi. Çox parlaq istedadı, heyrətamiz mütaliəsi vardı. Yaradıcılığa 1981-ci ildə başlayıb. Onun yaradıcılığında tanınmış yapon şairləri Simadzaki Toson, Takamura Kotaro Takahaşi Şinkitinin motivləri müşahidə olunur. Eyni zamanda onun şeirlərində Tomas Eliotun böyük təsiri olduğunu qeyd etmək lazımdır. Rus dilində yazıb yaradan Aydın Əfəndinin “Сотвори себе остров” (Öz adanı yarat) adlı ilk şeirlər kitabı ədəbi mühitdə çox böyük maraqla qarşılanmışdı.
