5.07.2019

"İnsanın dəyəri" filmi haqqında qeydlər

Kapitalist sistemi tənqid edən, onun iyrənc tərəflərini göstərən filmlər və kitablar hər zaman diqqətimi çəkir. Bunu sənətlə birləşdirib təqdim edən filmlər və kitablar daha çox maraqlı və lazımlıdır. Boş şüarçılıq şəxsən mənim üçün maraqsızdır.
"İnsanın dəyəri" filmində rejissor Stefan Brize mövcud sistemin, kapitalist düzənin, iqtisadi çətinliklərin fonunda insan hekayələrini təqdim edir. Kann Film Festivalında 2 mükfat almış bu film, aldığı mükafatlara tam layiqdir.
***
Filmin qəhrəmanı Tierrinin(Vinsent London) başına gələnlər bəlkə də çoxumuzun başına gəlib, ya da tezliklə buna bənzər şeyləri yaşayacağıq.
Stefan Brize sistemi, kapitalizmi çox sadə insanların həyatı fonunda ifşa edir. Bu detal mənim çox xoşuma gəldi. Böyük holdinqlər, o holdinqdə çalışan böyük vəzifə sahiblərinin həytı ilə empati qurmağımız çətindir. Məhz bu cür sadə qəhrəmanlarla buna nail olmaq, sistemin çürüklüyünü göstərmək daha məqbuldur.

***
Tierri iş axtarır. Dövlət isə onu səhv kursa göndərir. Yaşı artdıqca onun iş tapmaq şansları da azalır. Müxtəlif təlimlərə qatılır. Çalışır, çabalayır. Amma ortalıqda heç nə yoxdur. İş tapması üçün özünü "satmağı" bacarmalıdır. Bu mümkün olmadıqda isə kapitalizm dünyasının bir işçisi olmaq qeyri-mümkündür. Amma Tierrinin ailəsi var. Ağlını itirmədən onların qarşısındakı öhdəliklərini yerinə yetirməlidir.
İşə girdikdən sonra qarşılaşdığı reallıqlar daha amansızdır. Onun kimi insanlar hər yerdə çətinlik çəkir. Şirkət(dolayısıyla sistem, kapitalizm) hər zaman haqlıdır və cəzalandırmaq onun işidir.
Tierri rejimin, sistemin dəyişməyəcəyini anlayır və öz hekayəsi ilə bizlərə də başa salır ki, bu sistemdə, bu rejimdə ən dəyərsiz varlıq insandır.
***
Supermarket səhnələri bir-birini əvəz etdikcə, insanın dəyərsizliyi daha da bariz görünür. Mühafizəçilərdən birinin "Bütün müştərilər poetinsal oğrudur" replikası əslində dəyərlərin tamamən çökdüyünü sübut edir.
Sistem insanları bir tikə çörəyə möhtac vəziyyətə saldıqdan sonra amansızcasına istismar edir. Kütlə fərqində olmasa da, gec-tez bu taleyi yaşayacaq və yaşayır. Bu dəyirman hamını üyüdür. Əgər bir gün Tierri kimi üsyan etməyi bacarmırsınızsa...
***
Filmdə dialoqlar çox olsada, sıxıcı deyildi. Üstəlik yaxın plandan çəkilişlər, musiqi, kameranın tamaşaçıya işləməsi maraqlı idi. Sözsüz ki, baş rolun ifaçısı Vinsent Londonun aktyorluğu mükafata layiq idi. Kannda aldığı "Ən yaxşı aktyor" mükafatına layiq performansı ilə Vinsent London bu filmin bütün yükünü az qala təkbaşına daşıyır. Bəzən mimikaları, jestləri ilə böyük məsələləri izah edir.
Stefan Brizenin bu filmində hər kəs müəyyən qədər özünü tapacaq, təbii ki, axtarmağı bacarsa...

Hiç yorum yok:

Yorum Gönder