5.09.2016

“Gecəyarısı uşaqları”


Uzun müddətdir ki, oxuduğum heç bir kitab məni Salman Rüşdinin "Gecəyarısı uşaqları" romanı qədər yormamışdı. Etiraf edim ki, mütaliə prosesi çox cansıxıcı və yorucu oldu. Mən sürətli, birnəfəsə mütaliəni sevirəm. Nadir hallarda bir kitabı bir neçə həftəyə oxuyuram. Adətən oxumağa başladığım kitabı qısa fasilələrlə, bir-iki günə oxuyub bitirməyə çalışıram. “Gecəyarısı uşaqları”nı çox çalışsam da bir aya tamamladım. Oxuduqca bəzən internetə baş vurmalı olduğum üçün proses uzandı. Məsələn eyni əziyyəti Jeyms Joysu, Saramaqonu, Arturo Perez-Reverteni, Kastanedanı oxuyarkən çəkmişdim. Bu qədər şikayətlərimə rəğmən qeyd edim ki, roman magik realizmin ən vacib və ən əhəmiyyətli nümunələrindən biridir. Uzun illər ətrafında yaranan şaiyələrə və qalmaqallara görə Rüşdiyə biganə yanaşdığım üçün özümü xeyli qınadım. Hesab edirəm ki, ciddi ədəbiyyatsevərlər Rüşdini hökmən oxumalı, tanımalıdır.  Rüşdi haqqında yayılan bütün əfsanələrə, bütün önyarığılara, haqqında çıxarılan ölüm hökmünə, qalmaqala meyilli olmasına baxmayaraq  o böyük yazıçıdır. Fürsət tapdıqca Rüşdinin əsərlərini əldə edib oxumaq, həm də gecikmədən oxumaq lazımdır.

4.24.2016

Sosial şəbəkə asılılığı

Virtual həyata elə aludə olmuşuq ki, bəzən özümüzü real həyatda tənha, kimsəsiz, mənasız hiss edirik. Sosial şəbəkələr artıq xəstəliyə çevrilib. İndi, sadəcə, gənclər deyil, yaşlı insanların da əksəriyyəti "sosial şəbəkə asılılığı"ndan əziyyət çəkirlər. Leksikonumuzdan salam, sağol, gözəl kimi sözlər yoxa çıxıb, yerini like, follow, unfollow, tweet, retweet sözlər tutub. Real görüşlərimizi virtual söhbətlərə qurban vermişik.

Bu günlərdə yazıçı dostlardan biriylə təbiət qoynunda çay içib söhbətləşirdik. Sosial şəbəkələrdən, onların işimizə mane olmasından danışdıq. Yazıçı dostum deyir ki, Facebook-u bircə ay deaktiv etsəm, ortaya çox samballı hekayələr çıxararam. Məlum olur ki, dostum heç bir işi olmasa da, bəzən 3-4 saat virtual aləmdə "gəzişib" yorğun düşür, yazdığı hekayələri köçürməyə belə həvəsi, bəzənsə vaxtı qalmır.

Ümumiyyətlə, bizim sosial şəbəkələrə münasibətimiz olduqca maraqlıdır. Virtual aləm bir tərəfdən işimizə yarayır; yazırıq, fikirlərimizi paylaşırıq, məhsulumuzu reklam edirik, yeni dostlar qazanırıq, yeni kəşflərdən, maraqlı icadlardan xəbər tuturuq, yeni filmlər, yeni yazılan əsərlər virtual aləmdə daha əlçatan olur, tədbirlərdən, toplantılardan, görüşlərdən xəbərimiz olur. Digər tərəfdən virtual aləm bizi geri salır; canlı ünsiyyətdən qaçırıq, real dostlara az vaxt ayırırıq, yeni əsərlər yazmırıq, yeni məhsul istehsal etmirik, virtual məkanda getməyə qərar verdiyimiz tədbirlərə getmək əvəzinə üzrxahlıq mesajı yazırıq və passivləşib özümüzə qapanırıq. Sözsüz ki, böyük əksəriyyət sadaladıqlarımdan əziyyət çəkir. Tam səmimiyyətimlə deyirəm ki, saatlarla sosial şəbəkələrdə söhbətləşmək, adicə çayxanada görüşüb çay içməyin ləzzətini vermir. Canlı söhbət, canlı ünsiyyət insanı daha çox xoşbəxt edir.

4.11.2016

..yorulmuşam...

Beş gün öncə Bakıdan döndüm.

Yaddaşımda qalan: müharibə xəbərləri, vətənpərvərlik eyforiyasına qarışmış sülh çağırışları, hər gün yuxudan birtəhər oyanıb işə getmək məcburiyyətində olan kapitalizmin qeyri-rəsmi qulları, dost-tanış, qohum-qardaş, tayfa təfəkkürünün arasında sıxışıb qalmış əzici bir tənhalıq, insanı hər tərəfli incidən, yaralayan, düşündürən məzmunsuz həyat hekayələri, yadlaşmış avtobus dayanacaqları, səfil-sərgərdan metro çıxışları, müstəqilliyini elan etmiş zirzəmi kafelər, rock xaosuna aldanmış çılğın PUB-lar, sperma və tər qoxuyan "masaj salonları", bicliyindən gicləşmiş taksi sürücüləri, ümidsiz və arzusuz köhnə dostlar, pulun bütləşdirdiyi və pulu bütləşdirmiş adamlar...

3.18.2016

Cəlil Cavanşir "İncə saat" proqramında


Milan Kundera: Nostalgiya

"Bilməmək" romanından parça...

Dönüş, yunanca “nostos” deməkdir. “Algos”, kədər mənasını verir. Yəni nostalji doyurulmamış dönüş arzusundan qaynaqlanan kədərdir. Avropalıların çoxu bu  əsas anlayışı ifadə etmək üçün yunan kökənli bir söz (nostalgie, nostalgia), sonra kökü öz milli dillərindən gələn başqa sözlərdən istifadə edə bilirlər: ispanlar “añoranza” deyir, portuqaliyalılar “saudade” istifadə edir. Bu sözlər hər dildə fərqli semantik nüans ifadə edir. Əksərən sadəcə ölkəyə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü bildirirlər; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısı. İngilis dilindəki “homesickness”, ya da alman dilindəki “Heimweh”, holland dilindəki “heimwee”. Ancaq bu böyük bir anlayışın sıxışdırılması anlamına gəlir. Ən qədim Avropa dillərindən olan island dilində iki ayrı termin istifadə edilir: “söknudur” əsasən nostalji  mənasındadır və “heimfra”  doğulub-böyüdüyü yerin həsrətidir. Çexlər yunan dilindən götürülmüş nostalji sözü ilə bərabər bu anlayışı ifadə etmək üçün “stesk” ismini və öz fellərini istifadə edilər; çex dilində ən təsirli sevgi cümləsi: “Styska se mi po tobe” – (Sənə həsrətəm, yoxluğunun acısına dözə bilmirəm) cümləsidir.

İntihar və tərəddüd

İntihar haqqında düşünən insan üçün ən pis şey özünü öldürmək deyil, bunu düşünüb həyata keçirə bilməməkdir. İntihar haqqında düşünüb intihar edə bilməmək çox iyrənc dir. Həyat alt-üst olur, çığırından çıxır intihar düşüncəsinə qapılanda. Nə içdiyimiz içkilər, nə yediyimiz təamlar, nə qoxusundan məst olduğumuz çiçəklər, nə də dəlicəsinə sevdiyimiz uşaqlar bizi ovudur.

İntihar düşüncəsinə qapıldınmı, uğursuzluq səni qarabaqara izləməyə başlayır. Hərdən qısa müddətlik uzaqlaşsanda bu düşüncələrdən, hərdən ikiəlli yapışsan da həyatın ətəyindən xilas olmaq olmur, alınmır. Bu doğuşdan lənətlənmək kimidir...

