– Məni tərk etsən, yaşaya bilmərəm. Həyatımda heç kəsi sənin qədər sevməmişəm. Bunu mənə eləmə! Getmə, Nəzrin… – Qorqud Nəzrinin ayaqlarından qucaqlayb uşaq kimi hönkürdü.
– Artıq, heç nəyi geri qaytarmaq mümkün deyil. Sənə qarşı hislərim bitib. Sən də aylardır əzab çəkirsən. Kaş sənə yalançı vədlər, tuta bilmədiyim sözlər verməzdim. İki mədəni insan kimi ayrılmağı bacarmalıyıq. Uşaq deyilsən ki…Bir az təmkinli, səbirli ol. Məni unutmağa çalış. Artıq səni sevmirəm. Mən sənin hislərinə layiq deyiləm.
– Bəs mənim həyatım necə olacaq?
– Bağışla məni. Amma sənə kömək edə bilmərəm. Gedəni saxlamaq olmaz…
Qorqud başına çəkdiyi araq şüşəsini divara çırpdı.
Aylar keçdikcə içində şiddətlənən ağrıları, sonsuz iztirabı sadəcə içkiylə sakitləşdirə bilirdi. Nəzrindən sonra hər şeyini itirmişdi. İş yerindən, evindən qovulmuş, dostlardan, qohumlardan yavaş-yavaş uzaqlaşıb içkiyə qurşanmışdı. Rahat kabinetdəki, yumşaq kreslodakı günlərini şəhərin istixanalarındakı taxtalar, parkların skamyaları əvəz etmişdi Qorqudun. Əvvəllər içib əyləndiyi kafelərdən, restoranlardan onu iti qovan kimi qovurdular. Heç kəslə danışmır, saatlarla bir nöqtəyə baxıb susur, səbəbsiz ağlayır, uzanıb bir-birinə qarışmış, aylarla su dəyməyən saç-saqqalını yolurdu. Havalar isti olanda Nəzringilin evinin qarşısında gecələyir, elə küçə itlərinin arasında yatırdı. Hava işıqlanan kimi durub dilənir, əlinə keçən qəpik-quruşla özünə içki alır, harada olduğunu, kimi düşündüyünü, niyə bu hala düşdüyünü unudana qədər içirdi. Küçələrdə rastlaşdığı bomjlar ona yaxın gəlmir, sənki hamının unutduğu bu bədbəxtdən qorxub-çəkinirdilər. Dostları dəfələrlə onu həkimə aparmış, ailəsi zorla müalicə etdirmiş, amma Qorqud ilk fürsətdə evdən qaçıb küçələrdə sığınmışdı. Ona nə psixoloq, nə psixatr, nə də iynə-dərman kömək edirdi. Kim bilir, bəlkə də qarşılıqsız sevgi onu dəli etmişdi. Amma kənardan dəli kimi görünmürdü. Etdiyi hər şeyi bilərək edir, özünə işgəncə verməklə içindəki ağrını ovudurdu. Nəzrinin şəkillərini və yazıb ona göndərmədiyi məktubları gəzdirdiyi qəhvəyi dəri çantadan başqa heç nəyi yox idi. Onu da dəfələrlə polislər əlindən almış, eşələyib gülə-gülə özünə qaytarmışdılar. Zibillikdən tapdığını geyinir, kiminsə alıb verdiyi çörəyi küçə itləri ilə bölüşürdü. Çarəsizlik, çəkdiyi iztirablar, qarşılıqsız sevgi, cavabsız suallar küçələrə salmışdı Qorqudu. Bəzən ara küçələrdə uşaqlar onu ələ salır, daşlayır, gecənin bir aləmi əylənməkdən geri dönən cavanlar səbəbiz yerə onu döyür, təhqir edirdilər. Qorqud isə israrla susurdu.
