1.31.2016

Yarımçıq hekayə

...- Gedəcəm.
- Bu gün get, indi get.
- İndi?
- İndi!
- Səninçün nə fərqi? Ya indi, ya sonra?
- Bu şəhər boş qalacaqsa indi qalsın...

Feyzbukda belə bir dialoqumuz olmuşdu. Bilirəm, indi çoxunuz inanmayacaqsınız, amma vallah necə var, elə yazıram.

...İnanın ki, belə də yazmışdı: “Sən getsən bu şəhər boş qalacaq”. İndi də bu sözü xatırlayanda birtəhər oluram. Elə bilirəm ki, mən kəndə köçəndən o böyüklükdə səsli-küylü şəhər bomboş qalıb. Düz deyirəm vallah, o, məni buna inandırmışdı. O gün özümü çox əhəmiyyətli bir adam hesab etmişdim. Az qala bütün şəhərə car çəkmək istəyirdim ki, baxın ha, o qadın deyir, mən getsəm sizin şəhəriniz boş qalacaq. Vallah, inanmışdım. İnanmışdım ki, mən onun həyatında ən önəmli kişiyəm. Ərindən də, qardaşından da, atasından da önəmli saymışdım özümü.

Əvvəlcə yuxusuna girmişdim, özü belə yazmışdı. Özümün də xəbərim olmadan onun yuxusuna girəndə mən şəhərdə, o isə kənddə yaşayırdı (Deyəsən, kənddə yaşayanlara şəhərdəki həyat və feyzbukdakı adamlar əlçatmaz görünür.) İnanmayacaqsınız, indi də o, mənim yuxuma girir. Axı mən indi kənddə yaşayıram. Hə, onu deyirdim axı, yuxusuna girmişdim onun. Sonra o, mənə bunu yazanda gülmüşdüm. Qəribə gəlmişdi mənə. Adam inanmır axı, gözəl qadınların yuxusuna köntöy, çirkin kişilərin girməsinə. Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü mənə yazdı ki, yuxuma girmisən. Söz tapmadım. Adam belə anlarda həqiqətən söz-zad tapmır. Qalırsan mat-məəttəl. Nə deyəsən? Bu sir-sifətlə kiminsə yuxusuna girmək yaxşı əlamət deyil. Bəlkə qorxub? Ya da diksindiyi üçün yazıb? Nə bilim, adətən gözəl qadınlar çirkin, kasıb kişilərə yazmır axı...

Panduşka (Hekayə)

Fransua Perrenə sevgilərlə…

Hörmətli redaksiya! Bu məktubu sizə şıltaq bir milyonçu qızının dəniz sahilindəki dəbdəbəli və rahat villasından yazıram. Yaşadıqlarım o qədər qəribə və maraqlıdır ki, hər şeyi sizinlə bölüşmək ehtiyacı hiss etdim. Mən “mişka” sevgisinin qurbanıyam. Başıma gələn son hadisələr o qədər qəribədir ki, nə edəcəyimi. Kimdən kömək istəyəcəyimi bilmirəm. Yaxşısı budur əhvalatı sizə nəql edim, sonrası nə ola, ola…

…Sevgililər günüydü. Yuxudan oyanıb özümə gələn kimi, yollandım şəhərin oyuncaq satılan ən böyük dükanlarından birinə. Məqsədim yüngülvarı bir hədiyyə alıb xanımın könlünü xoş etmək idi. Nədənsə xanımıma çiçək yox, oyuncaq hədiyyə etmək keçmişdi içimdən. Dükanda o baş-bu başa gəzişib normal, cibimə uyğun oyuncaq axtarırdım. Qiymətlər də maşallah, ceyran belində. Mağaza od tutub yanırdı. Gəzişə-gəzişə gəlib çıxdım mağazanın nəhəng mişkalar satılan bölməsinə. Mişkalar yan-yana düzülüb gənc qızlara gəl-gəl deyirdi...