3.12.2016

Şairanə rejissor - Tarkovski



 Şairin rejissor oğlu

 Tarkovski  1932-ci ildə Rusiyada dünyaya göz açıb, 1986-cı ildə ildə qürbətdə dünyasını dəyişib.
   Filmləri ilə dünya kino tarixində silinməz iz qoyan Tarkovskinin bir filminə baxmaq kifayətdir ki, onun vəhşi istedadının cazibəsinə düşəsən. "Stalker" adlı filmi ilə tanıyıb sevdiyim bu ünlü rejissorun haqqında yazılan bir çox yazını maraqla oxumuşam. Xüsusən Adil Mirseyidin "Andrey Tarkovski - kinonun şairi" adlı yazısı Tarkovski haqqında yazılmış çox gözəl bir yazıdır. Nədənsə mənə elə gəlir ki, Tarkovski haqqında bu qədər gözəl və duyğulu bir yazını ancaq Adil Mirseyid yaza bilər. Etiraf edim ki, "Stalker" filminə də Adil Mirseyidin adıçəkilən yazısından sonra baxmışam.
   Rusiyanın tanınmış şairi Arsen Tarkovskinin ailəsində dünyaya göz açan bu qeyri-adi istedad sahibi, kinematoqrafiya sahəsində təhsil almamışdan əvvəl musiqi təhsili alıb. Eyni zamanda Tarkovskinin ərəb dilini də bilməsini onun qabiliyyətləri arasına qatsaq, ona nə üçün "kinonun şairi" deyildiyini anlamış olarıq. Tarkovski doğurdan da, şairanə rejissordur. Tarkovski Sovet İttifaqında çərçivələri dağıtmağı bacaran insanlardan biri idi. Rejim onu daim təzyiq altında saxlasa da, onun Paracanov kimi problemləri yox idi. Onu nə məhkəməyə vermiş, nə də həbsə atmışdılar

3.11.2016

Mikayılnamə

Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının yerli televiziyalarda yayımlanan bəzi proqramlarla bağlı qadağası bəziləri kimi məni də sevindirmişdi. Düşünürdüm ki, efirlərimizdə bayağılığın, şou əhval-ruhiyyəsinin yerini maarifləndirici  ovqat, intellektual, ciddi proqramlar tutacaq. Səd əfsus ki, Mikayılın yerini tatanlar da öz bayağılığı ilə ondan seçilməyənlər oldu. Sevincim uzun sürmədi. Dünən təsadüfən kanalları dəyişəndə efir tariximizin ən bayağı teleaparıcılarından biri olan Mikayıla rast gəldim. Anladım ki, efirlərimiz Mikayılsızlığa dözmədi. Onsuz nə reytinq, nə əyləncə, nə televiziya...

Bu qədər qınağa, tənqidə, irada baxmayaraq cənab Mikayıl yenə öz ampluasındaydı. "Gəldim eeee, gəldim" deyib nərə çəkən bu meqamüdrik simalı, fəlsəfənin bel sütununun yan tərəfdən görüntüsünü geridə qoyan  teleaparıcı öz auditoriyasını yenidən başına yığmağı bacarmışdı. Həmişə heyrət etmişəm bu tip proqramlara həvəslə qatılıb zalı dolduran insanlara. Bu ölkədə yaşasam da, bu insanları başa düşməkdə çətinlik çəkirəm. Bu tamaşaçıların bayağılığa sonsuz marağı, qayğısızcasına qol götürüb oynamaları, Mikayılla birgə sevinib, Mikayılla birgə kədərlənmələri sirri müəmmadır. Bayağılıq kütləvi meditasiya kimidir. Cəmiyyət sürətlə mikayıllaşır. Kütləyə problemləri, qayğıları unutmaq lazımdır və Mikayıl öz "sehirli çubuğu" ilə bunu bacarır.

3.10.2016

İntibah dövründən maarifçilik dövrünə qədər qadın filosoflar - ARAŞDIRMA

“İnsan əsasən nə erkəkdir, nə də dişi. Cinsiyyətin fərqli olmasının səbəbi cinsə xas forma fərqini yaratmaq olmayıb yalnız nəsil artırmağa yarayır...”

(Marie Le Jars de Gournay, “Qadınlarla Kişilərin bərabərliyi haqqında”)

 Yuxarıdakı sətirlər İntibah dövrünün filosoflarından Maria Le Jars de Gournaya aiddir. Bu adı eşitməmiş ola bilərsiniz. Çünki Gournay kişi hegemonluğu dövründə arxa planda qalan qadın fikir adamlarından sadəcə biridir. Bu gün biz qadın və kişi bərabərliyi haqqında danışırıq, qadının müxtəlif sahələrdə ön planda olmasını müdafiə edirik. Amma tarixə nəzər saldıqda fərqli məsələlərlə rastlaşırıq. Bu yazıda fəlsəfə dünyasının xanım filosoflarının həyatına qısaca nəzər salacağıq.
Elm dünyasına nəzər saldıqda Mariya Küri kimi elm adamı olmuş qadınlarla rastlaşırıq. Bəs görəsən fəlsəfə dünyasında vəziyyət necədir?
Aristotel, Platon, Dekart... Filosof deyəndə ilk olaraq ağlımıza gələn adların ortaq bir özəlliyi var; hamısının kişi olması. Bunun səbəbi düşünə bilməyin kişilərə bəxş edilən bir xüsusiyyət olması deyil, qadınların düşüncələrini kişilər kimi sistematik bir şəkildə təqdim etmək üçün lazımi vaxtın və imkanın olmamasıdır. İkinci bir səbəb isə qadınların yaratdığı əsərlərə kişilərin az diqqət ayırmasıdır. “Qadın filosoflar tarixi” adlı əsərdə 44 qadın filosofun həyatından bəhs olunur. Bu yazıda həmin kitabdakı diqqətçəkən adların üzərində dayanacağıq. Qadın filosofları xatırlarkən onları da dövrlərə görə təsnif etmək doğru olardı.

3.09.2016

Uşaqlara nəyi öyrədək?

Övladlarımızın taleyi necə olacaq? Bu demək olar ki, bizdən asılıdır. Şübhəsiz ki, bu gün övladlarımızın bizdən görüb-götürdükləri cəmiyyətin gələcək taleyini müəyyənləşdirəcək. Bu gün böyütdüyümüz uşaqlar bu ölkənin taleyini müəyyənləşdirəcək.

Biz “müharibə uşaqlarıydıq”.  Əfqanıstan, Qarabağ müharibəsində öldürülənlərin, şikəst qayıdanların, meydanlarda "Azadlıq" bağırmaqdan səsi batanların övladlarıydıq. Biz elektrikin, peyk antenalarının olmadığı dövrdə “Azadlıq” radiosundan Mirzə Xəzər dinləyən qayğılı bir nəsildik. Biz gözümüzü açanda evlərimizdə kitabxanalar, qalaq-qalaq jurnallar görmüşdük. Biz kasıblığa, yoxsulluğa gülə-gülə qane olur, valideyinlərimizdən düz, alnıaçıq yaşamağı öyrənirdik. Bizim uşaqlığımızın ən populyar ideologiyası millətçilik, vətənpərvərlikdi, uzaqbaşı dinə meyillənib namaz qılardıq. Bizim ovqatımız, ruhumuz tamam başqa, həyatdan gözlədiklərimiz fərqliydi. Əksəriyyətimiz travmalarla böyüdük…

3.01.2016

Yüksək dozadan ölən şairimiz-ARAŞDIRMA

Aydın Əfəndi əfsanəsi 

Şair, yazıçı və filosof Aydın Əfəndi (Əfəndiyev) 27 noyabr 1959-cu ildə dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsinə daxil  olub və 1981-ci ildə universiteti yüksək qiymətlərlə bitirib.

24 yaşında riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsi alıb. Onun gözlənilməz uğurları çoxlarını təəccübləndirirdi. Çox parlaq istedadı, heyrətamiz mütaliəsi vardı. Yaradıcılığa 1981-ci ildə başlayıb. Onun yaradıcılığında tanınmış yapon şairləri Simadzaki Toson, Takamura Kotaro Takahaşi Şinkitinin motivləri müşahidə olunur. Eyni zamanda onun şeirlərində Tomas Eliotun böyük təsiri olduğunu qeyd etmək lazımdır. Rus dilində yazıb yaradan Aydın Əfəndinin “Сотвори себе остров” (Öz adanı yarat) adlı ilk şeirlər kitabı ədəbi mühitdə çox böyük maraqla qarşılanmışdı.

Aydın Əfəndinin ikinci kitabı “Отсутствие” (Yoxluq) 2002-ci ildə, ölümündən sonra çap olunub. Ədəbiyyata bütün varlığı ilə bağlı olan Aydın Əfəndi yapon mədəniyyəti, ədəbiyyatı ilə maraqlanır və yapon dilini öyrənirdi. Ədəbiyyata olan sonsuz sevgisi və marağı, onu elmdən ayırsa da o, dünyaya ədəbiyyatçı olmaq üçün gəlmişdi. Özü də yaradıcılığı “daxili inqilab”, “yer üzündəki vəzifəsi, yaşam qayəsi”  hesab edirdi. Elmlə məşğul olduğu dövrlərdə dəfələrlə yaradıcılıq ezamiyyətlərində olan Aydın Əfəndi bu təəssüratlarını “Bakılılar” adlı yarımçıq qalmış romanında qələmə almağa çalışıb. 80-ci illərin birinci yarısında qələmə alınmış roman 12 müxtəlif hekayədən ibarətdir. Romanda Sovet quruluşunun son illəri və dövrün insanlarının daxili dünyası ustalıqla qələmə alınıb. Aydın Əfəndinin əlimizdə olan əsərləri onun ardıcıl fəaliyyətindən və qeyri-adi istedadından xəbər verir.