Sonuncu dəfə Nəzrinlə danışmış, daha doğrusu uşaq kimi hönkürə-hönkürə yalvarmışdı. Nəzrin bütün bu yalvarışlara, qürurunu qırıb, həyatını məhv etdiyi Qorqudun dəlicəsinə sevgisinə biganə qalmış, hər şeyə rəğmən getmişdi. Sadəcə getməklə kifayətlənməyib, öz həyatına qaldığı yerdən davam etmiş, həyatında yeni kişilər peyda olmuş, rahat və əyləncəli həyata başlamışdı. Qorqud uzaqdan-uzağa canından çox sevdiyi bu qadının hərəkətlərinə üzülmüş, qısqanclıqdan yanıb-tutuşmuş, qəzəbindən, çarəsizliyindən ağlını itirmiş, küçələrə düşmüşdü. Nəzrinin başını yaşadığı yeni macəralar, eşitdiyi bir-birindən gözəl komplimentlər, yalançı vədlər, saxta sevgilər qatırdı. Bir vaxt Qorqudun əlindən yapışıb bəxtiyar dolaşdığı küçələri indi kiminlə gəldi keçirdi. Onun üçün fərqi yox idi, yanındakı kimdir, təki macəra olsun. Onun yeni sevdalara, mənasız macəralara yelkən açması, Qorquda ziyan vurmuşdu. Nəzrin necə deyərlər, öz kefindəydi…
Qorqud bu gün Nəzrini küçədə, evlərinin qarşısında başqasıyla görmüş, qəzəbindən boğula-boğula bir siqaret yandırmış, dizi üstə çöküb başını səkiyə çırpa-çırpa ağlamışdı. Gördüyü mənzərə ona xoş günlərini, onu bir vaxtlar xoşbəxt və bəxtiyar edən qadının heç nə olmamış kimi, nazlana-nazlana yanındakı oğlanın dodaqlarından öpməsi əl-ələ sərxoş çıxdıqları kafenin qarşısında öpüşməklərini xatırlatmışdı. Yaxınlıqdakı dükandan aldığı arağı acqarına başına çəkdikcə bədəni sakitləşmiş, içindəki iztirab yüngülləşmişdi.
Qorqud gözlərinin yaşını çirkli köynəyinin qoluyla silib divara söykənib gözlərini yumdu. İndi o xəyallarında xoşbəxt idi.
***
… Gecənin bir aləmi səs-küylə maşından tökülən cavan oğlanlar Qorqudu təpikləyib oyatdılar. Qorqud narazılıqla donquldanıb ayağa qalxmaq istəyəndə, qəfildən aldığı zərbədən divara çırpıldı. Özünü toparlayıb dikəlmək istəyəndə ikinci zərbə düz ağzına dəydi. Partlamış dodaqlarını heç nə olmamış kimi silib, iki-üç dişini qanla qarışıq kənara tüpürdü. Başını qaldırıb onu səbəbsiz yerə döyən oğlanın üzünə baxdı. O idi. Gündüz Nəzrinlə öpüşüb ayrılan həmin oğlan. Baxışları bir toqquşdu. Qorqud heç nə ifadə etməyən baxışları ilə, həmin cavan oğlanın üzünə baxdı. Yanındakı sərxoş cavanlar Nəzrinin sevgilisinin qolundan tutub maşına doğru çəkdilər. Aralarında nisbətən ayıq olanı Nəzrinin sevgilisinin yaxasından yapışdı:
– Kimdi bu bədbəxt? Niyə vurursan yazığı? Tanıyırsan?
– Bu çaqqal əvvəl mənim gəzdiyim qızla sevgili olub. O vaxt bir az tanınırdı. Hörməti, zadı var idi. 4-5 ilin söhbətidir. İndi də hər yerdə qızı izləyir, əclaf.
Qorqud etiraz eləmək istəsə də, səsi çıxmadı. Nəzrinin sevgilisi dostlarının əlindən çıxıb onun üstünə cumdu. Baş verənləri yavaş-yavaş anlamağa çalışan Qorqud qasığına dəyən təpik zərbəsinin təsirindən zarıyıb aşağı çökdü, sonra yavaş-yavaş yerə yıxıldı. Nəzrinin sevgilisinin dostları ucadan gölüşüb maşına doluşdular. Maşın 10-15 metr aralanıb dayandı, Nəzrinin sevgilisi maşından düşüb yerdə uzanmış Qorquda yaxınlaşdı. Şalvarının qabağını açıb hırıldaya-hırıldaya Qorqudun üstünə işəyib, qanın və sidiyin içində zarıyan bomjun qarnına necə lazımdı bir təpik də ilişdirdi:
– Səni bir də o evin ətrafında, bizim oturduğumuz kafelərin həndəvərində görsəm, meyidini heç kəs tapa bilməyəcək! Özünə gəl, cındır!
***
Hakim hökmü oxumağa başlayanda Qorqud laqeyd şəkildə ayağa qalxdı. Onu Cinayət Məcəlləsinin 126.2.3 maddəsi üzrə, xüsusi amansızlıqla və əzab verərək sağlamlığa bilərəkdən xəsarət yetirdiyinə görə, yüngülləşdirici hallar nəzərə alınmaqla 6 il azadlıqdan məhrum edən hökmü, üzündə laqeyd təbəssümlə dinlədi. Saç saqqalını səliqə ilə kəsdirmiş, geyindiyi bahalı kostyuma uyğun bağladığı qalstuku boş bağlamışdı. Təmiz çəkmələri par-par parıldayır, ətirinin qoxusu məhkəmə salonuna yayılırdı. Yenicə qoydurduğu dişləri, iztirab çəkməkdən qocalmış üz-gözünə işıq salırdı. Zərərçəkmiş tərəfin hay-küyünə baxmayaraq, hakim qərarı sonunacan oxudu. Nəzrinin vəkili apelyasiya şikayəti verəcəyini deyib, etiraz edərək prosesi tərk etdi. Anası üz-gözü sarıqlı qızını – Nəzrini salondan çıxaranda qəzəblə Qorqudun üzünə baxdı. Qorqud qadının düz gözlərinin içinə baxıb, yenidən gülümsədi. Bu dəfə dişlərinin ağlığı daha çox nəzərə çarpırdı.