...Mişkaların arasında dayanıb fikrə getmişdim. “İlahi, bu yekəlikdə mişkalar kimə lazımdı? Niyə gənc oğlanlar öz incə, nər-mənazik sevgililərinə belə nataraz hədiyyələr seçir?” Gözlərimi dükanın pəncərələrindən çölə dikib mişkalar haqqında laübalı xəyallara dalmışdım ki, dükanın qarşısında üç CİP dayandı. Arxadakı maşından iki yekəpər gedə düşüb qaça-qaça qabaqdakı ən bahalı CİPin qapısını açdı. Əvvəlcə səliqə-sahmanlı bir oğlan, sonra incə və lətafətli bir qız maşından düşdü. Gənclər öz aralarında danışa-danışa dükanı süzür, vitrinlərə baxırdılar...

"Döyülməyən düyüdən aş olmaz!"

Yaxşı yadımdadır, birinci sinfə kövrək qədəmlərimi basanda həmin məktəbdə idman müəllimi işləyən atam başımı tumarlayıb, alnımdan öpüb, uzun-uzun uzaqlara baxıb, köks ötürdü. Sonra qabarlı əllərini çiynimə qoyub belə dedi: "Bu ölüm-dirim savaşıdır, oğul! Gedib də dönməmək, dönüb də şey eləməmək var. Bu gündən sənin qara günlərin başlayır. Müəllimlərin səni mütəmadi olaraq döyəcək, qol-qabırğanı qıracaq, lazım gəlsə, söyəcək, amma sənə elmin sirlərini öyrədəcəklər". Cəsarətlə gözlərinin içinə baxıb: "Mən bu davaya hazıram, atacan!" - dedim. Cəsarət məsələsinə tam əmin deyiləm. Üstündən 25 il keçib, bəlkə də tumanı islatmışdım qorxumdan, dəqiq bilmirəm.

Məktəbin dəhlizinə daxil olan kimi atam yuxarı sinif şagirdlərindən birini amansız bir fəndlə qaldırıb yerə çırpdı, axı o, müəllim idi. Dəhliz boyu irəlilədikcə, qürur duyurdum. Sentyabrın ilk günü məktəbimizin dəhlizi Şaolin məbədini xatırladırdı. İlk dərs günü sevincini yaşayan müəllimlər şagirdləri amansızcasına döyür, müxtəlif güləş, sambo, şotokan fəndləri ilə onları qaldırıb yerə çırpır, eyni zamanda elmin sirlərini elə dəhlizdəcə, döyə-döyə şagirdlərə öyrədirdilər. Atam məni ibtidai sinif müəlliminə təhvil verəndə eynən belə dedi: "Əti sənin, sümüyü mənim". Müəllim razılıqla başını yelləyib,  boynumun arxasından yaxşıca bir qapaz ilişdirib mənə yerimi göstərdi. İlk dərsdəcə ortalıq qan gölünə döndü. Ağzı-burnu partlayan, qaşı yarılan, barmağı qırılan... Müəllim ağına-bozuna baxmadan bizi çırpır, eyni zamanda məktəbin faydalarından, təhsilin önəmindən, elmin dərinliklərindən danışırdı.

Biz hamımız xoşbəxt idik.

Ədəbi müstəvidə dostbazlıq

Dostum çox istedadlı, intellektual, dünyagörüşlü və möhtəşəm insandır. Çünki o, mənim dostumdur.
O yazıçıdır.
Mən də yazıçıyam.
Heyf ki, ölkədə bizdən başqa istedadlı və intellektual yazıçı yoxdur. O gün dostuma deyirəm ki, "Əgər sən nəyisə fikirləşməyə qadirsənsə, deməli, bunu gerçəkləşdirməyə də qadirsən". O da başını bulayıb deyir ki, bu, sənin fikrin deyil, Uolt Disneyin fikridir. Görün necə də istedadlıdır!

