5.09.2016

“Gecəyarısı uşaqları”


Uzun müddətdir ki, oxuduğum heç bir kitab məni Salman Rüşdinin "Gecəyarısı uşaqları" romanı qədər yormamışdı. Etiraf edim ki, mütaliə prosesi çox cansıxıcı və yorucu oldu. Mən sürətli, birnəfəsə mütaliəni sevirəm. Nadir hallarda bir kitabı bir neçə həftəyə oxuyuram. Adətən oxumağa başladığım kitabı qısa fasilələrlə, bir-iki günə oxuyub bitirməyə çalışıram. “Gecəyarısı uşaqları”nı çox çalışsam da bir aya tamamladım. Oxuduqca bəzən internetə baş vurmalı olduğum üçün proses uzandı. Məsələn eyni əziyyəti Jeyms Joysu, Saramaqonu, Arturo Perez-Reverteni, Kastanedanı oxuyarkən çəkmişdim. Bu qədər şikayətlərimə rəğmən qeyd edim ki, roman magik realizmin ən vacib və ən əhəmiyyətli nümunələrindən biridir. Uzun illər ətrafında yaranan şaiyələrə və qalmaqallara görə Rüşdiyə biganə yanaşdığım üçün özümü xeyli qınadım. Hesab edirəm ki, ciddi ədəbiyyatsevərlər Rüşdini hökmən oxumalı, tanımalıdır.  Rüşdi haqqında yayılan bütün əfsanələrə, bütün önyarığılara, haqqında çıxarılan ölüm hökmünə, qalmaqala meyilli olmasına baxmayaraq  o böyük yazıçıdır. Fürsət tapdıqca Rüşdinin əsərlərini əldə edib oxumaq, həm də gecikmədən oxumaq lazımdır.

4.24.2016

Sosial şəbəkə asılılığı

Virtual həyata elə aludə olmuşuq ki, bəzən özümüzü real həyatda tənha, kimsəsiz, mənasız hiss edirik. Sosial şəbəkələr artıq xəstəliyə çevrilib. İndi, sadəcə, gənclər deyil, yaşlı insanların da əksəriyyəti "sosial şəbəkə asılılığı"ndan əziyyət çəkirlər. Leksikonumuzdan salam, sağol, gözəl kimi sözlər yoxa çıxıb, yerini like, follow, unfollow, tweet, retweet sözlər tutub. Real görüşlərimizi virtual söhbətlərə qurban vermişik.

Bu günlərdə yazıçı dostlardan biriylə təbiət qoynunda çay içib söhbətləşirdik. Sosial şəbəkələrdən, onların işimizə mane olmasından danışdıq. Yazıçı dostum deyir ki, Facebook-u bircə ay deaktiv etsəm, ortaya çox samballı hekayələr çıxararam. Məlum olur ki, dostum heç bir işi olmasa da, bəzən 3-4 saat virtual aləmdə "gəzişib" yorğun düşür, yazdığı hekayələri köçürməyə belə həvəsi, bəzənsə vaxtı qalmır.

Ümumiyyətlə, bizim sosial şəbəkələrə münasibətimiz olduqca maraqlıdır. Virtual aləm bir tərəfdən işimizə yarayır; yazırıq, fikirlərimizi paylaşırıq, məhsulumuzu reklam edirik, yeni dostlar qazanırıq, yeni kəşflərdən, maraqlı icadlardan xəbər tuturuq, yeni filmlər, yeni yazılan əsərlər virtual aləmdə daha əlçatan olur, tədbirlərdən, toplantılardan, görüşlərdən xəbərimiz olur. Digər tərəfdən virtual aləm bizi geri salır; canlı ünsiyyətdən qaçırıq, real dostlara az vaxt ayırırıq, yeni əsərlər yazmırıq, yeni məhsul istehsal etmirik, virtual məkanda getməyə qərar verdiyimiz tədbirlərə getmək əvəzinə üzrxahlıq mesajı yazırıq və passivləşib özümüzə qapanırıq. Sözsüz ki, böyük əksəriyyət sadaladıqlarımdan əziyyət çəkir. Tam səmimiyyətimlə deyirəm ki, saatlarla sosial şəbəkələrdə söhbətləşmək, adicə çayxanada görüşüb çay içməyin ləzzətini vermir. Canlı söhbət, canlı ünsiyyət insanı daha çox xoşbəxt edir.

4.11.2016

..yorulmuşam...

Beş gün öncə Bakıdan döndüm.

