8.21.2019

Yüksək dozalı narkotin qurbanı şair AYDIN ƏFƏNDİ

Şair, yazıçı və filosof Aydın Əfəndi (Əfəndiyev) 27 noyabr 1959-cu ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə universiteti yüksək qiymətlərlə bitirib.

24 yaşında riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alıb. Onun gözlənilməz uğurları çoxlarını təəccübləndirirdi. Çox parlaq istedadı, heyrətamiz mütaliəsi vardı. Yaradıcılığa 1981-ci ildə başlayıb. Onun yaradıcılığında tanınmış yapon şairləri Simadzaki Toson, Takamura Kotaro Takahaşi Şinkitinin motivləri müşahidə olunur. Eyni zamanda onun şeirlərində Tomas Eliotun böyük təsiri olduğunu qeyd etmək lazımdır. Rus dilində yazıb yaradan Aydın Əfəndinin “Сотвори себе остров” (Öz adanı yarat) adlı ilk şeirlər kitabı ədəbi mühitdə çox böyük maraqla qarşılanmışdı.


Aydın Əfəndinin ikinci kitabı “Отсутствие” (Yoxluq) 2002-ci ildə, ölümündən sonra çap olunub. Ədəbiyyata bütün varlığı ilə bağlı olan Aydın Əfəndi yapon mədəniyyəti, ədəbiyyatı ilə maraqlanır və yapon dilini öyrənirdi. Ədəbiyyata olan sonsuz sevgisi və marağı, onu elmdən ayırsa da o, dünyaya ədəbiyyatçı olmaq üçün gəlmişdi. Özü də yaradıcılığı “daxili inqilab”, “yer üzündəki vəzifəsi, yaşam qayəsi” hesab edirdi. Elmlə məşğul olduğu dövrlərdə dəfələrlə yaradıcılıq ezamiyyətlərində olan Aydın Əfəndi bu təəssüratlarını “Bakılılar” adlı yarımçıq qalmış romanında qələmə almağa çalışıb. 80-ci illərin birinci yarısında qələmə alınmış roman 12 müxtəlif hekayədən ibarətdir. Romanda Sovet quruluşunun son illəri və dövrün insanlarının daxili dünyası ustalıqla qələmə alınıb. Aydın Əfəndinin əlimizdə olan əsərləri onun ardıcıl fəaliyyətindən və qeyri-adi istedadından xəbər verir.

Aydın Əfəndinin təbəddülatlar, axtarışlar içərisində keçən həyatı 37 yaşında, yaradıcılığının çiçəkləndiyi bir dövrdə sona çatır. 1996-cı ildə vəfat edən Aydın Əfəndinin ölümündən bir müddət əvvəl içkiyə və narkotikə qurşandığını iddia edirlər. Ölümünün səbəbi isə müəmmalıdır. Bəzi dostları onun yüksək dozalı narkotik və alkoqol qəbul etdikdən sonra dünyasını dəyişdiyini deyir. Bəziləri isə Aydın Əfəndinin içki aludəçisi olmadığını, hərdən və çox az miqdarda içdiyini iddia edirlər. Əgər alkoqol və narkotik onun ölümünə səbəb olubsa, bu ölüm sıradan bir ölüm sayıla bilməz. Geniş dünya görüşünə malik bir insan yəqin ki, yüksək dozalı narkotikin və alkoqolun ölümə səbəb olduğunu bilməmiş deyildi. Bir az irəli gedərək onun ölümü ilə bağlı bir versiya irəli sürmək olar: Aydın Əfəndi intihar edib.

Aydın Əfəndi bu gün ədəbi mühitdə kifayət qədər tanınan Həmid Herisçi, Mahir Qarayev, Paşa Əlioğlu, Adil Mirseyidlə çox yaxın dost olub. Dostları onu istedadlı şair, qeyri adi insan, intellektual ədəbiyyat adamı kimi xatırlayır.

