9.25.2019

Dünyanı heyrətə salan əlil sosialist

Amerikalı rejissor Artur Penin 1962-ci ildə çəkdiyi, iki “Oskar” almış “Qaranlığın içindən” (Orjinal adı: The Miracle Worker) filminə sona qədər baxmaq üçün insanın əsəb sistemi çox sağlam olmalıdır. Amerikalı pedaqoq, aktivist, yazar Helen Kellerin həyatından bəhs edən bu filmi emosiyasız, göz yaşı axıtmadan izləmək mümkün deyil. Film haqqında çox danışmaq istəmirəm. Bilirəm ki, kino həvəskarları indiyəcən baxıb və ya mütləq baxacaq. Bu yazıda Helen Kellerdən - əsl əzmkarlıq abidəsi hesab edilə biləcək insan haqqında danışmaq istəyirəm.

9.11.2019

Ölüm məddahı Sadiq Hidayət və onun “Kor Bayquş” romanı


Sadiq Hidayətin ölüm sevdalı həyatı

Parisdə Marna çayına özünü atanda iyirmi beş yaşında idi. Körpünün altında sevişən cütlük onu xilas etməsəydi, dünya ədəbiyyatı çox önəmli yazıçısını qazanmamış itirəcəkdi. Aradan iyirmi üç il keçəndən sonraa yenə də Parisdədir. Bu dəfə günlərlə qaz xətti olan mənzil axtarır. Şapionne küçəsində axtardığı evi tapır və kirayələyir. 1951-ci il aprel ayının doqquzunda kirayələdiyi evə qapanır, evin bütün dəlmə-deşiklərini bağlayıb qazı açır və…
Dostu onu tapanda evin mətbəxində, döşəmədə uzanmışdı. Üzünü səliqə ilə təraş etmiş, ən gözəl paltarlarını geyinmişdi. Cibində kifayət qədər pulu, yanında yandırdığı əlyazmaların külü vardı. Parisdəki ilk intihar cəhdində xilas edilən İran ədəbiyyatının ustad müəlliflərindən biri Sadiq Hidayət, həmin şəhərdə həyatına son verməyi bacarmışdı…

9.06.2019

Şeytana uymuş adamlar - RESENZIYA



Yaşar Bünyadın “İblis busəsi” romanı haqqında qeydlərim

Azərbaycanda ədəbiyyatın, sözün, sənətin vəziyyəti məlumdur. Bu barədə uzun-uzadı danışmaq əlavə vaxt itkisidir. Ayıq-sayıq oxucu üçün müasir ədəbiyyatımızın mənzərəsi sosial şəbəkələrdən, ədəbiyyat saytlarından, jurnal, qəzet, qəzet əlavələrindən çox aydın göründüyü üçün, dərinə getməyə hacət görmürəm. Şayət, günümüzün ədəbiyyatını yaradanlar da, yaratdığını iddia edənlər də ortadadır. Ədəbi tənqidçilərin,  sənətdən, ədəbiyyatdan yazan bloggerlərin də işi də ortadadır. Məsələn, son on dövrlərdə oxuduum bu tipli mətnlərə qas-qas gülmüşəm. Tənqidçilərin kimlərə və hansı səbəbdən “maya qoyması”, kimləri hədəfə çevirməsi və gözdən salmağa çalışması mənə gün kimi aydındır. Ümid edirəm oxucular da bu məsələlərdən halidir.  
Hərdən düşünürəm ki, ədəbi mühitdəki dost çevrələri, imtiyazlı, imkanlı, vəzifəli yazarların ətrafında toplanan istedadlı qələm adamları, ədəbi mətbuat ətrafındakı hiyləgər gözəgirənlik cəhdləri olmasa yaranan və işıq üzünə çıxan ədəbi nümunələrdən xəbərsiz qalarıq. Niyə? Ona görə ki, yeni çıxan kitablar haqqında sistemli təqdimat yazıları yazan bloggerlərimiz, yeni nəsrimizi və poeziyamızı ürəklə, vicdanla, peşəkarlıqla təhlil edən, ədəbi prosesə hərəkət verən tənqidçilərimiz yoxdur. Heç kəsin əməyini yerə vurmaq istəməzdim, amma mənzərə göz önündədir. Az qala oxuduğum bütün yazıların, paylaşılan hər xəbərin, çap olunan “şeirlərin”, efirə çıxan, müsahibə verən şairlərin, yazıçıların, ədiblərin arxasında nələrin, kimlərin, nə qədərin dayandığını hiss edə bilirəm. Eyni zamanda dəqiq bildiyim çox nəsnələr var ki, onları münasib bir vaxtda, ömür vəfa edərsə marağı olanlarla bölüşəcəm.