Cavan oğlan
çardaqda tək-tənha oturmuşdu. Məqsədi rəssam olmaq idi. Amma bunun üçün
bəzi, çox çətin maneələri aşması lazım idi. O da hələlik çardaqda rahatca
oturmuşdu. Zaman ötüb keçmiş, bir az yaşlanıb qocalmışdı. Saatlarla kiçik
güzgünün qarşısında dayanıb sınaq üçün öz portretini çəkməyə alışmışdı. Bir
albomu başdan ayağa bu cür şəkillərlə doldurmuş, bəzilərini bir o qədər
bəyənməmişdi.
-Bu barədə təhsilim olmadığını düşünsək, hərdən öz-özünə
danışırdı, bu şəkil əslində heç də pis deyil. Burnun yanındakı qırışlar da, düzü
çox maraqlıdır. Belə çıxır ki məndə dahilərdən bəzi əlamətlər var, ya da buna
bənzər nəsə. Sadəcə ağız kənarlarını bir az aşağıya uzadım, onda rəsm tamamilə
özünəməxsus məna daşıyacaq, əməlli-başlı
melanxolik məna.
Təəssüf ki, bir müddət sonra yenidən nəzərdən keçirəndə,
qətiyyən bəyənmirdi çəkdiyi rəsmləri. Bu yaxşılığa yozulmurdu, amma bunu
yaradıcılığında uğur hesab edir, getdikcə özündən daha yaxşı işlər gözlədiyi
qənaətinə gəlirdi.
Çardaqdakı əşyalarıyla heç də xoş və isti münasibətdə olduğu
deyilə bilməzdi, amma bu əlaqəni pis də saymaq olmazdı. Onlara insanların
böyük əksəriyyətindən nə çox, nə də az
haqsızlıq edirdi. Demək olar ki onları görmür, tanımırdı.
Bir portretini çəkməyə çalışıb, alındıra bilməyəndə, bəzən
oturub kitab oxuyurdu. Kitablardan öyrəndiyinə görə, başqaları da onun kimi
təvazökar, tanınmamış gənclər olaraq işə başlamış, daha sonra da çox məşhur
şəxslərə çevrilmişdilər. Belə kitablar üçün ürəyi gedir, bu kitablarda öz
gələcəyini oxuyurdu.
Günlərin bir günü kefsiz, ovqatı pozulmuş halda evdə oturmuş,
çox məşhur hollandiyalı rəssamın həyatına göz gəzdirirdi. Oxuduğuna görə, yaxşı
rəssam olmaq həsrəti əsil ehtiras kimi, hətta dəlilik dərəcəsində onun ruhuna
hakim kəsilibmiş. Yaxşı rəssam olmaq arzusu adamın ruhunu öz əsarətinə almışdı.
Cavan oğlan hollandiyalı rəssamla özü arasında bəzi bənzərliklər kəşf etdi.
Bənzərliklər arasında, hollandiyalı rəssamın, pis havalarda çöldə işləyə bilmədiyi
üçün, otağına çəkilib gözünə dəyən bütün əşyaların rəsmini çəkdiyini oxudu.
Məsələn, bir dəfə bir cüt başmağın, başqa səfər köhnə, əyri
bir kətilin, həsirdən hörülmüş, cırıq-sökük, oturacağı taxtadan düzəldilmiş,
kəndlilərin mətbəxdə istifadə etdiyi kreslonun rəsmini çəkmişdi. Eyni zamanda
heç kəsin üzünə baxmayacağı kreslonu elə sevgi və sədaqətlə çəkmişdi ki,
ortalığa çıxan əsər ən gözəl rəsmlərdən biri olmuşdu. Kitabın müəllifi bu həsir
kreslonun rəsmi ilə bağlı insanı duyğulandıran xoş sözlər deyirdi.
Kitabın bu yerinə çatanda cavan oğlan oxumağa ara verib,
düşünməyə başladı. Sınaqdan keçirmək istədiyi bir şey çıxmışdı qarşısına.
Dərhal qərar verdi – çünki çox tez qərarlar verə bilən biriydi – bu böyük
ustadı özünə nümunə götürəcək, ucalığa bu yolla çatmağa çalışacaqdı.
Çardaqdakı otağında sağına, soluna göz gəzdirdi və başa
düşdü ki, arasında yaşadığı əşyalara demək olar ki, baxmayıb. Həsir üzlü
oturacağı olan, kənara atılmış kreslonu əvvəlcə görə bilmədi. Başmaq-zad da yox
idi. Bundan sonra kefi bir az pozuldu, böyük adamların həyatları haqqında
oxuyarkən tez-tez qapıldığı bezginlik çökdü üzərinə. O böyük insanların
həyatında xüsusi əhəmiyyət daşıyan kiçik şeylərin, qeyri-adi tapıntıların onun
həyatında olmadığını və bunları boş yerə gözlədiyi qənaətinə gəldi.