Mahir Qarayev: “Ən yaxşı qızlarla tanış olmuşdu”

Aydın Əfəndiyevlə təxminən 1982-83-cü illərdə tanış olmuşam. Bir gün Arif Əmrahoğlu yanıma gəlib dedi ki, çox maraqlı bir oğlanla tanış olub, rusca şeirlər yazır. O vaxt biz Ariflə bir institutda oxuyurduq. Aydınla tanış olduq, rusdilli oğlan idi. O hər mənada müasir şəhər uşağı idi. Dostlaşdıq. Mən də ruscadan şeir tərcümə edirdim. Məndə belə bir fikir var ki, az yaşayan adamlar - Əli Kərim, Lermontov, Müşfiq özləri sanki həyatlarının qısa olacaqlarını duyurlar. Onlar asta-asta gəzmirlər, çox iri addımlarla irəliləyirlər. Aydın artıq 24 yaşında riyaziyyat üzrə elmlər namizədi idi. İnstituta aparmışdı bizi, kollektivdə onu çox istəyirdilər. Akademiyanın Riyaziyyat İnstitutunda işləyirdi. Mən də futbolu xoşlayırdım, sonra məlum oldu ki, Aydın da futbolu sevir. Axşam futbol olanda, zəng vururdu ki, gəl, bir yerdə baxaq futbola. Bir yerdə futbola baxırdıq. Onun fikirləri çox çevik fikirlər idi. Puşkini oxuyandan sonra onun haqqında beş dəqiqəyə fikrini deyirdi. Hər şey onu çox tez yorurdu. Başladım onun şeirlərini tərcümə etməyə, çox xoşuma gəldi.

Bir dəfə mənə Xaqanidən danışırdı. Xaqanini rusca oxumuşdu. Mən, Paşa Əlioğlu və sonra Həmid də onunla dost oldu. Bir gün mənə dedi ki, Aydın Məmmədovla görüşmək istəyirəm. Təxminən 1991-ci il idi. Aydın Məmmədovun otağına girib, “Aydın müəllim, bir nəfər var”, demək istəyirdim ki, Aydın içəri girdi. Aydın müəllim, mən filankəsəm, başladı özünü təqdim etməyə.

Düşündüm ki, Aydın Məmmədov onu otaqdan qovacaq. Ancaq düşündüyüm kimi olmadı. Elə bil psixoloq idi.

Qızla iki dəqiqə danışırdı, nə deyirdi, nə demirdi, qızı razı salırdı. Özünə çox inamlı idi. Deyirdi, sabah görüşərik, ancaq iki ay yoxa çıxırdı. Sonra Həmidlə yaxınlaşdı. Tarkovskinin fanatı idi. Standart deyildi, hər dəqiqə ondan nəsə gözləyirdin. Ya dava edəcəkdi, ya çox içəcəkdi. Ən yaxşı qızlarla tanış olmuşdu. Aydın bizim xatirimizdə heç vaxt qocalmayan dost kimi qalacaq. Darıxan insan idi.

Həmid Herisçi: “...içki aludəçiliyinin kökündə böyük faciələr dayanır”

Aydınla tanışlığımız çox əcaib məsələdir. Bildiyiniz kimi, atam Qafar Kəndli xaqanişünas idi. Aydınla tanış olduqdan sonra bildim ki, o, Xaqanin nəslindəndir. Xaqanin əmisi Kafiyəddin Ömər Aydın Əfəndinin ulu babası sayılır. Şamaxıdan, Pir Dədəgünəşdən idi. Səhv etmirəmsə orda da dəfn olunub. Dostluğumuzda bu məqam çox maraqlıdır. Atam Qafar Kəndli Xaqanini araşdırır, onunla kitablar vasitəsi ilə əlaqə qururdu. Çox qəribədir ki, mən də Xaqanin nəslindən olan istedadlı və qeyri-adi bir insanla dostluq edirdim.
Aydınla qonşu olmuşuq. Bizim bina ilə qonşu olan binada yaşayırdı. Gənc yaşlarında riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsini qazanmışdı. Bildiyim qədər onun namizədlik işi də qapalı iş idi. Çox maraqlı və mütaliəli eyni zamanda gözlənilməz insandı. Həyat tərzinə görə onu Ştirlisə bənzədirəm. Qızların sevimlisi idi və qızlarla tanış olmaq onda xüsusi qabiliyyət sayıla bilərdi.

İçkiyə qurşanmağı, içki aludəçiliyinin kökündə böyük faciələr dayanır. İndi bütün bunları danışmaq istəmirəm. Gec ailə qurmuşdu. O dünyasını dəyişəndə övladı 3-4 həftəlik idi. Bildiyimə görə yüksək dozada narkotik qəbul etdiyi üçün dünyasını dəyişib. Bizim dostluğumuzda ən maraqlı və unudulmaz məqam mənim atamın xaqanişünas, onun da Xaqanin nəslindən olmağı idi.”

