1.31.2016

Ədəbi müstəvidə dostbazlıq

Dostum çox istedadlı, intellektual, dünyagörüşlü və möhtəşəm insandır. Çünki o, mənim dostumdur.
O yazıçıdır.
Mən də yazıçıyam.
Heyf ki, ölkədə bizdən başqa istedadlı və intellektual yazıçı yoxdur. O gün dostuma deyirəm ki, "Əgər sən nəyisə fikirləşməyə qadirsənsə, deməli, bunu gerçəkləşdirməyə də qadirsən". O da başını bulayıb deyir ki, bu, sənin fikrin deyil, Uolt Disneyin fikridir. Görün necə də istedadlıdır!

Bizdən əvvəlkilər deyingən və istedadsız qocalar, bizdən sonrakılar isə alayarımçıq istedadsız gənclərdir. Bəxtimizdən mən və dostlarım çox istedadlıyıq. Bizdən istedadlısı, həqiqətən, bu ölkədə yoxdur. Əgər olsaydı, mən, şübhəsiz ki, onların da istedadlı olduğunu etiraf edər, onların da təbliğatına vaxt ayırardım. Elə dostlarım da. Təəssüf ki, ölkədə istedadlı, intellektual, dünyagörüşlü, incə yumorlu, sərt sarkazmlı, özünəməxsus ironiyalı sənətkarlar ancaq mənim yaxın dostlarımdır.

Oxucular bizi çox sevir. Onlar ancaq bizim yazdığımız elmi-kütləvi, psixoloji-fəlsəfi məqalələri, dünya səviyyəli hekayələri, lirik ovqatlı şeirləri, postmodern təfəkkürlü romanları oxuyur. Biz birlikdə Azərbaycan ədəbiyyatının çiçəklənməsi, dünya ədəbiyyatında öz layiqli yerini əldə etməsi üçün var gücümüzlə, gecəni gündüzə qatıb xidmət edirik. Bizdən başqa ədəbiyyata xidmət edən yoxdur.


Deyilənə görə, ölkəmizdə ədəbiyyatla məşğul olan həmyaşıdlarımız olduqca istedadsız və savadsızdır. Şəxsən mən ancaq dünya ədəbiyyatını və dostlarımın qələmə aldığı şedevrləri oxuduğum üçün bu barədə dəqiq fikir yürüdə bilmərəm. Eşitdiyimə görə, başqaları da öz dostlarını bu cür canfəşanlıqla təbliğ edir. Amma onlar istedadlı deyil, çünki onlar mənim dostum deyil. Əminəm ki, onların oxumadığım əsərləri bayağı söz yığınından ibarət, maraqsız və həqiqi ədəbiyyat üçün yararsızdır. Əfsus ki, onlar utanıb-qızarmadan ədəbiyyatla məşğul olur, özlərini yazar hesab edirlər. Belələri çoxdur.

Əlbəttə, bizim xalq şair xalqdır. Ona görə də hər şeir qoşan özünü şair, hər hekayə-mekayə yazan özünü yazıçı hesab edir. Mənim dostlarım isə həqiqi istedad sahibləridir. Ağlınız başqalarına getməsin, yalnız onların təbliğ olunmağa, müzakirə edilməyə, ədəbiyyatdan danışmağa, müsahibə verməyə, efirə çıxmağa haqqı çatır. Başqaları qoy gözləsin. Axı başqaları mənim dostum deyil!

Mənim dostum istedadlıdır, çünki biz dostuq. Alman filosof Nitsşenin sözü olmasın, "Dostunu göstər, sənin kim olduğunu deyim". Əgər Nitsşe də mənim dostumu tanısaydı, mənim də istedadlı və intellektual olduğuma şəhadət verərdi. Ya da əksinə, məni tanısaydı, dostumun da istedadlı olduğuna əmin olardı. Siz Nitsşe oxumamısınız, hardan biləcəksiniz belə dərin söhbətləri?

Dostlarıma tez-tez deyirəm: Məndən qabaqda getməyin, mən sizin arxanızca gedə bilmərəm. Məndən arxada gəlməyin, mən sizdən qabaqda gedə bilmərəm. Məndən yaxşı yazmayın, məndən yaxşı yaza bilməzsiniz. Mənimlə yanaşı addımlayın, mənim dostum olun və mənim kimi yazın! Onlar da mənə deyirlər ki, başqalarının fikrinin böyür-başını düzəldib, bizə sırıma. Amma mən yenə də Albert Ceymsin fikirlərini bir az dəyişdirib, onlarla intellektual söhbət edirəm.

Bizim mehriban dostluğumuz bəzi insanları qıcıqlandırır, axı onların dostları da, özləri də istedadlı deyil. Volter deyir ki, "İstəyirəm mən dostumu təriflədiyim qədər, o da məni tərifləsin". Yerində deyilmiş deyimdir.

Bir hind atalar sözündə deyilir ki, dostumun dostu mənim də dostum ola bilər. Ya da düşmənimin düşməni çox bekar adamdır.

Nə isə, söhbət ondan gedir ki, mənim dostlarım çox istedadlıdır.

P.S: Siz qızla oğlanın dostluğuna inanırsınız?

milli.az

Hiç yorum yok:

Yorum Gönder