5.09.2016

“Gecəyarısı uşaqları”


Uzun müddətdir ki, oxuduğum heç bir kitab məni Salman Rüşdinin "Gecəyarısı uşaqları" romanı qədər yormamışdı. Etiraf edim ki, mütaliə prosesi çox cansıxıcı və yorucu oldu. Mən sürətli, birnəfəsə mütaliəni sevirəm. Nadir hallarda bir kitabı bir neçə həftəyə oxuyuram. Adətən oxumağa başladığım kitabı qısa fasilələrlə, bir-iki günə oxuyub bitirməyə çalışıram. “Gecəyarısı uşaqları”nı çox çalışsam da bir aya tamamladım. Oxuduqca bəzən internetə baş vurmalı olduğum üçün proses uzandı. Məsələn eyni əziyyəti Jeyms Joysu, Saramaqonu, Arturo Perez-Reverteni, Kastanedanı oxuyarkən çəkmişdim. Bu qədər şikayətlərimə rəğmən qeyd edim ki, roman magik realizmin ən vacib və ən əhəmiyyətli nümunələrindən biridir. Uzun illər ətrafında yaranan şaiyələrə və qalmaqallara görə Rüşdiyə biganə yanaşdığım üçün özümü xeyli qınadım. Hesab edirəm ki, ciddi ədəbiyyatsevərlər Rüşdini hökmən oxumalı, tanımalıdır.  Rüşdi haqqında yayılan bütün əfsanələrə, bütün önyarığılara, haqqında çıxarılan ölüm hökmünə, qalmaqala meyilli olmasına baxmayaraq  o böyük yazıçıdır. Fürsət tapdıqca Rüşdinin əsərlərini əldə edib oxumaq, həm də gecikmədən oxumaq lazımdır.