4.27.2019

Səni çoxdan unutmuşam... - YENİ ŞEİR

bir gün gəlib deyəcəksən:
"məni unutmusanmı?"
sözün düzü unutmuşam, niyə xatırlayım ki?
gör heç səndən soruşuram:
"mənsiz darıxmısanmı?"
sən ki soyuqqanlı idin, niyə darıxasan ki?
inanırsan, gözlərin də daha yadıma düşmür.
hansı ayın, hansı günü gül almışdın sən mənə?
allah haqqı əllərin də daha yuxuma girmir
heç insan da qəddarlıqla daş basarmı qəlbinə?
inanmazsan,
indi desəm sevgilim var, gülərsən.
səni başqa bədənlərdə unuduram mən yazıq
heç bilmirəm hansı ayın neçəsi,
biz səninlə hansı filmə baxmşıq.

4.09.2019

Elina - YENİ ŞEİR

İntihar etmiş 14 yaşlı Elina Hacızadənin ruhuna...

Elina,
şeirlər yağır səmadan
kirlənməmiş küçələrə.
qarşımızı kəsən barrikadalarda,
ölüm sükutuyla susan üzlər,
kirlilər və təmizlər,
və bizlər,
sabaha ümidsizcə yürüyən şairlər...

Elina,
şeirlər yağır küçələrə,
şeir yağışı...
susur bir ana naləsi, dinir bir ana qarğışı.
və tanrının qarışıqdır başı.
ya kimsə onu aldadır,
ya da dualar yoldadır.
ölüm hər addımbaşı arxamdadır.
şeir kirlənmiş üzləri yumur, isladır.
hər kəs öz azadlığı,
öz ümidi boydadır...