***
Qorqud yaşına yaraşmayan cəldliklə maşından atılıb, arxa qapını açdı. Qucağındakı körpəni bərk-bərk köksünə sıxmış həyat yoldaşı küləkli havadan narahat oldu:
– Qorqud, Nəzrinə soyuq olacaq.
– Narahat olma. Külək o qədər də bərk əsmir. Hava da soyuq deyil.
– Bilirsən axı, bizim Nəzrin nazlı qızdır. Tez soyuqlayır.
– Bilirəm. Nəzrinlərin hamısı nazlı olur.
– Sənə nə var e, bədənini küçələrdə bərkitmisən. Maşallah heç xəstələnmirsən.
– Hə. Küçələr məni möhkəmlədib. – Qorqud iztirabla gülümsəyib, maşının qapısını bağladı.
Parkın içərisindəki kafeyə tərəf yönələndə, səkinin üstündə oturub siqaret çəkən, üz-gözü eybəcər şəkilə düşmüş qadına diqqətlə baxdı. O idi. İllər öncə üzünə turşu atıb eybəcər hala saldığı, həyatını məhv etdiyi, bir vaxt dünyalar qədər sevdiyi qadına baxdıqca yerində donub qaldı. Hər şey kino lenti kimi gözünün qarşısından gəlib keçdi…
***
– Nə istəyirsən? 20 qəpik verdim, axı. Əl çək. – Nəzrin laqeyidliklə, bir vaxtlar Qorqudu dəli edən ədayla saçlarını əliylə daraqladı.
– Tanımadın məni? – Qorqud mağaraya bənzəyən, dişləri tökülmüş ağzını açıb az qala zarıdı.
– Hardan tanıyacam səni? Küçələr doludur sənin kimi dilənçilərlə.
– Mən Qorqudam, Nəzrin. Atıb getdiyin, həyatını məhv etdiyin adam.
– Pfff. Day denən ki, oğlanımın sındırdığı bomjsan da… – Nəzrin ürəkdən gülüb, arxasını çevirib uzalaşdı. Qorqud küçənin boş olmasından ürəklənib arxadan ona çatıb, qolundan yapışdı:
– Dayan Nəzrin. Sənə deyəcək sözüm var.
– Sənin nə sözün ola bilər ay axmaq? Deyəsən o gecəki sənə az olub. Əl çək məndən. Sənə o vaxt da başa saldım ki, sənə qarşı olan hislərim bitib. Utanmadan bu vəziyyətdə qarşıma da çıxırsan.
– Axı məni bu hala sən saldın…– Qorqud qəzəblə inildədi.
– Öz günahındı. Sevgilisindən ayrılan təkcə sənsən? Özünü bu hala salmamalıydın. Düzdür, sən yaxşı insansan. Nə vaxtsa səni sevmişəm, gözəl günlərimiz olub. Guya heç kəs səni tərk etməyib? Guya heç ayrılıq yaşamamısan? Bu nə səfehlikdir? Səni tərk edən qadını unuda bilməməyin sənin zəifliyindir. Bacarmadınsa get dilənçiliyini elə, içkini iç, küçədə yat sonra da yaxşı oğlanlar üstünə işəsinlər. Başa düş ki, mən də belə insanam. Mən bir adama sadiq qala biləcək, bir adama bağlanıb ömrünü çürüdəcək adam deyiləm. Gəncəm, gözələm. Həyatımı belə yaşamaq istəyirəm. Başa düşdün, hörmətli bomj?! – Nəzrin qolunu Qorqudun əlindən çəkmək istəyəndə, qəfildən göz-gözə gəldilər. Nəzrin onun gözlərindəki qəzəbi görüb, səsinin tonunu aşağı saldı.
– Yaxşı, nə deyəcəksən de, içindəki kini, nifrəti qus, rahatlaş.
Qorqud çiynindəki kirli çantanı, Nəzrinin gözlərinin qarşısında tutdu:
– Tanış gəlir?
– Hə, nə olsun ki? Mənim sevgililər günü hədiyyəmdir. İndi də sənin dilənçi çantan. – Nəzrin çiyinlərini çəkdi.
Qorqud çantanı açıb birlikdə çəkdirdiyi rəsmləri, ona yazdığı yalvarış dolu məktubları yerə səpələdi:
– Unuda bilmirəm səni, görürsən!!!