Çərşənbə düşüncələri

...Daha bir şairi həbs elədilər.
Bir vaxtlar parlaq istedadı ilə gözləri qamaşdıran, indi isə əyalətdə işsiz-gücsüz qalıb, içkidə təsəlli tapan Mahir Mehdini polisə müqavimət suçuyla üç aylıq həbsə yolladılar. Mahir bəxti gətirməyən, həyatı alınmayan adamdır. Dəfələrlə paytaxta normal qazanclı işlərə dəvət olundu, işlədi. Dostlar onun üçün əziyyət çəkdi, onun işlə təmin olunması üçün real addımlar atdı. Mahiri Yevlaxdan Bakıya gəlməyinə dəstək oldular. Necə işlədiyini bilmirəm, amma daimi və rahat iş yeri vardı şairin. Yenidən mühitdə tanınmağa, hörmət görməyə başlasa da bütün bunlar uzun çəkmədi. Sonra nə oldusa Mahirin səsi Yevlaxdan gəldi.
Ya zəlzələdən, ya vəlvələdən Mahirin işləri düz gətirmədi. İndi də qarşı da onu üç aylıq məhbəs həyatı gözləyir. Mahir üçün, həbsdə olan digər şair dostlarımız Tofiq Həsənli üçün, Saday Şəkərli üçün üzülürəm. Şairə həbsxana yox, azadlıq yaraşır.  

2.19.2016

Şeir, şair və şou

Şeirin vəziyyəti ağırdır, cənablar!

Bizi “Azərbaycan xalqı, şair xalqdır” deyəndə aldadıb, tələyə salıblar. Biz də xalq olaraq “tırkaya gedib” qələmə sarılmışıq. Yazmışıq, yazmışıq, yazmışıq...

Şeirin son vaxtlar nə qədər ucuzlaşdığını, gözdən düşdüyünü mən yazmasam da, özünüz bunu yaxşı bilirsiniz. Azərbaycan şeirini dərin bir quyuya sallayıb, ipini kəsiblər. İndi Azərbaycan şeiri fağırcasına qaranlıq dünyada inildəyib, quyudan çıxmağa yol, işıqlı dünyaya dönməyə kömək axtarır.
Yerindən duran qafiyə quraşdırır, şeir yazmaq üçün gücənir və ən dəhşətlisi bu “ifrazatını” şeir, poeziya adıyla mətbuata, efirə daşıyır. Şeir, sənət, ədəbi cərəyanlar, üslub, estetika, yenilik qalıb bir kənarda, əcaib-qəraib hibrid şeirlər peydahlanır. Və bu bic doğulan şeirlərə mətbuatımız, telekanallarımız öz qucağını açır. Son 10-15 gündə şair  deyib efirə çağrılan qafiyəbazları görəndən sonra əmin oldum ki, şeirin düşdüyü vəziyyətə yeddi “qara paltarlı qadın” çağırıb, ağı deyib ağlamaq lazımdır.

Təsəvvür edin ki, hələ də “postmodern şairləri oxumuram” deyib nərə çəkən qələmbazlar var. Mənzərə ürəkbulandıran, vəziyyət isə olduqca acınacaqlıdır. Ortalıqda olan 4-5 imza isə birmənalı qəbul olunmur. Lap açıq desək, şeirin xiridarı yoxdur bu məmləkətdə. Hələ də şairi əyyaş, zirzəmi kafelərdə taleyinə nifrin yağdıran binəva kimi görmək istəyir məmləkətimin “şeirsevər” insanları.  Hələ də şairi linç eləmək üçün fürsət gözləyən kütlə, hələ də şeiri içki məclislərinin bəzəyi hesab edən cahillər meydan sulayır.

2.18.2016

Atatürkə etiraz edən, Nazim Hikmətlə düşmən olan yazıçı: Peyami Safa

Qəriblər qəbiristanlığı”nda dəfn olunan şair

Türk ədəbiyyatının tanınmış simalarından biri, şair İsmail Safanın oğlu, psixoloji romanları ilə böyük şöhrət qazanan Peyami Safa 9 yaşından ədəbiyyatla ciddi şəkildə maraqlanmağa başlayıb. 1899-cu ildə İstanbulda doğulan yazıçı 2 yaşında atasını itirir. “Tənzimat” və “Sərvət-i Fünun” ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsmail Safa Məkkədə dünyaya gəlmişdi. Atası Mehmed Behçet Efendi Akşemseddinə qədər uzanan bir soyun nümayəndəsi idi və Məkkədə dövlət işlərində çalışır, eyni zamanda şeirlər yazırdı. İsmail Safa 1878-ci ildə qardaşları ilə birlikdə İstanbula köçür və yaradıcılığını davam etdirir. O şair kimi tanınsa da, ədəbi tənqid və tərcümə ilə məşğul olur, siyasi hadisələrə də biganə qalmırdı.

II Abdulhamidə qarşı etdiyi çıxışlar onu dövlət rəhbərləri arasında arzuolunmaz adama çevirir. 1895-ci ildə vərəmə yoluxan şairi 1900-cu ildə Sivasa sürgünə göndərirlər. Sürgündə sıxıntıları artan şairin qızları Selma və Ulya vəfat edir. Sürgün həyatı, övlad itgisi və amansız xəstəlik şairin vəziyyətini daha da gərginləşdirir. Şair 1901-ci ildə Sivasda, sürgündə vəfat edir. Şairi “Qəriblər qəbiristanlığı”da dəfn edirlər. Amma talesiz şairin cəsədi də rahatlıq tapmır. Sivas millət vəkili Ziya Başar şairin cənazəsinin “Qəriblər qəbiristanlığı”ndan Paşa Camisi qəbiristanlığına köçürülməsini təşkil edir. Paşa Camisinin sökülməsi qərarından sonra Sivas liseyində dərs deyən sosioloq Eflatun Cem Güney şairin cənazəsinin Ali Ağa camisinə köçürülməsinə nail olur.

24 dəfə intihara cəhd edən şair: Ümit Yaşar Oğuzcan



Ümit Yaşar Oğuzcan adlı türk şairi var. Ölümündən 30 ildən çox keçsə də, hələ də sevilir, şeirləri oxunur, sözlərinə bəstələnmiş bəstələr müğənnilərin repertuarını bəzəyir.

Üslubu, texnikası köhnəlsə də Oğuzcan hələ də populyardır, yazdığı şeirlərə bəstələnən mahnılar kədərli olsa da, dinlənilir. Şeirlərindən boy göstərən ruh halı, melanxoliyası, çarəsizliyi, mənə doğma olan tək-tük şairlərdəndir. Mən dünyaya göz açdığım il, dünyasını dəyişib. Maraqlı təsadüfdür...

Cəmi 58 il yaşasa da, özündən sonra böyük ədəbi irs qalıb. Bir zamanlar kitablarının satışı milyon tirajı keçib.

Ümit Yaşar Oğuzcan 1926-cı ildə Tarsusda doğulub, Konya Hərbi Liseyini, daha sonra Əskişəhər Ticarət Liseyini bitirib və Osmanlı Bankında çalışmağa başlayır. 1953-cü ildə Niğde İş Bankında mühasibliyə keçən şairi 1954-cü ildə Ankara İş Bankının müdiri təyin edirlər.

Şair təqaüd yaşınacan İş bankında çalışıb. 1977-ci ildə, təqaüdə çıxdıqdan sonra öz adını daşıyan incəsənət qalereyasını qurub, bir çox xarici ölkələri gəzib və 1984-cü ildə vəfat edib. 58 illik ömrünə 50 kitab, mahnı sözləri, şeir albomları sığdıra bilib. Türk oxucusu Ümit Yaşarı sevgi və ölüm şairi kimi tanıyır.

Boş-bekar adamların əyləncəsi

Bir daha şeir və şairlər haqqında

Belə bir latın deyimi var: “Poeta nascitur, non fit”. Təxminən belə izah edə bilərik: sonradan şair olmaq olmaz, anadan şair doğulmasan.