Yaddaşımda qalan: müharibə xəbərləri, vətənpərvərlik eyforiyasına qarışmış sülh çağırışları, hər gün yuxudan birtəhər oyanıb işə getmək məcburiyyətində olan kapitalizmin qeyri-rəsmi qulları, dost-tanış, qohum-qardaş, tayfa təfəkkürünün arasında sıxışıb qalmış əzici bir tənhalıq, insanı hər tərəfli incidən, yaralayan, düşündürən məzmunsuz həyat hekayələri, yadlaşmış avtobus dayanacaqları, səfil-sərgərdan metro çıxışları, müstəqilliyini elan etmiş zirzəmi kafelər, rock xaosuna aldanmış çılğın PUB-lar, sperma və tər qoxuyan "masaj salonları", bicliyindən gicləşmiş taksi sürücüləri, ümidsiz və arzusuz köhnə dostlar, pulun bütləşdirdiyi və pulu bütləşdirmiş adamlar...

3.18.2016

Cəlil Cavanşir "İncə saat" proqramında


Milan Kundera: Nostalgiya

"Bilməmək" romanından parça...

Dönüş, yunanca “nostos” deməkdir. “Algos”, kədər mənasını verir. Yəni nostalji doyurulmamış dönüş arzusundan qaynaqlanan kədərdir. Avropalıların çoxu bu  əsas anlayışı ifadə etmək üçün yunan kökənli bir söz (nostalgie, nostalgia), sonra kökü öz milli dillərindən gələn başqa sözlərdən istifadə edə bilirlər: ispanlar “añoranza” deyir, portuqaliyalılar “saudade” istifadə edir. Bu sözlər hər dildə fərqli semantik nüans ifadə edir. Əksərən sadəcə ölkəyə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü bildirirlər; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısı. İngilis dilindəki “homesickness”, ya da alman dilindəki “Heimweh”, holland dilindəki “heimwee”. Ancaq bu böyük bir anlayışın sıxışdırılması anlamına gəlir. Ən qədim Avropa dillərindən olan island dilində iki ayrı termin istifadə edilir: “söknudur” əsasən nostalji  mənasındadır və “heimfra”  doğulub-böyüdüyü yerin həsrətidir. Çexlər yunan dilindən götürülmüş nostalji sözü ilə bərabər bu anlayışı ifadə etmək üçün “stesk” ismini və öz fellərini istifadə edilər; çex dilində ən təsirli sevgi cümləsi: “Styska se mi po tobe” – (Sənə həsrətəm, yoxluğunun acısına dözə bilmirəm) cümləsidir.

İntihar və tərəddüd

İntihar haqqında düşünən insan üçün ən pis şey özünü öldürmək deyil, bunu düşünüb həyata keçirə bilməməkdir. İntihar haqqında düşünüb intihar edə bilməmək çox iyrənc dir. Həyat alt-üst olur, çığırından çıxır intihar düşüncəsinə qapılanda. Nə içdiyimiz içkilər, nə yediyimiz təamlar, nə qoxusundan məst olduğumuz çiçəklər, nə də dəlicəsinə sevdiyimiz uşaqlar bizi ovudur.

İntihar düşüncəsinə qapıldınmı, uğursuzluq səni qarabaqara izləməyə başlayır. Hərdən qısa müddətlik uzaqlaşsanda bu düşüncələrdən, hərdən ikiəlli yapışsan da həyatın ətəyindən xilas olmaq olmur, alınmır. Bu doğuşdan lənətlənmək kimidir...

3.12.2016

Şairanə rejissor - Tarkovski



 Şairin rejissor oğlu

 Tarkovski  1932-ci ildə Rusiyada dünyaya göz açıb, 1986-cı ildə ildə qürbətdə dünyasını dəyişib.
   Filmləri ilə dünya kino tarixində silinməz iz qoyan Tarkovskinin bir filminə baxmaq kifayətdir ki, onun vəhşi istedadının cazibəsinə düşəsən. "Stalker" adlı filmi ilə tanıyıb sevdiyim bu ünlü rejissorun haqqında yazılan bir çox yazını maraqla oxumuşam. Xüsusən Adil Mirseyidin "Andrey Tarkovski - kinonun şairi" adlı yazısı Tarkovski haqqında yazılmış çox gözəl bir yazıdır. Nədənsə mənə elə gəlir ki, Tarkovski haqqında bu qədər gözəl və duyğulu bir yazını ancaq Adil Mirseyid yaza bilər. Etiraf edim ki, "Stalker" filminə də Adil Mirseyidin adıçəkilən yazısından sonra baxmışam.
   Rusiyanın tanınmış şairi Arsen Tarkovskinin ailəsində dünyaya göz açan bu qeyri-adi istedad sahibi, kinematoqrafiya sahəsində təhsil almamışdan əvvəl musiqi təhsili alıb. Eyni zamanda Tarkovskinin ərəb dilini də bilməsini onun qabiliyyətləri arasına qatsaq, ona nə üçün "kinonun şairi" deyildiyini anlamış olarıq. Tarkovski doğurdan da, şairanə rejissordur. Tarkovski Sovet İttifaqında çərçivələri dağıtmağı bacaran insanlardan biri idi. Rejim onu daim təzyiq altında saxlasa da, onun Paracanov kimi problemləri yox idi. Onu nə məhkəməyə vermiş, nə də həbsə atmışdılar