Bizdən əvvəlkilər deyingən və istedadsız qocalar, bizdən sonrakılar isə alayarımçıq istedadsız gənclərdir. Bəxtimizdən mən və dostlarım çox istedadlıyıq. Bizdən istedadlısı, həqiqətən, bu ölkədə yoxdur. Əgər olsaydı, mən, şübhəsiz ki, onların da istedadlı olduğunu etiraf edər, onların da təbliğatına vaxt ayırardım. Elə dostlarım da. Təəssüf ki, ölkədə istedadlı, intellektual, dünyagörüşlü, incə yumorlu, sərt sarkazmlı, özünəməxsus ironiyalı sənətkarlar ancaq mənim yaxın dostlarımdır.

Oxucular bizi çox sevir. Onlar ancaq bizim yazdığımız elmi-kütləvi, psixoloji-fəlsəfi məqalələri, dünya səviyyəli hekayələri, lirik ovqatlı şeirləri, postmodern təfəkkürlü romanları oxuyur. Biz birlikdə Azərbaycan ədəbiyyatının çiçəklənməsi, dünya ədəbiyyatında öz layiqli yerini əldə etməsi üçün var gücümüzlə, gecəni gündüzə qatıb xidmət edirik. Bizdən başqa ədəbiyyata xidmət edən yoxdur.

Saflığı itirmədən böyümək

Roy Jacobsenin “Möcüzə uşaq” romanı haqqında 


Uşaqların və yeniyetmələrin həyatından bəhs edən kitabları sevirəm. Mənimlə eyni yaş qrupunda olan insanların çoxunda bu marağı hiss etmişəm. Bunun yaşaya bilmədiyimiz uşaqlıqla, ehtiyac içində keçirdiyimiz yeniyetməliklə hökmən bir əlaqəsi olduğunu düşünürəm. Etiraf edək ki, bəzi kitablarda özümüzü tapdığımız üçün bu kitablar bizə doğmalaşır.

Bakıya sonuncu gəlişimdə dostumuz Şahbaz Xuduoğlunun tövsiyəsi ilə, müasir Norveç ədəbiyyatının tanınmış siması, Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilən Roy Jacobsenin “Möcüzə uşaq” romanını aldım. Bu əsər uşaqların həyatından, onların inkişafından, yetişkənliyindən bəhs edən, Norveç həyatına güzgü tutan bir ailə dramıdır. Roman dünyanın 20-dən çox dilinə tərcümə edilib, bir çox ədəbi mükafatlara layiq görülüb. “Möcüzə uşaq” romanının mərkəzində doqquz yaşında Finn, onun dul qalmış anası və ögey bacısı Linda dayanır. Roman Finnin dilindən, bir ailə dramı olaraq nəql edilsə də “arxa planda” ötən əsrin 60-cı illərinin Norveç mühiti, Oslonun kasıb məhəllələri, ehtiyac içində yaşayan insanlar, fəhlələr, həyata uduzmuş ailələr, tikinti bumu, “orta təbəqənin” yaranması, insanların kasıblıqdan rifaha doğru keçdiyi yol var.

1.20.2016

Vüsat O. Bener: “Həvva” (tərcümə)

Mənim saçlarım yumşaqdır. Həvvanın saçları keçə kimi. Anam ülgüclə iki dəfə dibindən qazıtdırdı, saçları uzansın deyə, amma uzanmadı, qısa qaldı. Burnu da elə eybəcərdir ki! Yastıburun. Eynən dərs kitablarımızdakı meymunun burnuna bənzəyir burnu. Heç sevmirəm onu. Pis, oğru.

Anam bu gün onu yaxşıca döydü. Təbii ki, döyməlidi. Qonaq otağımızdakı gözəl xalçamızı kəsib. Dəlidirmi bu? Anam: Ay qız, niyə kəsdin xalçanı? dedi. O: Quş var xalçanın içində, ağ quş. Onu çıxaracaqdı. Gördünmü quşu? Bir də “Tövbə, tövbə ana” deməyi öyrənib, dayanmadan təkrarlayır.

Bir işə yarasa, dərd yarıdır. Hardan görüb ki! Sən ona imkan ver, ora-buranı qurdalasın. Miskin. Üstəlik bacarıqsızdır. Səkkiz saata çirkli qabları yuyub qurtara bilmir. Bir də doymaq bilmir. Yaxşıdır, vallah!

