4.24.2016

Sosial şəbəkə asılılığı

Virtual həyata elə aludə olmuşuq ki, bəzən özümüzü real həyatda tənha, kimsəsiz, mənasız hiss edirik. Sosial şəbəkələr artıq xəstəliyə çevrilib. İndi, sadəcə, gənclər deyil, yaşlı insanların da əksəriyyəti "sosial şəbəkə asılılığı"ndan əziyyət çəkirlər. Leksikonumuzdan salam, sağol, gözəl kimi sözlər yoxa çıxıb, yerini like, follow, unfollow, tweet, retweet sözlər tutub. Real görüşlərimizi virtual söhbətlərə qurban vermişik.

Bu günlərdə yazıçı dostlardan biriylə təbiət qoynunda çay içib söhbətləşirdik. Sosial şəbəkələrdən, onların işimizə mane olmasından danışdıq. Yazıçı dostum deyir ki, Facebook-u bircə ay deaktiv etsəm, ortaya çox samballı hekayələr çıxararam. Məlum olur ki, dostum heç bir işi olmasa da, bəzən 3-4 saat virtual aləmdə "gəzişib" yorğun düşür, yazdığı hekayələri köçürməyə belə həvəsi, bəzənsə vaxtı qalmır.

Ümumiyyətlə, bizim sosial şəbəkələrə münasibətimiz olduqca maraqlıdır. Virtual aləm bir tərəfdən işimizə yarayır; yazırıq, fikirlərimizi paylaşırıq, məhsulumuzu reklam edirik, yeni dostlar qazanırıq, yeni kəşflərdən, maraqlı icadlardan xəbər tuturuq, yeni filmlər, yeni yazılan əsərlər virtual aləmdə daha əlçatan olur, tədbirlərdən, toplantılardan, görüşlərdən xəbərimiz olur. Digər tərəfdən virtual aləm bizi geri salır; canlı ünsiyyətdən qaçırıq, real dostlara az vaxt ayırırıq, yeni əsərlər yazmırıq, yeni məhsul istehsal etmirik, virtual məkanda getməyə qərar verdiyimiz tədbirlərə getmək əvəzinə üzrxahlıq mesajı yazırıq və passivləşib özümüzə qapanırıq. Sözsüz ki, böyük əksəriyyət sadaladıqlarımdan əziyyət çəkir. Tam səmimiyyətimlə deyirəm ki, saatlarla sosial şəbəkələrdə söhbətləşmək, adicə çayxanada görüşüb çay içməyin ləzzətini vermir. Canlı söhbət, canlı ünsiyyət insanı daha çox xoşbəxt edir.

4.11.2016

..yorulmuşam...

Beş gün öncə Bakıdan döndüm.

Yaddaşımda qalan: müharibə xəbərləri, vətənpərvərlik eyforiyasına qarışmış sülh çağırışları, hər gün yuxudan birtəhər oyanıb işə getmək məcburiyyətində olan kapitalizmin qeyri-rəsmi qulları, dost-tanış, qohum-qardaş, tayfa təfəkkürünün arasında sıxışıb qalmış əzici bir tənhalıq, insanı hər tərəfli incidən, yaralayan, düşündürən məzmunsuz həyat hekayələri, yadlaşmış avtobus dayanacaqları, səfil-sərgərdan metro çıxışları, müstəqilliyini elan etmiş zirzəmi kafelər, rock xaosuna aldanmış çılğın PUB-lar, sperma və tər qoxuyan "masaj salonları", bicliyindən gicləşmiş taksi sürücüləri, ümidsiz və arzusuz köhnə dostlar, pulun bütləşdirdiyi və pulu bütləşdirmiş adamlar...