Yəni, anadangəlmə genetik xüsusiyyətlərin arasında şeir yazmaq bacarığı yoxdursa, özünü boş yerə yormağa və əziyyət çəkməyə dəyməz. Təbii ki, sonradan bu bacarığı inkişaf etdirmək, cild-cild şeir kitabları, şeir haqqında yazılan kitablar oxuyaraq anadangəlmə istedadı zəhmətlə birləşdirmək lazımdır. Seyid cəddinə güvəndiyi kimi anadangəlmə bacarıqlara güvənib bir nöqtədə vurnuxmaq cahillikdir. Şeir kitablarını oxuyub həzm etmədən, şeirlə digər sənət növləri arasındakı üzvi əlaqəni anlamadan, öz üslubunuzu, öz yolunuzu tapmağınız çox çətindir. Öz yolunuzu, “özünüzü” tapmadan şair olmaq da mümkünsüz.

Sadəcə şeir və sənət tarixini oxumaqla, anlamaqla da nəticə əldə edə bilməzsiniz. Şairin humanitar və sosial elmlərdən bixəbər olması onun yarımçıqlığıdır. Eyni zamanda şairin siyasi mövqeyi konkret olmalıdır. Sürüşkən siyasi mövqe şair şəxsiyyəti üçün böyük təhlükədir. Əgər siz şairsinizsə ilk şeirinizi yazdığınız andan sizin özünəməxsusluğunuzun rüşeymləri müşahidə olunmağa başlayacaq və bu zamanla inkişaf edərək sadəcə sizə aid üslubu formalaşdıracaq. Sonra isə bir ömürlük əzablı marafon qaçışı başlayır və şair şeirdən vaz keçənə qədər bu qaçış davam edir. Demək şair olmaq, çoxlarının düşündüyü kimi qafiyə uydurub, sosial şəbəkələrdə, saytlarda şeir adıyla paylaşmaq deyil. Bir qədər pafoslu səslənsə də, şairlik uzun və zəhmətli bir yoldur.

2.17.2016

Başa çırpılan 40 qəpik

Təxminən iki ayın söhbətidir. Bəlkə bir az da çox keçib üstündən. "Əcəmi” metrosunun yanındakı bərbərxanaya, bir tanışıma dəyməyə getmişdim. Bir az da dəqiqləşdirim, tanışımdan borc istəməyə getmişdim. Söhbəti çox uzatmayım, bəri başdan deyim ki, tanışım borc verməkdən mədəni şəkildə imtina elədi. Yəni, nə qəlbimi qırdı, nə də incitdi. Başını aşağı salıb, güclə eşidiləcək səslə mızıldandı: "Üzrlü say şair, kreditimin vaxtıdır. Vəziyyət çox çətindir.”


Bir tərəfdən pərt oldum, bir tərəfdən də sevindim ki, borcumun miqdarı artmadı. Əgər tanışım borc versə bir az da "yüklənəcəkdim”. Əlimi cibimə salıb 40 qəpiyi bərk-bərk sıxdım.


Bərbərxanada uzun və mənasız susqunluq hökm sürürdü.


Bu susqunluğu bəlağətli bir səs pozmağa cəhd edirdi. Tanıdım, Hacı Şahinin səsinə bənzəyirdi. İçəridəki ağsaqqal bərbər telefonunda Hacı Şahinin hansısa moizəsinə qulaq asırdı.

Süpürgəçi vəzifəsinə poliqlot tələb olunur

Eşitmisinizmi ki, ölkədə yeni iş yerləri açılır? Eşidə bilməzsiniz, çünki...

Xəbəriniz varmı ki, vakansiyaların sayı işsizlərin sayından çoxdur? Hə vallah, çoxdur. İnanmırsınız?


Yaxşı-yaxşı, zarafat edirəm. Ümumiyyətlə, kasıb-kusubla, işsizlərlə məzələnməkdən xoşum gəlir. Harda dilənçi görsəm, yanına təpik vurub qaçıram. Məni belə böyüdüblər. Dayəm Svetlana Aleksiyeviç - atam onu Belarusiyadan sifarişlə çağırmışdı - mənə belə tərbiyə verib. Totya Sveta mənə kasıb uşaqlarla oynamağa icazə vermirdi. O, həmişə deyirdi ki, kasıblıq, işsizlik yoluxucu xəstəlik kimidir. Bacardıqca işsiz qonşularımızın uşaqları ilə oynamırdım ki, birdən atamı işdən çıxararlar. İşsizlərdən pis iy gəlir. Onlar çox pinti olurlar. Totya Sveta mənə demişdir ki, işsizlər vampir kimi qorxuludurlar. Mən Totya Svetanı çox sevirəm. Atam Kral Akademiyasından Totya Sveta üçün bir dənə Nobel mükafatı hədiyyə aldı. Sağlığına qismət, üstümüzdə çox əməyi olub. Amma anam buna çox əsəbiləşdi və atamın "Qalik"inin üstünə nöyüt töküb yandırdı. Yazıq atam, indi işə "Ferrari"si ilə gedir. Anam deyir ki, Totya Svetanı harda tutsa, cıracaq.

Mən öz şirkətimdə işləyirəm. Atam məni çox sevir və ona görə də mən məktəbi qurtaranda şirkətlərimizdən birini mənə hədiyyə etdi.
Kefim yaxşı olanda, şirkətdə işlərim yolunda gedəndə maşınımı "qul bazarı"na sürüb iş axtaranlarla məzələnmək məni çox əyləndirir. Onlar dünyanın ən nikbin, ən şən, ən qayğısız insanlarıdır. Bu mənim xoşuma gəlir. İşsizlər olmasa, darıxarıq. Yaxşı ki, ölkəmizdə yeni iş yerləri açılmır. Bu, şəxsən məni çox sevindirir. Ali təhsilli gənclərimiz işlə təmin olunsa, "qul bazarı" da olmaz. "Qul bazarı" olmasa, mənim kimi zənginlər öz var-dövləti ilə öyünə bilməz. Bu isə çox mənfi haldır.

“Roman haqqında roman”


Nəriman Əbdülrəhmanlının “Qurban” romanı haqqında


“Əli və Nino” əfsanəsi

İlk dəfə 1937-ci ildə Vyanada alman dilində nəşr olunan “Əli və Nino” romanının müəllifi barədə mübahisələr illərdir davam edir. İndiyədək 33 dilə tərcümə olunan bu romanın dünyada məşhurluq qazanması mübahisələri daha da dərinləşdirib. “Əli və Nino” romanının qazandığı populyarlıqdan sonra, romanın müəllifini aşkara çıxarmaq istəyən tədqiqatçılar geniş araşdırmalar və təhlillər aparıb. Tədqiqatçıların bir qismi əsərin ilk nəşrində müəllif kimi göstərilən Qurban Səidin Bakı yəhudisi Lev Nissembaumun təxəllüsü olduğunu, digərləri isə bu imzanın  Yusif Vəzir Çəmənzəminlinin gizli təxəllüslərindən biri olduğunu düşünür. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum tərəfindən yazıldığını düşünsə də, bu versiya çoxlarını qane etmir. Almaniyada yaşayan tədqiqatçı, şair Nuridə Atəşi isə əslində Lev Nissembaumun Bakıda müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu, Qurban Səid imzasının da ona məxsus olduğunu iddia edir. Bu qalmaqala ən maraqlı münasibəti Azərbaycan Yazıçılar Birliyi sərgiləyib. 1993-cü ildə AYB romanın Yusif Vəzir Çəmənzəminli tərəfindən yazıldığını qərarla rəsmiləşdirib. Alman reyestrlərində  isə “Qurban Səid” imzasının Avstriya baronessası Elfrida fon Ehrenfelsə aid olduğu təsdiqlənib. Romanın müəllifi ilə bağlı mübahisələr və iddialar demək olar ki, hələ də davam edir. Avropalı naşirlərin də, AYB-nin də, tədqiqatçıların da versiyaları sadəcə ehtimallar üzərində qurulduğu üçün mübahisələr bitmək bilmir. Önəmli məqam isə, Azərbaycandan bəhs edən “Əli və Nino” romanın populyarlığıdır.

“Darıxmağın adı” niyə adidir?

Əzizim Şəhriyar!

Nədənsə iyunun bu qovurucu, cansıxıcı və zəhlətökən istilərində sənə məktub yazmaq ehtiyacı hiss etdim. Uzun zamandı ki, görüşmürük, zəngləşmirik. Sosial şəbəkələrdə yoxam, e-mailimə də yazıb hal-əhval tutmağa ya tənəzzül eləmirsən, ya da vaxtın olmur.