Ötən gün görün nə olub. Anam qonaq getmişdi. Evdə tək qaldıq bununla. Bizim qonşu imamın oğlu Rəcəb evimizin qabağından keçdi. Dönüb bir də keçdi. Ondan sonra da evimizin qarşısındakı səkidə oturub mahnı oxumağa başladı. Necədə iyrənc səsi var. Bu da divanda oturmuşdu. Qəfildən yerindən atıldı. Qorxdum. Sonra marağımı saxlaya bilmədim, buna nə oldu deyə. Arxasınca getdim. Mətbəxə girib, pəncərəni açıb əl yellədir utanmaz. Anama deyəcəm. Onda gününü görər. Ləkəli donumu gizlətdiyim yerdən çıxarıb anama göstərməyi bilir. Nə edim. Tut ləkəsidir. Çıxmadı. O qədər əziyyət çəkdim. İnşallah, başına bir bəla gələr, canımız qurtarar. Allahım, bunu öldür.

Həsir kreslonun nağılı - Herman Hesse



Cavan oğlan çardaqda tək-tənha oturmuşdu. Məqsədi rəssam olmaq idi. Amma bunun üçün bəzi, çox çətin maneələri aşması lazım idi. O da hələlik çardaqda rahatca oturmuşdu. Zaman ötüb keçmiş, bir az yaşlanıb qocalmışdı. Saatlarla kiçik güzgünün qarşısında dayanıb sınaq üçün öz portretini çəkməyə alışmışdı. Bir albomu başdan ayağa bu cür şəkillərlə doldurmuş, bəzilərini bir o qədər bəyənməmişdi.
-Bu barədə təhsilim olmadığını düşünsək, hərdən öz-özünə danışırdı, bu şəkil əslində heç də pis deyil. Burnun yanındakı qırışlar da, düzü çox maraqlıdır. Belə çıxır ki məndə dahilərdən bəzi əlamətlər var, ya da buna bənzər nəsə. Sadəcə ağız kənarlarını bir az aşağıya uzadım, onda rəsm tamamilə özünəməxsus məna daşıyacaq, əməlli-başlı  melanxolik məna.
Təəssüf ki, bir müddət sonra yenidən nəzərdən keçirəndə, qətiyyən bəyənmirdi çəkdiyi rəsmləri. Bu yaxşılığa yozulmurdu, amma bunu yaradıcılığında uğur hesab edir, getdikcə özündən daha yaxşı işlər gözlədiyi qənaətinə gəlirdi.
Çardaqdakı əşyalarıyla heç də xoş və isti münasibətdə olduğu deyilə bilməzdi, amma bu əlaqəni pis də saymaq olmazdı. Onlara insanların böyük  əksəriyyətindən nə çox, nə də az haqsızlıq edirdi. Demək olar ki onları görmür, tanımırdı.
Bir portretini çəkməyə çalışıb, alındıra bilməyəndə, bəzən oturub kitab oxuyurdu. Kitablardan öyrəndiyinə görə, başqaları da onun kimi təvazökar, tanınmamış gənclər olaraq işə başlamış, daha sonra da çox məşhur şəxslərə çevrilmişdilər. Belə kitablar üçün ürəyi gedir, bu kitablarda öz gələcəyini oxuyurdu.

Qərənfili ağlatmaq

1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətllər, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşüb.
 Azadlıq, müstəqillik üçün ayağa qalxmış bir millətin, xalqın haqq səsinin bu şəkildə boğmaq, Sovet hərb maşını üçün yenilik deyildi.  “20 yanvar” faciəsi əslində 18-ci ilin aprel işğalının, 1937-ci il hadisələrinin, Almaniyanın məğlubiyyətindən sonra baş verən qətliamların və iyrəncliklərin, Baltikyanı ölkələrin işğalının, Macarıstan və  Çexoslovakiya hadisələrinin məntiqi davamı idi.