– Zamanla keçəcək.
– Keçmir.
– Keçəcək. Qəbul elə ki, bitdi. Sənə deyəcəyim başqa heç nə yoxdu.
– Niyə belə elədin ki, mənə? Sənə nə pisliyim dəymişdi?
– Mən belə adamam. Yəqin ömür boyu da belə olacam…– Nəzrin bu dəfə çarəsizliklə çiynlərini çəkdi.
Qorqud başını bulayıb geri çevrildi. Yerə səpələnmiş məktubları və fotoları yığıb çantaya dolduranda əli çantanın dibindəki turşu şüşəsinə toxundu. Günlərdir bu şüşədəki turşunu içib, özünü öldürmək, iztirablarına son verməyi düşünmüşdü. Qəfildən beynində ildırım kimi çaxan fikirlərin təsiriylə turşu şüşəsinin qapağını açdı. Nəzrinin arxasınca qaçıb, yenidən onun qolundan yapışdı. Nəzrin Qorqudun əlindəki şüşəyə baxıb, çaşdı. Heç nə anlamasa da, Qorqudun gözündəki vəhşi ifadə, bu dəfə onu qorxutdu. Qorqud onun düz gözlərinin içinə amansızlıqla baxırdı:
– Mən qisas alacam, Nəzrin. Sən daha heç kəslə bu cür əylənə bilməyəcəksən, başa düşdün! Sən daha heç kəsi alçalda, incidə, həyatını qaralda bilməyəcəksən. Və məni həyatı boyu xatırlayacaqsan, necəki mən də heç nəyi unutmayacam. Hər insanın içində qəddar, amansız bir vəhşi var. Bu insanın təbiətidir. Amma eyni zamanda insanın içində körpə, məsum, sözanlamaz, ovunmayan bir uşaq var. Sən o məsum uşağı öldürüb, amansız, qəddar vəhşini oyatdın. Məni bu hala sən saldın. Məni məhv elədin sən!
– Bağırma! – Nəzrin qorxmuş halda dilləndi. – Mən özümü bu cür cəzalandırıram. Həyatdı bu. Buna da alış. İmkan ver, mən də həyatımı yaşayım.
– Sən həyatını düzgün yaşaya bilmədin. Yalanlar üzərində qurdun öz həyatını. Kim bilir mənə qədər neçəsini belə incitmisən, neçəsini də incidəcəksən. Ona görə də, layiq olduğun kimi yaşayacaqsan. Verdiyin əzabın qarşılığı olaraq ömrünü iyrənc sifətinə güzgüdə baxmaqla keçirəcəksən.
Qorqud əlindəki şüşəni qaldırıb son dəfə Nəzrinin üzünə baxdı. Bir zaman sevdiyi, toxunmaqdan, öpməkdən doymadığı o simanı uşaq heyranlığı ilə seyr edib, turşunu son damlasına qədər onun üzünə çırpdı. Nəzrin yanmış üzünü əlləriylə qapadıb, yerə çökdü. Boş küçədə səs-küyə peyda olan adamlar, onlara tərəf qaçışmağa başladı. Qorqud sürətlə yolu keçib, kənardakı maşına əyləşdi. Siqaret yandırıb, göstəriş verdi:
– Əvvəl hamama, sonra paltar mağazasına, sonra da Polis Şöbəsinə…
Dostu dinməz-söyləməz maşını işə salıb, küçədən uzaqlaşdı.
Nəzrinin səsi hələ də Qorqudun qulaqlarında əks-səda verirdi…
***
Qorqud gördüyü yuxunun təsirindən diksinib ayıldı. Dəhşətdən üz gözü əyilmişdi. Divara çırpdığı araq şüşəsinin qırıqları günəşin şəfəqləri altında parıldayır, daş-qaş kimi bərq vururdu. Bir az əvvəl gördüyü yuxunun təsirindən, axşam içdiyi içkinin təsirindən başı partlayırdı. Başının altından çantasını çıxarıb eşələdi. Ehtiyat araq şüşəsi yerində idi. Butulkanın ağzını açıb başına çəkdi. Başındakı uğultuya baxmayaraq çantanı açıb gündəlik ritualın təkrarladı. Nəzrinin şəklini öpüb köksünə sıxdı, uşaq kimi hönkürdü. Kənardan ona baxan istehzalı baxışlara fikir vermədən pıçıldadı:
“Mən içimdəki vəhşinin oyanmağına imkan vermərəm Nəzrin…İçimdəki xoşbəxt, ərköyün, dəcəl uşaq öz anasının yolunu gözləyəcək hər zaman. Hətta o heç vaxt gəlməsə də…”
Hiç yorum yok:
Yorum Gönder