Hərəmiz öz təkliyimizə çəkilib darıxırıq. Amma, Allah haqqı sənin üçün darıxmıram, ciddi sözümdü. Düzü, mən heç kəs üçün darıxan adam deyiləm. Ara-sıra uşaqlar üçün darıxıram, bu qədər. Sən də mənim üçün darıxmırsan, bu da dəqiqdi. Bilmək istəyirsənsə biz kifayət qədər etibarsız adamlarıq. Lütfən, etiraz eləmə. Unutduğumuz adamlardan şəhər salmaq olar. Hə, bilirəm. Bu fikri başqası, başqa formada deyib. Nə fərqi, mən də duruma uyğun əl gəzdirdim.

Ümumiyyətlə şairlər bir-biri üçün ancaq öləndən sonra darıxır. Məsələn, biz ikimiz də daha çox Rafiq Tağı, Zərdüşt Şəfi, Vaqif Səmədoğlu üçün darıxırıq. İçəndə bir nəfər də olsun sağ şairi yada salıb ağlamamışam, yəqin sən də.

...Deyim biləsən ki, bivecin, avaranın, məsuliyyətsizin birisən. Niyəsini bilirsən, şair, xırdalamağa nə hacət? Bir də onu deyim ki, bu məktub canını sıxa bilər. Çün, uzun müddətdir göylərdəsən, reallıqdan çox yuxarılardasan. Bir az reallığa, bir az həqiqətə, bir az özünə enəcəksən bu məktubdan sonra. (Bir az iddialı çıxdı deyəsən. Ya da çox qırıcı.) Mənə acığın tutacaq, ya da güləcəksən. Gülmə, ciddi deyirəm. Onsuz da hər dəfə məni ələ salıb gülməyini, arxamca atıb-tutduğunu eşidəndə gülüb keçmişəm.

Bilirsən niyə? Deyim biləsən ki, mən səni bütöv qəbul edirəm, bütün etdiklərinlə və etmədiklərinlə bir yerdə mənim üçün doğmasan. Bivecliyinlə, avaralığınla, məsuliyyətsizliyinlə mənim üçün əzizsən. Arada mən də səni ələ salıb gülmüşəm, vicdan haqqı. Ən çox da “Azadlıq” radiosuna müsahibəndə “Bir şüşə araq alıb o misranın toyunu edirəm” fikrinə lağ eləmişəm.

Bizdən sonra nə qalacaq ki?

Bizdən sonra nə qalır ki? Əgər yazan olsa  bir-iki sətir nekroloq, ya da dostlar danışsa bir-iki cümlə xatirə...

Dünyasını dəyişmiş yazıçılar və şairlər haqqında danışılan (yazılan) xatirələr hər zaman maraqlıdır, xatirələrə hər zaman tələbat var.

Oxucu kimi, tanıdığım, tanımadığım, sevdiyim, sevmədiyim yazıçılar haqqında yazılan xatirələri acgözlüklə oxuyuram, fürsət düşəndə yaşlı yazıçıların çağdaşları haqqında danışdıqlarını böyük maraqla dinləyirəm. İstər yerli, istərsə dünya ədəbiyyatının nümayəndəsi olan yazıçıların memuarları, avtobioqrafik əsərləri, yazıçılar haqqında yazılan xatirələr məni cəlb edir. Çünki bu kitablarda, yazılarda onlarla yanaşı çağdaşları da görünür, sanki, o dövrə səyahət etmiş kimi oluram, onlarla yanaşı addımlayıram, onların fikir mübadiləsində, mübahisələrində, şeir məclislərində iştirak edirəm, badə toqquşdururam. Yaşadıqca, ömrü tükətdikcə acılı-şirinli, maraqlı-maraqsız xatirələr toplanır yaddaşımızda. Hansısa müdrik deyib ki, "yaddaş xatirələr xəzinəsidir".

Yaşlı nəsilin yazıçıları müsahibələrində, söhbətlərində yada saldıqları xatirələr, xatırlanan əhvalatlar əksərən məni duyğulandırır, kövrəldir və bəzən düşündürür. Olur ki, sevdiyim yazıçı üçün təəssüf hissi keçirir, bəzən şeirlərini sevdiyim şairin hansısa hərəkətinə görə üzülürəm, utanıram.

2.16.2016

Seksist media və Burak Özçivit fanatları

Mediamızdan xəbər başlığı: "Burak Özçiviti görən qızların utanc dolu hərəkətləri Azərbaycanın qeyrətli oğullarını narahat etdi".

Yuxarıdakı xəbər başlığı qarşıma çıxmasaydı, bəlkə də bu barədə yazmayacaqdım. Amma bir qeyrətli vətən oğlu kimi narahatlığımı dilə gətirməyi özümə borc bildim.

"Qardaşım mənim" (Kardeşim benim") filminin təqdimatı üçün Azərbaycana gələn türkiyəli aktyor Burak Özçivitin Bakıdakı qala-gecəsindəki izdiham, azərbaycanlı gənclərin görməmişliyi və düşüklüyü bir müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə olundu. Hətta iş o yerə çatdı ki, qeyrətli oğullarımız narahat oldular. Xəbər başlığının mentallığı, açıq-aşkar seksizm məni üşəndirdi. Axı o məlum videolarda Burak qardaşımıza sürtüşən təkcə qızlar deyildi. Bu seksizm nəyə və kimə lazımdır? Bir problemi işıqlandırarkən cinsiyyət ayrı-seçkiliyi nə qədər doğrudur?

Ziyarətgahdan tutya alırmışcasına Burak qardaşımıza yumşaqcasına toxunan ismətli qızlarımızla bərabər, aktyorla şəkil çəkdirmək üçün enli sinəsi ilə izdihamı yarmağa çalışan şir pəncəli, pələng biləkli qardaşlarımızı niyə görməzdən gəlirik?

Sözümün canı budur ki, məsələyə belə səthi yanaşmaq da doğru yol deyil.

Bəs sizcə, niyə Burak Özçivit?
Niyə İlqar Cahangir yox? Niyə əlimiz çatan, ünümüz yetən bir sənətkar yox, Burak Özçivit? Niyə də, niyə?

Yaxşı, əsəbləşməyin. Bilirəm, deyəcəksiniz ki, Burak başqadır, Burak candır, şirindir, xarizmatikdir, "yakışıklı"dır, zırtdır, pırtdır.

2.13.2016

Diletant haqqında fəlsəfi esse

Üzeyir Mehdizadəyə və onun alovlu pərəstişkarlarına...

Diletant, diletantlıq nədir?

Bu yazımda yuxarıdakı sualın cavabını tapmağa çalışacam. Bir növ diletant filosofluq edəcəm. Böyük sənətkarımız Aşıq Telli Borçalının təbirincə desək, “Elə sizin ajığınıza”.

Diletant fransız sözüdür (diletánt) – xüsusi hazırlığı, sistematikliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar.

Bilmirəm, fikir vermisinizmi, bütün diletantlar bir-birinə bənzəyir.

– Diletant iddialıdır.

Həyatın bütün sahələrindəki diletantların mütləq bir oxşar cəhəti var – iddia!

Elmdə də, musiqidə də, kinoda da, ədəbiyyatda da diletantın iddiası yerə-göyə sığmır. Onun-bunun ağzından eşitdiyi fikirlərlə meydan sulayır. Tez-tez özünü öyür, gözə soxmağa çalışır. Diplomlar, təltiflər, titullar üçün ürəyi gedir. “Müəllim”, “cənab”, “bəy”, “ustad” müraciətindən hədsiz dərəcədə xoşbəxt olur. Özünü təqdim edəndə titullarını sıralamaqla yanaşı adının qarşısına “müəllim” sözünü əlavə etməyi unutmur. Məsələn, tanımadığı bir adama zəng edib:

“Sizi narahat edən Diletant müəllimdir” – təqdimatını etməyi vacib sayır.

“Mənim əsərlərim”, “Mənim elmi işim”, “Mənim elmi məqaləm”, “Mənim uğurlarım”, “Mənim layihəm”, “Mənim ideyam”, "Mənim albomum", "Mənim konsertim", "Mənim dinləyicim", "Mənim oxucum" deməkdən zövq alır. Bir sözlə, diletantın eqosu yerə-göyə sığmır. Onun düşük iddiaları ətrafdakıların lağ hədəfi olsa da, o bundan utanmır. Çünki boş iddiaların arxasında böyük bir nadanlıq gizlənir...

