4.09.2019

Elina - YENİ ŞEİR

İntihar etmiş 14 yaşlı Elina Hacızadənin ruhuna...

Elina,
şeirlər yağır səmadan
kirlənməmiş küçələrə.
qarşımızı kəsən barrikadalarda,
ölüm sükutuyla susan üzlər,
kirlilər və təmizlər,
və bizlər,
sabaha ümidsizcə yürüyən şairlər...

Elina,
şeirlər yağır küçələrə,
şeir yağışı...
susur bir ana naləsi, dinir bir ana qarğışı.
və tanrının qarışıqdır başı.
ya kimsə onu aldadır,
ya da dualar yoldadır.
ölüm hər addımbaşı arxamdadır.
şeir kirlənmiş üzləri yumur, isladır.
hər kəs öz azadlığı,
öz ümidi boydadır...


sizlər,
ey, sizi deyirəm, sizlər
sizin günahınızı şeir deyil, qan təmizlər.
ey günahkar şəhərin sərsəri şairləri
şeir yuya bilməz içinizdəki kədəri,
siz yaşayan şəhərdə çoxalır uşaq qəbirləri
şeir belə xilas etmir sizləri...
şeir xilas etmir bizləri...

Elina,
şairlər ölür tənha gecələrdə,
şeirlər yağır küçələrə
gecənin qaranlığında nə günah işlənir, nə savab
Siz susun,
siz yatın,
siz için
inqilabı gözləməyin küçələrdə
siz olmadan da başlayar inqilab!



Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib.

Hiç yorum yok:

Yorum Gönder