5.23.2019

"Belə bir gün idi" - Rudolf Otto Wiemer. Cəlil CAVANŞİRin tərcüməsində




Rudolf Otto Vimer (Rudolf Otto Wiemer) 1905-ci ildə, Fridrixrodada doğulub. Tanınmış alman şairi, nasiri və dramaturqudur. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub. 1998-ci ildə vəfat edən Vimer Azərbaycan dilinə ilk dəfə tərcümə olunur.

***

  
Xüsusi bir gündə - babam belə danışırdı və xüsusilə gözəl bir gün olduğunu əlavə edirdi – şosse yoluylala bir adam gedirdi. Qonşusunu məhkəməyə vermək üçün şəhərdəki məhkəməyə getmək istəyirdi. Quşlar oxuyur, günəş şəfəq saçır, fəqət o adam – deyəsən adı Mayer idi - fəqət babam bunu tam olaraq bilmirdi -  üzünü turşutmuşdu, çünki əsəbi və kefsiz idi. Yolda gedərkən dəfələrlə hündürdən: “onu məhkəməyə verəcəyəm, məhkəməyə verəcəyəm!” deyirdi. Elə bu məqamda haqqında danışdığı şəxslə, qonşusu ilə qarşılaşdı.


Qonşusu dayandı: “Hər vaxtın xeyir! Hara gedirsən?” deyə onu çağırdı. Mayer başını qaşıdı. Bir müddət düşündü. Sonra təəccüblə qonşusuna baxdı və “Bu... bunu mən... mən...yadımdan çıxarmışam” dedi kəkələyərək.
“Doğrudan?” dedi qonşusu, “Bəs heç olmasa orda nə edəcəyini bilirsən?”.
“Bunu hardan bilim?” – Mayer cavab verdi. “Hara getdiyimi unutmuşam.”
Haqlı idi. Ancaq qonşusu sual verməkdə davam edirdi:
“Keçən dəfə mənə yumruq silkələməyinin axırı necə oldu?”
Mayer çiynini çəkdi. Xeyir, heç nə xatırlaya bilmədi. Belə olanda ikisi də gülüşdü, əl sıxışdılar və qucaqlaşdılar. Belə bir gün idi.

O gün çox şey oldu. Məsələn, müəllim uşaqları cəzalandırmaq verəcəyi tapşırığı yadından çıxardı. Əgər vermiş olsaydı, uşaqlar onu yazmağı unudacaqdı. Uşaqlar daş atmağı və bir-birlərinin saçlarını yolmağı unutdular. Ovçu dovşan vurmağı unutdu. Tülkü balaca siçovulları yeməyi unutdu. Oğru oğurluq etməyi unutdu. Yolkəsən soyğunçuluğu, brokanyer meşəbəyinin evinin arxasında tor qurmağı unutdu. Əsgərlər müharibəni unutdu; silahlarını atıb evlərinə getdilər. Bütün küçələrdə gülüşən və bir-birini qucaqlayan, böyüklü-kiçikli, kasıb-varlı, ağlı-qaralı insanlar görünürdü.

İnsanlar indiyə qədər heç qucaqlaşmadıqlarını və bir-birlərinə qarşı kinli olduqlarını unutmuşdular. Qəribə, maraqlı bir gün idi. Gözəl bir gün. Çox təəssüf ki, tez başa çatdı. Sabahısı gün Mayer(hekayə onunla başlamışdı) qəfildən hara gedəcəyini və orda kimi məhkəməyə verəcəyini  yenidən xatırladı. İnsanlar bir-biri ilə qucaqlaşmadıqlarını və bir-birlərini xoşlamadıqlarını xatırladılar. O gündən artıq gülmürlər.

Və müəllim cəza məqsədi ilə tapşırıqlar verir. Uşaqlar daş atır və bir-birinin saçını yolur. Ovçu dovşan ovlayır. Tülkü balaca siçovulları yeyir. Oğru öz işindədir. Quldur soyğunçuluq edir. Əskərlər müharibəyə gedir. Heç kəs başqasını qucaqlamır; heç bir varlı kasıbı, heç bir ağdərili, zəncini. Çünki heç biri azacıq da olsa utanmırlar.

Hər halda hamının beynindəki pis düşüncələri unutduğu gün olmalıdır. Əks halda babam bu hekayəni danışmazdı. Orası da dəqiqdir ki, babam yaşadığı müddətdə (çox yaşayıb) bu hekayəni unutmayıb. Fəqət o bu hekayəni xüsusi olaraq bu sözlərlə tamamlayırdı: “Bəlkədə unutmaq təkbaşına mümkün deyil. Deyəsən başqa şeylər də lazımdır.”

 Amma bu “başqa”nın nə olduğunu heç vaxt demədi...

Tərcümə edən: Cəlil Cavanşir












Hiç yorum yok:

Yorum Gönder