Amma çox keçmədən ozünə gəldi, xüsusilə belə vəziyyətlərdə şan-şöhrətə
aparacaq çətin yolu inadla getmək lazım olduğunu anladı. Balaca otağındakı
bütün əşyaları bir-bir nəzərdən keçirdi, qəfildən həsir kreslonu kəşf etdi,
bundan model olaraq istifadə edə
bilərdi. Kreslonu ayağıyla çəkib özünə bir az yaxınlaşdırdı. Rəsm karandaşını
yonub, eskiz dəftərini düzlərinin üstünə qoyub həsir kreslonun rəsmini çəkməyə
başladı. Ehtiyatla çəkilən bir neçə xətt kreslonu kifayət qədər canlandıra bildi.
Bir neçə xətdən sonra kreslonun silueti açıq-aydın ortaya çıxdı. Kreslonun bir
küncündəki üçbucaq formalı tünd kölgənin sehrinə qapılıb onu rəsmdə qabarıq
təsvir etdi. Elə çaşıb qalmışdı ki, qəfildən nədənsə narahat olmağa başladı.
Uzun müddət rəsmlə məşğul olduqdan sonra dəftəri bir az uzaqlaşdırıb rəsmi
sınayıcı baxışlarla süzdü. Həsir kreslonun çox pis çəkildiyini hiss elədi.
Hirslə yeni xətt çəkdi, gözlərini əsəbi-əsəbi kresloya
dikdi. Alınmamışdı. Əsəbiləşib, küsdü.
-Ay səni iblis həsir kreslo! deyə, hövsələdən çıxıb çığırdı.
Sənin kimi kaprizli heyvanı ömrümdə görməmişəm.
Kreslo bir az cırıldadı və tövrünü pozmadan belə cavab
verdi:
-Eyy, mənə bax görüm! Nəyəmsə, oyam! Bundan sonra dəyişmək
fikirim yoxdur.
Cavan oğlan kreslonu ayağının ucu ilə itələdi. Kreslo arxaya
çəkildi. Əvvəlkindən fərqli görünürdü.
-Model sənin kimi axmaq kreslo olanda belə olmalıdır, deyə
səsini ucaltdı. Əyri-üyrü olmayan yerin yoxdur.
Həsir kreslo gülümsədi və yumşaq səslə dedi:
-Perspektiv, cavan oğlan, perspektiv!
Cavan oğlan yerindən atılıb, qışqırdı:
-Perspektiv, eləmi! İndi də kreslonun biri mənə dərs keçir!
Perspektiv mənim işimdir, sənin yox! Başa düşdünmü! Bunu yadında saxla!
Kreslo daha heç nə demədi. Gənc rəssam ağır addımlarla çardaqda
vurnuxdu. Bu arada ağacla döşəməni döyəcləməyə başladılar. Aşağıda hay-küyə
hövsələsi olmayan yaşlı bir müdrik yaşayırdı. Gənc rəssam oturdu, çəkdiyi son
portreti qarşısına qoydu. Portret xoşuna gəlmədi. Həyatda portretdəkindən daha
şevimli və maraqlı görünürdü, bu yalan deyildi. Yenidən kitabı əlinə alıb
oxumaq istədi. Kitabda hollandiyalı rəssamın kreslosu ilə bağlı başqa
məlumatlar da vardı, bu onu əsəbiləşdirirdi. Kreslo barədə özünü çox incidirdi,
onsuz da…
Cavan oğlan papağını axtardı, çölə çıxmaq istəyirdi. Uzun
müddət əvvəl rəssamlığın rahatlıqdan uzaq olduğu diqqətini çəkmişdi, bunu
xatırladı. Rəssamlıqda əzab-əziyyət, xəyal qırıqlığından başqa heç nə keçmirdi insanın əlinə və dünyanın ən
yaxşı rəssamının belə obyektlərin yalnız zahirinin rəsmini çəkməkdən başqa heç
nə gəlmirdi əllərindən. Dərinliyi sevən birinə bu peşə uyğun gəlmirdi. Lap
əvvəllər dəfələrlə olduğu kimi yenə bütün ciddiyətiylə qərara gəldi: İçindəki
köhnə arzunun arxasınca gedəcək, yazar olacaqdı.
Çardaqda tənha qalan həsir kreslo, gənc sahibinin evdən
çıxıb getməsinə kədərləndi. Halbuki, aralarında nəhayət ki, normal münasibət
yaranacağına ümid etmişdi. Arada danışmaq istəyirdi və bilirdi ki, şübhəsiz
gənc bir adama öyrədə biləcəyi qiymətli bilgilərə sahibdir. Amma təəssüf ki, bu
alınmamışdı.
Tərcümə: Cəlil
Cavanşir
Hiç yorum yok:
Yorum Gönder