5.07.2019

Film yoxsa ədəbiyyat almanaxı? - "Ahlat ağacı" haqqında qeydlər

Nuri Bilgə Ceylanın 71-ci Kann festivalında nümayiş olunan, heç bir mükafat almasa da tamaşaçı rəğbəti görən "Ahlat ağacı" filmini izlədim.
Hələ də baxmayanlar üçün zəruri bir qeyd: Film 3 saat 8 dəqiqədir.
Film haqqında bir neçə qeydimi sizlərlə bölüşürəm.
- Film sanki bir ədəbiyyat almanaxıdır. Müxtəlif yazarlara istinadlar, göndərmələr olduqca maraqlıdır. Roman dadında film deyə bilərik. Kantdan Dostoyevskiyə, Qurani Kərimdən İbn-Ərabiyə qədər bir çox mətnlər yad edilib. Hər halda intellekt çox ciddi faktordur. Ceylan da bunu nümayiş etdirməkdən çəkinmir.
- Filmdə Yılmaz Güneyin xatırlanması xoşuma gəldi. Səhv etmirəmsə "Ümidsizlər" filmindən çox dramatik bir səhnə ilə Nuri abimiz ustada "salam göndərir."

-"Atalar və oğullar" probleminə o qədər də fərqli olmayan baxış sərgilənir. Mənim üçün yeni heç nə yox idi. Nəzərə alsaq ki, film təkcə mənim üçün çəkilməyib, deməli bu məqamlar diqqətə şayandır. Bu arada ata obrazını canlandıran Murat Cemcirin aktyorluğu çox xoşuma gəldi.
-Filmdəki dialoqlar həddindən çoxdur. Bəlkə də bu "film-roman"ın dadı-duzu bundadır. Amma 3 saatlıq fil, uzun-uzun dialoqlar məncə çoxdur. Mənim həyat dinamikama uyğun deyil. Nuri abimizin bu uzunçuluğunu da sevmirəm.
- Abimizin müqəddəs mətnlərə göndərmələri, İslama münasibəti, xüsusilə gənc imamlarla Sinanın dialoqları maraqlı idi. Amma bu dialoqlarda Ceylan yeni heç nə demir. Ən azı min ildir müzakirə olunan mövzuları tamaşaçıya xatırladır. Bu məqamda sanki Avropa tamaşaçasına xoş gəlmək cəhdləri hiss olunurdu. Bilmirəm, bəlkə də bu "festival qəlibi"nin tələbidir. Hər halda ən çox usandığım səhnələr idi.
-Rejissorun Volfqanq Petersen-ə də bir "salamı" var. Meydandakı "Troya atı" məncə buna görə var. Bu böyük ehtimalla filmin çəkildiyi məkanı xatırlatmaq üçündür.
-Sinanın dağınıq otağı mənə öz otağımı xatırlatdı. Ətrafa dağılmış kitablar Sinanın xarakterini açmaqda maraqlı priyomdur. Ümumiyyətlə ilk kitabını nəşr etdirməyə çalışan yazarın çırpınışları çox təbii və maraqlı alınıb.
- Ceylanın simvol olaraq istifadə etdiyi quyu bəlkə də filmin əsas açarıdır. Bu detalçılıq məni çox həyəcanlandırdı və düşündürdü. Eyni zamanda üz-gözünə qarışqa daraşmış uşaq, kəndir sallanan ağacın altında uzanmış İdris, Sinanın satdığı itin baxışları... Bir sözlə ölüm və həyat barədə simvolika çox maraqlı idi.
-Son səhnə olduqca təsirlidir. Deyilənə görə Ceylan bu səhnəni beş müxtəlif hava şəraitində çəkib və nədənsə qar olan səhnəyə üstünlük verib. Hər halda abimiz nə isə bilir ki, edir.
- Süleyman obrazı filmə başqa dad qatır. Hətta epizodik Xədicə obrazı da baş rol qədər maraqlıdır. Ümumiyyətlə Ceylanın bütün obrazları az qala filmin qəhrəmanıdır.
- Ceylanın filmlərinin musiqisini heç zaman bəyənməmişəm. Elə bu filmin musiqisi də xoşuma gəlmədi.
-Xülasə, 3 saat vaxtınız varsa, video.az saytından "Ahlat ağacı"nı tapıb baxın.
Sayğılar!

Hiç yorum yok:

Yorum Gönder