Gilyotinlə edam edilən tatar şairi Musa Cəlil

Gilyotinlə boynu vurulanda onun cəmi 42 yaşı vardı. Almanlar tatarlardan təşkil edilmiş İdil-Ural Legionun qurucusu Musa Cəlilin xəyanətini bağışlaya bilməmişdilər...

Tatar xalqının böyük şairi, alovlu kommunist

İkinci Dünya Savaşının sona çatmasından 70 il keçməsinə baxmayaraq hələ də on minlərlə insanın taleyi üzərindən sirr pərdəsi qalxmayıb. Xüsusən faşist düşərgələrində can verən minlərlə insanın taleyi sirri-müəmmadır. Tatarıstanda milli qəhrəman kimi qəbul edilən şair Musa Cəlilin də əsirlikdəki fəaliyyətinə bu gün də aydınlıq gətirmək olmur. Əsir düşərgəsində başqa ad-familiya ilə qeydə alınan şair Musa Cəlilin faşizmə dəstək verməsi, sovetlərə qarşı döyüşməsini də, İdil-Ural Legionunu və Şpandaudakı əsirləri üsyana təşviq etməsi və edam olunması da yazırlar. Ona görə bəzi tatar millətçiləri də onu birmənalı qəbul etmirlər. Amma bir fakt danılmazdır və hamı tərəfindən qəbul edilir: Musa Cəlil şair idi...

Böyük tatar şairi Musa Cəli (Musa Mostafa ulı Cəlilov) 1906-cı ildə Orenburq vilayətinin Şarlık rayonundakı Mostafa kəndində anadan olub. İlk təhsilini mollaxanada alan Musa Cəlil 1914-1917-ci illərdə Orenburqdakı Hüseyniyyə Mədrəsəsində oxuyub. İlk şeirlərini 9 yaşında yazmağa başlayan Musa Cəlil 13 yaşında artıq “Qızıl yıldız” adlı cəbhə qəzetində çap olunurdu. 1919-cu ildə komsomola daxil olub Rusiyadakı vətəndaş müharibəsində iştirak edib. 1922-ci ildə Tatarıstanın paytaxtı Kazana gələn Musa Cəlil qəzetlərdə müxbirlik etməyə başlayır. 1923-1925-ci illərdə Tatar İşçiləri Fakültəsində təhsil aldıqdan sonra alovlu kommunistə çevrilib. 1925-ci ildə partiyanın dəstəyi ilə ilk kitabı – “Biz gedirik” şeirlər toplusu çap olunan şairi Orenburqa komsomol komitəsinə işləməyə göndərirlər.

Hamını bağışlamaq istəyirəm

Hərdən əldən-ayaqdan uzaq bu dağ rayonunda bağrım partlamaq dərəcəsinə çatır. Bakıdakı dostlar, dostlarla görüşlər, təqdimatlar, mübahisələr, müzakirələr üçün burnumun ucu göynəyir. İnanmayacaqsınız, o qaynar günlərin, ucuz çayxanalarda sonu yüngülvarı məclislərlə bitən dünyanı məhvərindən çıxardığımız söhbətlərin həsrətini çəkirəm.

Əcəb günlərdi! Futboldan ədəbiyyata, siyasətdən musiqiyə, filmlərdən meyxanaya qədər hər şeyi müzakirə edib, beynimizdə min cür ideyayla qayıdardıq evə. İndi o köhnə dostlar, o köhnə məclislər getdikcə xatirəyə çevrilir. İllərin qaç-qovunda tale hərəni bir tərəfə atıb. Nə o enerji qalıb, nə də o qayğısızlıq. Getdikcə qayğılar artır, problemlər çoxalır və məsafələr daha da uzaqlaşır.

Əvvəl dostlar toplaşanda bir saat əvvəldən xəbərləşirdiksə, indi bir araya gəlmək üçün bir həftə öncədən plan qurmaq lazımdır. O plan da alına-alınmaya, ya qismət! Deməyim o ki, köhnə dostlarla aramıza zaman, məkan, ehtiyac, qayğı adlı məfhumlar girib və bir türlü bu qandallardan azad olmaq mümkün deyil.

Və daha bir məqam: dünya görüşləri, dəyişən zövqlər və ədəbi-ictimai mövqelər, iş yerlərimiz, yeni dostlarımız bizi köhnə günlərdən və qədim dostlardan daha da uzaqlaşdırır. Bir də görürsən ki, dünyanın əyilmiş mizan-tərəzisini düzəldəcəyinə inanan bir dostun çəkilib bir sayt redaksiyasına indi hərf, nöqtə-vergül səhvləri düzəldir. İnqilabi nitqləri, sönük pafos, çılğın düşüncələri “müdrik” astagəllik əvəz edir.

Efirlərimizin səviyyəsi

Azərbaycan telekanallarını sevirəm. Ölkənin ümumi əhval-ruhiyyəsini, efirlərimizin vəziyyətini, aparıcılarımızın səviyyəsini bir daha gözdən keçirmək üçün televiziya proqramlarını şövqlə və zövqlə izləyirəm. Bəzi intellektual dostlarımız kimi, efirlərdən biryolluq imtina etmək indiki ruh halıma görə mənə sərf eləmir. Dağ başında yaşayan bir vətəndaş kimi, paytaxtın o ağır intellektual, doyumsuz mədəni, fövqəladə ədəbi, postmodern bədii, ciddi tərbiyəvi, gərgin psixoloji aurasını duymaq, uzaqdan da olsa bu "mədəni" mühiti sərf-nəzər etmək mənim üçün maraqlıdır, hətta vacibdir.

Məsələn, hansısa televiziya kanalının ciddi xəbərlər proqramında teleserial anonsu, şou proqramında siyasi-analitik ricətlər, mədəniyyət proqramında iqtisadi-sosial təhlillər izləmək inanılmaz zövqdür. Zaur Baxşəliyevin müdrik-didaktik söhbətlərini, kamali-ədəblə qonaqlarına verdiyi öyüd-nəsihətləri dinləyəndə özümü məsud və bəxtiyar hiss etməmək üçün heç bir səbəbim qalmır. Hərdən günümə Turanla başlayıb, Yusiflə həyatıma rəng qatıb, Mikayıloğlu İlqarla gecəmi xeyrə calayıram. Hələ bir Mikayıl vardı...

2.11.2016

Şöhrətdən uçuruma - Metin KAÇAN

Cəsədi 14 gün sonra tapılan yazıçı...

2013-cü ilin 6 yanvarında İstanbulda Boğaziçi körpüsündən özünü İstanbul boğazının sularına atan Metin Kaçan adlı yazıçının adı yəqin ki, ədəbiyyatsevərlərə tanışdır. Səhər erkəndən taksiyə minən yazıçı, Üsküdara gedəcəyini bildirir. Körpünün üstündə foto çəkəcəyini deyib portmanatını və telefonunu avtomobildə qoyur. Daha sonra sürücünün gözləri önündə qadağan səddini keçərək özünü körpüdən aşağı atır. Hadisəni görən taksi sürücüsü polis məntəqəsinə gələrək, hər şeyi danışır. Taksi sürücüsünün ifadəsindən sonra mühafizə kameralarının çəkilişlərini izləyən polislər, bir nəfər naməlum şəxsin taksidən düşərək özünü körpüdən aşağı atdığını dəqiqləşdirsələr də, xilasedicilər cəsədi tapa bilmir. Üstəlik Metin Kaçanın yaxın qohumları və dostları onun intihar edə biləcəyinə inanmır və bu xəbəri uzun müddət inkar edir. Hadisədən iki gün sonra yazıçının tanınmış karikaturaçı rəssam olan qardaşı Hasan Kaçan Twitter hesabında qardaşının intihar etdiyini etiraf edir. Cəsəd isə 14 gün sonra tapılır.

Türk oxucusu Metin Kaçanı “Ağır roman” adlı romanıyla tanıyıb sevmişdi. Mustafa Altıokların çəkdiyi eyni adlı filmi də yəqin çoxlarınız xatırlayırsınız. Okan Bayülgenin, Müjde Arın, şair Küçük İskenderin mükəmməl aktyor oyununu da yəqin unutmamısınız. Bəs kifayət qədər səs-küy yaradan, ədəbi kluarlarda müzakirə olunan “Ağır roman”ın müəllifi niyə intihar edib? Bu sual məni də narahat etdiyi üçün, kiçik bir araşdırma apardım. Bu yazıda oxuyacağınız maraqlı faktlar əminəm ki, sizlərin də diqqətini çəkəcək...

