Saat ona
qalmışdı və mən həbsxana çarpayısının üzərində uzanıb yun adyalın altında
divarı taqqıldadırdım. Qəfil kameranın içindəki lampa yanır və növbətçi müşahidə
dəliyindən içəri baxırdı. O baxanda səssizcə yatırdım.
Başlanğıcda aradabir taqqıldatmağa başladım. O da eyni
formada cavab verirdi. Səslər sanki
uzaqdan gəlirmiş kimi dərin və boğuqdu. Bir dəfə vurdum –a, iki dəfə
vurdum –b, üç dəfə vurdum –c.
Nizamsız halda divarı döyməyə başladı. Deyəsən başa
düşməmişdi. Yenidən divarı taqqıldatmağa başladım, yenə başa düşmədi.
Yüz dəfə təkrarladım, heç cür başa sala bilmirdim.
Narahatçılıqdan çıxmaq üçün alnımın tərini sildim. Bu dəfə o mənim anlamadığım
tərzdə bəzi işarələr taqqıldatdı, mənim verdiyim işarələri isə başa düşmədi. Ümidsizliyə
qapıldım.
Bəzi işarələri xüsusi vurğuyla döyəcləməyə başladı,
bunun ardınca daha boğuq taqqıltılar gəlməyə başladı. Görəsən bu Morze əlifbası
idi? Morze əlifbasını bilmirdim. Alman əlifbasında 29 hərf vardı. Hər hərfi əlifbadakı
sıra nömrəsinə uyğun taqqıldatdım: H-ı on dəfə, P-ni iyirmi dəfə.
Digər tərəfdən müxtəlif fasilələrlə taqqıltı gəldi,
heç nə başa düşmədim. Saat iki olmuşdu. Qətiyyən bir-birimizi başa düşmürdük.
Döyəcləməyə başladım:
.=a, ..b, …c
Çox asta və uzaqlardan cavab gəldi:
-. – . – ..
Deyəsən yenə
başa düşməmişdi. Amma ertəsi gün gecə qəfildən düzgün cavab verməyə başladı.
Yenə astadan amma israrlı şəkildə. Sonra başa düşülən işarələr gəlməyə başladı.
Bir dəfə taqqıldatdı. Bu A hərfi idi. Sonra saydım, on yeddi dəfə taqqıldatdı: N,
sonra soyuqqanlı şəkildə nəfəsimi tutub saydım L hərfi idi. Sonra A, Sonra D,
Sonra I, Sonra M.
…Anladım…
Adyalın altında hərəkətsiz və sevincliydim. Ağızla
deyil əllərimizlə, beyindən beyinə əlaqə qurmuşduq.
Ağlımız, Gestaponun zirzəmisində, qalın kamera
divarlarının öhdəsindən gəlmişdi. Qan tər içində idim və qurduğum əlaqədən təsirlənmişdim.
İlk insan özü haqqında məlumat vermişdi. Divarı taqqıldadıb bu mesajı verdim:
…Əla…
Dəhşətli soyuq idi. Kameranın içərisində gün ərzində
20 kilometr gəzişirdim. Bu ayda 600, doqquz ayda 5400 kilometr, təxminən Parisdən
Moskvaya qədər məsafə edirdi. Ölümlə bitəcək qədərimi kilometrlər təyin edirdi.
Dəqiq bilirdim, komissar “başımın çiynimdə qalmayacağını” demişdi.
İkinci ifadə verilmişdi və dəyişdirilməsi ehtimalı yox
idi. Ancaq K. Bu ifadəsini geri götürsə, bir ümid ola bilərdi. Gecə əlaqə
qurmağa çalışdım:
“Sən…ifadəni…geri…götürməlisən…”
Cavab verdi:
“…Niyə…”
Mən:
“Mənim…əleyhimə…ikinci…ifadə…ölüm…deməkdir…”
O:
“Bunu…bilmirdim…”
Mən:
“Burada…həqiqəti…söyləmək…üçün…danışırıq..”
O:
“Geri…götürürəm…”
Mən:
“Təşəkkür…”
O:
“Sabah…”
Mən:
“Nəyə…ehtiyacın…var…”
O:
“Qələmə…”
Mən:
“Sabah…gəzinti…vaxtı…”
Qəfildən işıqlar yandı. SS-lərin gözləri içəri zilləndi.
