8.21.2019
Yəhudi fahişə müsəlman uşağı necə xilas etdi? - RESENZİYA
Keçən əsrin 70-ci illərində ünlü fransız yazıçısı Romen Qari ciddi tənqidlərə tuş gəldiyi ərəfədə Fransada hər kəs ədəbiyyatda uğurlu addımlar atan Emil Ajardan danışırdı. Emil Ajar fransız ədəbiyyatında qəfildən peyda olsa da, tez bir zamanda parlamağı, oxucuların sevimlisinə çevrilməyi bacardı. 1975-ci ildə qələmə aldığı “Həyat irəlidədir” romanı oxucuların və tənqidçilərin diqqətini tez bir zamanda özünə çəkdi, satış rekordları qırdı. Heç kəsin tanımadığı yazıçı Emil Ajar roman çap olunduğu il ədəbiyyat sahəsində nüfuzlu mükafatlardan biri hesab olunan “Qonkur”u qazandı. Mükafatın təqdimetmə mərasiminə gəlməyən Emil Ajar vəkili vasitəsi ilə mükafatdan imtina etdiyini bildirdi. Fransız ədəbiyyatının yeni ulduzu Emil Ajar artıq hamı üçün sirli əfsanəyə çevrilmişdi.
Emil Ajar imzası əsərlərini müxtəlif imzalarla çap etdirməyi sevən Romen Qarinin növbəti imzalarından biri idi. Fisko Sinibaldi, Şatan Boqa imzaları ilə əsərlərini yayımlayan Roman Qari üçün ən uğurlu imza Emil Ajar oldu. Bu imza sayəsində o ədəbiyyat tarixində bir ilkə imza ataraq “Qonkur” mükafatını iki dəfə qazanan yeganə yazıçı kimi tarixə düşdü. Emil Ajar imzasının Roman Qariyə məxsus olduğu isə onun intiharından sonra bilindi. İntihar məktubunda Emil Ajar imzasının ona məxsus olduğunu yazan Romen Qari məktubu belə tamamlamışdı: “Salamat qalın, dostlar, çox yaxşı əyləndim”.
Romen Qari 1914-cü ildə, Vilnüsdə yəhudi ailəsində doğulmuş, sonradan ailəsi ilə birlikdə Fransaya köçmüşdü. 1956-cı ildə Romen Qari imzası ilə çap olunan “Səmanın kökləri” romanı “Qonkur” mükafatına layiq görüldü. Fransa prezidenti Şarl de Qolla dostluq münasibətləri olan Qari uzun müddət diplomatik korpuslarda çalışıb. 1959-cu ildə Amerikanın sevilən aktrisası, özündən 24 yaş kiçik Cin Siperqlə tanış olan Romen Qari elə bu qadına görə də intihar edərək həyatına son verir.
“Həyat irəlidədir”
Emil Ajar imzası ilə yazılmış, müəllifə ikinci dəfə “Qonkur” mükafatını qazandırmış “Həyat irəlidədir” romanı hələ ki dilimizə tərcümə olunmayıb. Tərcümə sahəsində bizdən xeyli öndə Türkiyədə isə bu roman çoxdan yayımlanıb. Roman türk dilinə Vivet Kanetti tərəfindən “Onca yoksulluk varken” adı ilə tərcümə olunub. Roman, həyatını faşist ölüm düşərgələrində keçirmiş, uzun müddət fahişəlik etmiş və fahişələrin uşaqlarına baxmaqla pul qazanan yəhudi qadınla onun himayəsindəki müsəlman oğlanın həyatından bəhs edir. Uzun müddət fahişəlik edən Madam Roza adlı yəhudi qadın artıq yaşlandığı üçün fahişəlik edə bilmir və öz evində fahişə uşaqlarına baxmaqla dolanışığını təmin edir. Əsərin əsas qəhrəmanı Momo-Məhəmməd isə ərəb əsilli müsəlmandır. Müəllif təkcə Madam Roza və Momonun həyatını yox, Fransada yaşayan mühacirlərin həyat hekayəsini ustalıqla qələmə alıb. Yoxsulluqdan əziyyət çəkən bu insanların əslində mənəvi cəhətdən zəngin olması, bir-birinə dəstək verərək həyatla mücadilə aparmaları əsərin ana xəttini təşkil edir.