Üşüyürəm, Hacı...

Səhər oğlumun sevincli səsinə oyandım.

Məlum oldu ki, Bakıya qar yağıb...

Oğlum pəncərəyə dırmaşıb həvəslə yağan qara tamaşa edir və çığırırdı:

“Urrra!!! Axır ki, qar yağdı! Ata, bax gör nə qəşəng qar yağır?”

Məni zorla, darta-darta pəncərənin qabağına gətirdi.

Onun sevinc dolu gözlərinə baxanda, bütün qayğılarım yadımdan çıxdı.

Kirayə pulu, işıq pulu və qaz pulu ödənişlərinin vaxtının çatmağını unutdum.

Yalın ayaqlarım hamamın soyuq kafellərinə toxunanda ayıldım.

Soyuq suyu açıb üz-gözümə su vurdum.

Mətbəxə keçib pəncərəni açdım. Dərin bir nəfəs alıb içimdəki ağrı acını, boğazımı qıdıqlayan  qəhəri  havaya üfürdüm...

...Oğlumu bağçaya yola salandan sonra, işə necə gedəcəyimi düşündüm.

Üç qışı ardıcıl olaraq nazik, payızlıq gödəkcədə çıxarmışam.

Nə şarfım, nə papağım, nə əlcəyim nə də qalın şalvarım var...

1.31.2016

Yarımçıq hekayə

...- Gedəcəm.
- Bu gün get, indi get.
- İndi?
- İndi!
- Səninçün nə fərqi? Ya indi, ya sonra?
- Bu şəhər boş qalacaqsa indi qalsın...

Feyzbukda belə bir dialoqumuz olmuşdu. Bilirəm, indi çoxunuz inanmayacaqsınız, amma vallah necə var, elə yazıram.

...İnanın ki, belə də yazmışdı: “Sən getsən bu şəhər boş qalacaq”. İndi də bu sözü xatırlayanda birtəhər oluram. Elə bilirəm ki, mən kəndə köçəndən o böyüklükdə səsli-küylü şəhər bomboş qalıb. Düz deyirəm vallah, o, məni buna inandırmışdı. O gün özümü çox əhəmiyyətli bir adam hesab etmişdim. Az qala bütün şəhərə car çəkmək istəyirdim ki, baxın ha, o qadın deyir, mən getsəm sizin şəhəriniz boş qalacaq. Vallah, inanmışdım. İnanmışdım ki, mən onun həyatında ən önəmli kişiyəm. Ərindən də, qardaşından da, atasından da önəmli saymışdım özümü.

Əvvəlcə yuxusuna girmişdim, özü belə yazmışdı. Özümün də xəbərim olmadan onun yuxusuna girəndə mən şəhərdə, o isə kənddə yaşayırdı (Deyəsən, kənddə yaşayanlara şəhərdəki həyat və feyzbukdakı adamlar əlçatmaz görünür.) İnanmayacaqsınız, indi də o, mənim yuxuma girir. Axı mən indi kənddə yaşayıram. Hə, onu deyirdim axı, yuxusuna girmişdim onun. Sonra o, mənə bunu yazanda gülmüşdüm. Qəribə gəlmişdi mənə. Adam inanmır axı, gözəl qadınların yuxusuna köntöy, çirkin kişilərin girməsinə. Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü mənə yazdı ki, yuxuma girmisən. Söz tapmadım. Adam belə anlarda həqiqətən söz-zad tapmır. Qalırsan mat-məəttəl. Nə deyəsən? Bu sir-sifətlə kiminsə yuxusuna girmək yaxşı əlamət deyil. Bəlkə qorxub? Ya da diksindiyi üçün yazıb? Nə bilim, adətən gözəl qadınlar çirkin, kasıb kişilərə yazmır axı...

Panduşka (Hekayə)

Fransua Perrenə sevgilərlə…

Hörmətli redaksiya! Bu məktubu sizə şıltaq bir milyonçu qızının dəniz sahilindəki dəbdəbəli və rahat villasından yazıram. Yaşadıqlarım o qədər qəribə və maraqlıdır ki, hər şeyi sizinlə bölüşmək ehtiyacı hiss etdim. Mən “mişka” sevgisinin qurbanıyam. Başıma gələn son hadisələr o qədər qəribədir ki, nə edəcəyimi. Kimdən kömək istəyəcəyimi bilmirəm. Yaxşısı budur əhvalatı sizə nəql edim, sonrası nə ola, ola…

…Sevgililər günüydü. Yuxudan oyanıb özümə gələn kimi, yollandım şəhərin oyuncaq satılan ən böyük dükanlarından birinə. Məqsədim yüngülvarı bir hədiyyə alıb xanımın könlünü xoş etmək idi. Nədənsə xanımıma çiçək yox, oyuncaq hədiyyə etmək keçmişdi içimdən. Dükanda o baş-bu başa gəzişib normal, cibimə uyğun oyuncaq axtarırdım. Qiymətlər də maşallah, ceyran belində. Mağaza od tutub yanırdı. Gəzişə-gəzişə gəlib çıxdım mağazanın nəhəng mişkalar satılan bölməsinə. Mişkalar yan-yana düzülüb gənc qızlara gəl-gəl deyirdi...

...Mişkaların arasında dayanıb fikrə getmişdim. “İlahi, bu yekəlikdə mişkalar kimə lazımdı? Niyə gənc oğlanlar öz incə, nər-mənazik sevgililərinə belə nataraz hədiyyələr seçir?” Gözlərimi dükanın pəncərələrindən çölə dikib mişkalar haqqında laübalı xəyallara dalmışdım ki, dükanın qarşısında üç CİP dayandı. Arxadakı maşından iki yekəpər gedə düşüb qaça-qaça qabaqdakı ən bahalı CİPin qapısını açdı. Əvvəlcə səliqə-sahmanlı bir oğlan, sonra incə və lətafətli bir qız maşından düşdü. Gənclər öz aralarında danışa-danışa dükanı süzür, vitrinlərə baxırdılar...

"Döyülməyən düyüdən aş olmaz!"

Yaxşı yadımdadır, birinci sinfə kövrək qədəmlərimi basanda həmin məktəbdə idman müəllimi işləyən atam başımı tumarlayıb, alnımdan öpüb, uzun-uzun uzaqlara baxıb, köks ötürdü. Sonra qabarlı əllərini çiynimə qoyub belə dedi: "Bu ölüm-dirim savaşıdır, oğul! Gedib də dönməmək, dönüb də şey eləməmək var. Bu gündən sənin qara günlərin başlayır. Müəllimlərin səni mütəmadi olaraq döyəcək, qol-qabırğanı qıracaq, lazım gəlsə, söyəcək, amma sənə elmin sirlərini öyrədəcəklər". Cəsarətlə gözlərinin içinə baxıb: "Mən bu davaya hazıram, atacan!" - dedim. Cəsarət məsələsinə tam əmin deyiləm. Üstündən 25 il keçib, bəlkə də tumanı islatmışdım qorxumdan, dəqiq bilmirəm.

Məktəbin dəhlizinə daxil olan kimi atam yuxarı sinif şagirdlərindən birini amansız bir fəndlə qaldırıb yerə çırpdı, axı o, müəllim idi. Dəhliz boyu irəlilədikcə, qürur duyurdum. Sentyabrın ilk günü məktəbimizin dəhlizi Şaolin məbədini xatırladırdı. İlk dərs günü sevincini yaşayan müəllimlər şagirdləri amansızcasına döyür, müxtəlif güləş, sambo, şotokan fəndləri ilə onları qaldırıb yerə çırpır, eyni zamanda elmin sirlərini elə dəhlizdəcə, döyə-döyə şagirdlərə öyrədirdilər. Atam məni ibtidai sinif müəlliminə təhvil verəndə eynən belə dedi: "Əti sənin, sümüyü mənim". Müəllim razılıqla başını yelləyib,  boynumun arxasından yaxşıca bir qapaz ilişdirib mənə yerimi göstərdi. İlk dərsdəcə ortalıq qan gölünə döndü. Ağzı-burnu partlayan, qaşı yarılan, barmağı qırılan... Müəllim ağına-bozuna baxmadan bizi çırpır, eyni zamanda məktəbin faydalarından, təhsilin önəmindən, elmin dərinliklərindən danışırdı.

Biz hamımız xoşbəxt idik.