Səssiz şəkildə adyalın altında yatırdım. Ətraf yenidən zülmətə büründü. Gözlərim
yaşarmışdı. “Geri götürürəm”…Bunu heç zaman unutmayacağam. Çox boğuq və aramsız
taqqıltılar gəlirdi divardan. Hardansa boğuq bir səs gəlir və bu səs mənim üçün
xilasımın yolda olduğunu müjdələyirdi. Bu xilas, edam məhkumunun sadəcə beynində
mövcud idi. Digər tərəfdə, səkkizinci kamerada isə görünməyəcək qədər kiçik
idi. Sabah sözlərə çevriləcək, sonra büroda altı imzalanmış bir protakol…və
günlərin bir günü məhkəmə heyətinin qarşısına qoyulacaqdı.
“Ömrümün sonuna qədər minnətdaram, K.!”
Qələmin iti ucunu qırdım və gəzintiyə çıxanda özümlə
götürdüm. Hər zaman olduğu kimi, tanımadığım altı adam, darısqal Gestapo həyətinin
ətrafında dolaşırdı. Bizim dəhlizdə arxamızı çevirib, bir-birindən uzaq məsafədə
dayanmış üç nəfərə baxırdıq. Növbətçi arxamızca gələnədək bir neçə saniyə gözlədik.
Gizlincə səkkizinci kameraya tərəf sivişdim. Nəfəsliyi açıb qələmin ucunu içəri
atdım. Nəfəsliyi yenidən örtüb tələsik yerimə qayıtdım. Mavi gözlərinin çaşqın
baxışlarını, solğun üzünü, masanın üstünə qoyduğu qandallı əllərini heç zaman
unutmayacağam. Növbətçi küncdən çıxıb bizə tərəf gəldi. Ürəyim sinəmi yarıb
çıxacaq şəkildə döyünürdü. Kameralarımıza qayıtdıq.
Gecənin yarısı taqqıltı eşidildi:
“Təşəkkür…ifadəni…geri…götürdüm…”
Xilas olmuşdum.
Hər halda…
Günter Vaysenborn (Günther Weisenborn) 1902-ci ildə Velbertdə doğulub və 1969-cu ildə Berlində vəfat edib. Alman yazıçısı və alman müqavimət hərəkatının iştirakçısıdır. Köln, Bonn və Berlində tibb və ədəbiyyat təhsili alıb. Dramaturq, aktyor və yazıçı kimi fəaliyyət göstərib. Hakimiyyəti ələ keçirən neonasistlər onun əsərlərini qadağan etdikdən sonra W. Bohr, Christian Munk və Eberhard Ranger imzaları ilə yaradıcılığını davam etdirib. Qısa müddətlik ABŞ-a mühacirətə gedən Vaysenborn 1936-cı ildə vətəninə qayıdır və Şiller teatrında dramaturq kimi çalışmağa başlayır. Eyni zamanda nasistlərə qarşı gizli mübarizədə iştirak edir. 1942-ci ildə yazıçı həbs edilərək “Reich Court Martial” göndərilir və məhkəmə onun edamına qərar verir. Silahdaşlarından birinin ifadəsi ilə ölüm cəzası on illik həbslə əvəz olunur. 1945-ci ildə Qızıl Ordu Berlinə girdikdən sonra həbsxanadan azad edilir. “İfadə” hekayəsi Vaysenbornun həbsxanada yaşadıqlarına həsr olunub.
Müxtəlif sənədli filmlərin, teatr tamaşalarının ssenari müəllifi və rejissoru olan Vaysenborn müharibə əleyhinə mübarizə aparan alman ziyalılarının arasında ən populyarlarından biridir.
Vaysenborn anti-faşit hərəkatında göstərdiyi xidmətlərə görə müxtəlif təltiflər və mükafatlar alıb.
Keçmiş SSRİ-də nüfuz sahibi olan yazıçı 1969-cu ildə, Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə “Birinci dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif edilib.
Hiç yorum yok:
Yorum Gönder