Paşa Əlioğlu: “Yapon mədəniyyəti və yapon incəsənəti ilə maraqlanırdı”

Bizi Arif Əmrahoğlu tanış etmişdi. O rusca şeirlər yazırdı. Mən onun bir neçə şeirini tərcümə etdim. Sonradan o da mənim bir neçə şeirimi tərcümə elədi. Çox yaxın və ayrılmaz dostlar olmuşuq. Yaradıcılığımızda paralellər çox idi. Bizim dostluğumuz həm də ədəbi, yaradıcı dostluq sayıla bilər. Birlikdə bir telessenari, bir pyes yazmışdıq. Çox heyf ki, sonradan həmin əsərlər itib-batdı. Birlikdə çox işlər görmüşük.

Aydın Əfəndi hər zaman çoxlu kitab oxumağı ilə öyünərdi. Hər dəfə görüşündə hansı müddətə nə qədər mütaliə etməsindən danışardı. Eyni zamanda şeir oxumağı, təbiəti seyr etməyi çox sevirdi. Boş vaxtlarında yaşadığı ərazidə dolaşıb təbiəti müşahidə edirdi. Rəssamlığa və rəsm əsərlərinə böyük marağı vardı. Mən əlimə düşən rəsm albomlarını ona bağışlayırdım. Aydında qeyri-adi istedad və maraq vardı. Birlikdə “Yapon ədəbiyyatı antologiyası” hazırlamışdıq. Hətta o vaxt yaponşünas Aleksandr Dolin bizim qonağımız olmuşdu. Həmid Herisçi və Mahir Qarayevlə dostluq edirdi. Çox istedadlı və unikal adam idi. Rəssamlardan Van Qoqu çox sevirdi. Hərdən Van Qoqun tablolarındakı evlərə bənzər formada otağını dizayn edir, bizi evinə dəvət edirdi. Saatlarla rəssamlıqdan, ədəbiyyatdan danışardıq. Ədəbiyyatı çox dərindən bilirdi. Həm klassikamızı, həm də dünya ədəbiyyatını savadlı təhlil etmək qabiliyyətinə malik idi. Onunla birlikdə Van Qoq haqqında da ssenari yazmışdıq. Çox təəssüflər olsun ki, o ssenarini də itirdik. Qəribə taledir, onunla müştərək gördüyümüz işlərin çoxu ortalıqda yoxdur.

Paracanov “Aşıq Qərib” filmini çəkəndə filmin Azərbaycan dilində olması nəzərdə tutulmuşdu. Filmin mətnini yazmağı bizə həvalə etdilər. Həmid Herisçi, Aydın Əfəndi və mən qısa müddətə “Aşıq Qərib” filminə mətn yazdıq.

Anasını və doğulduğu yeri çox sevirdi. Anası da ona çox bağlı idi. Dədəgünəşdən olması, Xaqani nəslinə bağlılığı ilə öyünürdü. İçkiyə o qədər də meylli deyildi. Hərdən yığışıb şərab içərdik. Onun ölümündən çox gec xəbər tutduğum üçün, ölüm səbəbləri də mənim üçün müəmmalı qaldı. Çox gec evləndi və çox erkən, 39 yaşında dünyasını dəyişdi. Mənim xatirələrimdə Aydın Əfəndi parlaq istedadlı və etibarlı dost kimi qalıb”.

Şair Aydın Əfəndinin bir şeirini Mahir Qarayevin tərcüməsində təqdim edirəm:

Məni soruşan olsa,

deyərsən ki, yoxdu O.

De ki işə gedibdi,

de ki yoxdu... yoxdu O.

Nahara dəvətlidi, ya görüşə gedibdi,

de ki yoxdu... yoxdu O.

Yaxşı bir tamaşaya kimsə bilet veribdi,

de ki yoxdu... yoxdu O.

Çıxıbdı qarşılasın sökülən dan yerini,

de ki yoxdu... yoxdu O.

Əgər soruşan olsa,

deyərsən ki, yoxdu O -

...GEDİBDİ, QAYIDACAQ BİR DƏ MİN İL SONRA O...

Hiç yorum yok:

Yorum Gönder