Ədəbi müstəvidə dostbazlıq

Dostum çox istedadlı, intellektual, dünyagörüşlü və möhtəşəm insandır. Çünki o, mənim dostumdur.
O yazıçıdır.
Mən də yazıçıyam.
Heyf ki, ölkədə bizdən başqa istedadlı və intellektual yazıçı yoxdur. O gün dostuma deyirəm ki, "Əgər sən nəyisə fikirləşməyə qadirsənsə, deməli, bunu gerçəkləşdirməyə də qadirsən". O da başını bulayıb deyir ki, bu, sənin fikrin deyil, Uolt Disneyin fikridir. Görün necə də istedadlıdır!

Bizdən əvvəlkilər deyingən və istedadsız qocalar, bizdən sonrakılar isə alayarımçıq istedadsız gənclərdir. Bəxtimizdən mən və dostlarım çox istedadlıyıq. Bizdən istedadlısı, həqiqətən, bu ölkədə yoxdur. Əgər olsaydı, mən, şübhəsiz ki, onların da istedadlı olduğunu etiraf edər, onların da təbliğatına vaxt ayırardım. Elə dostlarım da. Təəssüf ki, ölkədə istedadlı, intellektual, dünyagörüşlü, incə yumorlu, sərt sarkazmlı, özünəməxsus ironiyalı sənətkarlar ancaq mənim yaxın dostlarımdır.

Oxucular bizi çox sevir. Onlar ancaq bizim yazdığımız elmi-kütləvi, psixoloji-fəlsəfi məqalələri, dünya səviyyəli hekayələri, lirik ovqatlı şeirləri, postmodern təfəkkürlü romanları oxuyur. Biz birlikdə Azərbaycan ədəbiyyatının çiçəklənməsi, dünya ədəbiyyatında öz layiqli yerini əldə etməsi üçün var gücümüzlə, gecəni gündüzə qatıb xidmət edirik. Bizdən başqa ədəbiyyata xidmət edən yoxdur.

Saflığı itirmədən böyümək

Roy Jacobsenin “Möcüzə uşaq” romanı haqqında 


Uşaqların və yeniyetmələrin həyatından bəhs edən kitabları sevirəm. Mənimlə eyni yaş qrupunda olan insanların çoxunda bu marağı hiss etmişəm. Bunun yaşaya bilmədiyimiz uşaqlıqla, ehtiyac içində keçirdiyimiz yeniyetməliklə hökmən bir əlaqəsi olduğunu düşünürəm. Etiraf edək ki, bəzi kitablarda özümüzü tapdığımız üçün bu kitablar bizə doğmalaşır.

Bakıya sonuncu gəlişimdə dostumuz Şahbaz Xuduoğlunun tövsiyəsi ilə, müasir Norveç ədəbiyyatının tanınmış siması, Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilən Roy Jacobsenin “Möcüzə uşaq” romanını aldım. Bu əsər uşaqların həyatından, onların inkişafından, yetişkənliyindən bəhs edən, Norveç həyatına güzgü tutan bir ailə dramıdır. Roman dünyanın 20-dən çox dilinə tərcümə edilib, bir çox ədəbi mükafatlara layiq görülüb. “Möcüzə uşaq” romanının mərkəzində doqquz yaşında Finn, onun dul qalmış anası və ögey bacısı Linda dayanır. Roman Finnin dilindən, bir ailə dramı olaraq nəql edilsə də “arxa planda” ötən əsrin 60-cı illərinin Norveç mühiti, Oslonun kasıb məhəllələri, ehtiyac içində yaşayan insanlar, fəhlələr, həyata uduzmuş ailələr, tikinti bumu, “orta təbəqənin” yaranması, insanların kasıblıqdan rifaha doğru keçdiyi yol var.

1.20.2016

Vüsat O. Bener: “Həvva” (tərcümə)

Mənim saçlarım yumşaqdır. Həvvanın saçları keçə kimi. Anam ülgüclə iki dəfə dibindən qazıtdırdı, saçları uzansın deyə, amma uzanmadı, qısa qaldı. Burnu da elə eybəcərdir ki! Yastıburun. Eynən dərs kitablarımızdakı meymunun burnuna bənzəyir burnu. Heç sevmirəm onu. Pis, oğru.

Anam bu gün onu yaxşıca döydü. Təbii ki, döyməlidi. Qonaq otağımızdakı gözəl xalçamızı kəsib. Dəlidirmi bu? Anam: Ay qız, niyə kəsdin xalçanı? dedi. O: Quş var xalçanın içində, ağ quş. Onu çıxaracaqdı. Gördünmü quşu? Bir də “Tövbə, tövbə ana” deməyi öyrənib, dayanmadan təkrarlayır.

Bir işə yarasa, dərd yarıdır. Hardan görüb ki! Sən ona imkan ver, ora-buranı qurdalasın. Miskin. Üstəlik bacarıqsızdır. Səkkiz saata çirkli qabları yuyub qurtara bilmir. Bir də doymaq bilmir. Yaxşıdır, vallah!

Ötən gün görün nə olub. Anam qonaq getmişdi. Evdə tək qaldıq bununla. Bizim qonşu imamın oğlu Rəcəb evimizin qabağından keçdi. Dönüb bir də keçdi. Ondan sonra da evimizin qarşısındakı səkidə oturub mahnı oxumağa başladı. Necədə iyrənc səsi var. Bu da divanda oturmuşdu. Qəfildən yerindən atıldı. Qorxdum. Sonra marağımı saxlaya bilmədim, buna nə oldu deyə. Arxasınca getdim. Mətbəxə girib, pəncərəni açıb əl yellədir utanmaz. Anama deyəcəm. Onda gününü görər. Ləkəli donumu gizlətdiyim yerdən çıxarıb anama göstərməyi bilir. Nə edim. Tut ləkəsidir. Çıxmadı. O qədər əziyyət çəkdim. İnşallah, başına bir bəla gələr, canımız qurtarar. Allahım, bunu öldür.

Həsir kreslonun nağılı - Herman Hesse



Cavan oğlan çardaqda tək-tənha oturmuşdu. Məqsədi rəssam olmaq idi. Amma bunun üçün bəzi, çox çətin maneələri aşması lazım idi. O da hələlik çardaqda rahatca oturmuşdu. Zaman ötüb keçmiş, bir az yaşlanıb qocalmışdı. Saatlarla kiçik güzgünün qarşısında dayanıb sınaq üçün öz portretini çəkməyə alışmışdı. Bir albomu başdan ayağa bu cür şəkillərlə doldurmuş, bəzilərini bir o qədər bəyənməmişdi.
-Bu barədə təhsilim olmadığını düşünsək, hərdən öz-özünə danışırdı, bu şəkil əslində heç də pis deyil. Burnun yanındakı qırışlar da, düzü çox maraqlıdır. Belə çıxır ki məndə dahilərdən bəzi əlamətlər var, ya da buna bənzər nəsə. Sadəcə ağız kənarlarını bir az aşağıya uzadım, onda rəsm tamamilə özünəməxsus məna daşıyacaq, əməlli-başlı  melanxolik məna.
Təəssüf ki, bir müddət sonra yenidən nəzərdən keçirəndə, qətiyyən bəyənmirdi çəkdiyi rəsmləri. Bu yaxşılığa yozulmurdu, amma bunu yaradıcılığında uğur hesab edir, getdikcə özündən daha yaxşı işlər gözlədiyi qənaətinə gəlirdi.
Çardaqdakı əşyalarıyla heç də xoş və isti münasibətdə olduğu deyilə bilməzdi, amma bu əlaqəni pis də saymaq olmazdı. Onlara insanların böyük  əksəriyyətindən nə çox, nə də az haqsızlıq edirdi. Demək olar ki onları görmür, tanımırdı.
Bir portretini çəkməyə çalışıb, alındıra bilməyəndə, bəzən oturub kitab oxuyurdu. Kitablardan öyrəndiyinə görə, başqaları da onun kimi təvazökar, tanınmamış gənclər olaraq işə başlamış, daha sonra da çox məşhur şəxslərə çevrilmişdilər. Belə kitablar üçün ürəyi gedir, bu kitablarda öz gələcəyini oxuyurdu.

Qərənfili ağlatmaq

1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətllər, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşüb.
 Azadlıq, müstəqillik üçün ayağa qalxmış bir millətin, xalqın haqq səsinin bu şəkildə boğmaq, Sovet hərb maşını üçün yenilik deyildi.  “20 yanvar” faciəsi əslində 18-ci ilin aprel işğalının, 1937-ci il hadisələrinin, Almaniyanın məğlubiyyətindən sonra baş verən qətliamların və iyrəncliklərin, Baltikyanı ölkələrin işğalının, Macarıstan və  Çexoslovakiya hadisələrinin məntiqi davamı idi.