Tənha və fədakar obrazlar
Əsərdəki bütün obrazlar tənhalıqdan əziyyət çəkir. Fahişəliyə məcbur olan mühacir qadınların uşaqlarına baxıcılıq edən Madam Roza daim qorxu ilə yaşayır. Gəncliyini alman ölüm düşərgələrində keçirən Madam Roza fahişə uşaqlarına baxmaq üçün pul alsa da, müəllif əslində Madam Rozanın pul üçün bu işi görmədiyini izah etməyə çalışır. Kiçik Momo ilə Madam Rozanın münasibətlərindən bunu çox aydın şəkildə başa düşmək mümkündür. Momonu bir müsəlman kimi yetişdirməyə söz verən Madam Roza verdiyi sözü tutur və Momoya İslamı, Quranı öyrədir. Əsərdəki hadisələr demək olar ki, kiçik Momonun dilindən nəql edilir. Momonun köhnə xalça alverçisi yəhudi əsilli Müsyö Hamillə etdiyi söhbətlər əsl insanlıq dərsidir. Romanın kiçik qəhrəmanı Momo deyir: “Viktor Hüqo kimi olmaq istərdim. Müsyö Hamil deyir ki, sözlərlə insan öldürmədən çox şeylərə nail olmaq mümkündür. Vaxt tapan kimi, bunu yoxlayacağam. Məncə silahlı insanlar uşaq vaxtı diqqətdən kənarda qaldıqları üçün silah gəzdirir. Demək onlar uşaq ikən heç kəsin diqqətini çəkməyiblər.”
“Fransız olmayan zaman...”
Günlər keçdikcə Madam Rozadan başqa heç kəsi olmayan Momo, yəhudi qadının qocalmasından, öləcəyindən qorxur. Başa düşür ki, Madam Rozadan başqa heç kəs ona sahib çıxmayacaq. Tənhalıqdan qorxan kiçik Momunun düşüncəsi, həyata baxışı, fəlsəfəsi oxucunu sarsıdır: “Özümü zamanın axışına buraxdım. Asta-asta hərəkət edən, fransız olmayan zamanın axışına. Müsyö Hamil zamanın dəvə karvanı ilə səhradan gəldiyini deyirdi tez-tez. Əbədiyyəti daşıdığı üçün tələsmirmiş. Bu fikrin deyilişi gözəldir, amma hər gün nəyini isə itirən yaşlı bir adamın üzündə bunu müşahidə eləmək çox ağırdır. Mənə qalsa, zamanı oğruların yanında axtarmaq lazımdır.”
Müəllif mühacirlərin Fransada yaşadığı ağır həyatı, yəhudilərin faşizm dönəmində çəkdiyi əziyyətləri peşəkarlıqla qələmə alıb. Yenə də kiçicik Momonu danışdırır müəllif: “Dünyada ən güclü şey polislərdir. Əgər bir uşağın atası polisdirsə, demək digər uşaqlardan ikiqat artıq atası var”.
Emil Ajarın (Romen Qari) qəhrəmanları olduqca mərhəmətli, mehriban, fədakar və səmimidir. Meşədə fahişəlik edən transseksual Madam Lola fahişəlikdən qazandığı pullarla həm özünü dolandırır, həm də Madam Rozaya və Momoya köməklik edir. Müsyö Hamil və Doktor Katz da bu kimsəsiz insanlara kömək etməyə, dəstək olmağa çalışır. Madam Roza yaşlandığı üçün həm digər uşaqlara, həm də Madam Rozaya Momo baxır. Müxtəlif vasitələrlə pul qazanıb Madam Rozaya kömək etməyə çalışır. Doktor Katz xəstəlik səbəbi ilə Madam Rozanı xəstəxanaların birinə göndərmək istəyir. Ancaq Madam Roza öz evində, rahat bir şəkildə ölmək istəyir. Momo Madam Rozaya söz verir ki, onu xəstəxanaya aparmağa imkan verməyəcək. Momo böyük çətinliklə Madam Rozanı özü üçün hazırladığı sığınağa aparır və günlərlə onun iylənmiş cəsədi ilə birlikdə yaşayır.
Oxunması vacib olan roman
Müəllif Momonun insanın qanını donduran fikirləri ilə əsəri yekunlaşdırır: “Qoxunun hardan gəldiyini öyrənmək üçün qapını sındırıb məni Madam Rozanın cəsədinin yanında uzanmış halda tapanda “kömək edin”, “necə böyük faciədir” deyib bağırmağa başladılar. Amma daha öncə bağırmaq ağıllarına gəlməmişdi, çünki həyatın qoxusu yoxdur”.
Əsərdə bəzi məqamlar oxucunu güldürməyi bacarsa da, bu gülüş müvəqqətidir. Oxucu güldüyü yerdə qəfildən gözlərinin yaşardığını hökmən hiss edir. Əsərdəki hər komik səhnənin içərisində böyük bir faciə gizlənib.
Roman Qarinin Emil Ajar imzası ilə yazdığı və 80-ci illərdə satış rekordları qıran bu roman XX əsrin ən gözəl romanlarından biridir. Təbii ki, bu mənim subyektiv fikrimdir. Ümid edirəm ki, bu əsəri əldə edib oxuyandan sonra sizlər də bu fikirlə razılaşacaqsınız. İstənilən halda bu romanı bütün ədəbiyyatsevərlərə cəsarətlə tövsiyə edirəm və oxunması vacib olan əsərlərdən biri hesab edirəm.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder