1.20.2016

Vüsat O. Bener: “Həvva” (tərcümə)

Mənim saçlarım yumşaqdır. Həvvanın saçları keçə kimi. Anam ülgüclə iki dəfə dibindən qazıtdırdı, saçları uzansın deyə, amma uzanmadı, qısa qaldı. Burnu da elə eybəcərdir ki! Yastıburun. Eynən dərs kitablarımızdakı meymunun burnuna bənzəyir burnu. Heç sevmirəm onu. Pis, oğru.

Anam bu gün onu yaxşıca döydü. Təbii ki, döyməlidi. Qonaq otağımızdakı gözəl xalçamızı kəsib. Dəlidirmi bu? Anam: Ay qız, niyə kəsdin xalçanı? dedi. O: Quş var xalçanın içində, ağ quş. Onu çıxaracaqdı. Gördünmü quşu? Bir də “Tövbə, tövbə ana” deməyi öyrənib, dayanmadan təkrarlayır.

Bir işə yarasa, dərd yarıdır. Hardan görüb ki! Sən ona imkan ver, ora-buranı qurdalasın. Miskin. Üstəlik bacarıqsızdır. Səkkiz saata çirkli qabları yuyub qurtara bilmir. Bir də doymaq bilmir. Yaxşıdır, vallah!

Ötən gün görün nə olub. Anam qonaq getmişdi. Evdə tək qaldıq bununla. Bizim qonşu imamın oğlu Rəcəb evimizin qabağından keçdi. Dönüb bir də keçdi. Ondan sonra da evimizin qarşısındakı səkidə oturub mahnı oxumağa başladı. Necədə iyrənc səsi var. Bu da divanda oturmuşdu. Qəfildən yerindən atıldı. Qorxdum. Sonra marağımı saxlaya bilmədim, buna nə oldu deyə. Arxasınca getdim. Mətbəxə girib, pəncərəni açıb əl yellədir utanmaz. Anama deyəcəm. Onda gününü görər. Ləkəli donumu gizlətdiyim yerdən çıxarıb anama göstərməyi bilir. Nə edim. Tut ləkəsidir. Çıxmadı. O qədər əziyyət çəkdim. İnşallah, başına bir bəla gələr, canımız qurtarar. Allahım, bunu öldür.


Allah ağzımdan eşitdi. Yaxşı olur! Kötük kimi şişdi ayağı. Gecə çardaqdan üzüm qoparmağa çıxıb, yıxılıb lampanın üstünə. Şüşə qırıqları piyinə batıb. Axmaq.

Atam çox mərhəmətlidir. Götürüb bu qızı İstanbula apardı. Tək qaldıq. Anam gizli-gizli ağladı.

Bir aydır narahatdır. Kaş ki, heç gəlməsin bu Həvva.

Amma gəldi. Yaxşılaşıb.

Anam dünən dedi ki: Görəsən bu qızın qabağına on baş soğan qoysam yeyə bilərmi?

Qoyaq ana, görək yeyə biləcək? dedim. Qoyduq. Vallah hamısını aşırdı. Çaşıb qaldıq. Gözlərindən gildir-gildir yaş axırdı, amma yeyirdi. Sonra anam: Ay qız, siqaret də çəkərsən? dedi. Çəkərəm, dedi.

-Al bunu çək, tez ol. Sən demə siqaretin içinə duz qoyubmuş anam. Çatırtı çıxmağa başlayanda siqareti atıb elə qaçdı ki. Gülməkdən yıxılırdıq.

Sütcü Hacı bunun üstündə guya Rəcəbə bıçaq çəkib. Uydurmağına bax!. Geçən gün də anamın yanında deməzmi! Anam elə əsəbiləşdi ki. Ay qız, o nə deməkdir, dedi. Bir də eşitməyim ha. Yoxsa öldürərəm səni. Anam elə dedi, amma o yenə də mənə: vallahi bıçaq çəkdi, ay qız, deyir.

Harasa gedəndə anam onu evə salıb qapını kilidləyir. Yoxsa baş götürüb gedir. Bir gün az qala ölürdü. Anam camaşırxanaya salıb, qapını bağlamışdı. Kürədə kömür var imiş. Axmaq, pəncərəni açsana. Nələr çəkdik. Sarmısaqlı qatıq içirdik. Ürəyim bulanır. Altını batırmışdı.

Fatma xanım deyir ki, bu qız pişik kimi yeddi canlıdır, ölməz. Haqlıdır. Donuz kimi yeyir. İkicə dənə qonaq şirniyyatını anama demədən götürdüm deyə, on dəyənək yedim ovucuma. Onun üzündən. Hardansa görübmüş, araqarışdıran.

Anam da qəribədir. Başını dizlərimə qoyub yatır. Bəzən də dizimə daha çox basır, elə hiss edirəm. Dizim çox ağrısa da, çəkə bilmirəm. Üzümə elə qəribə baxır ki…

Sonra, bir gün qapının arxasından qulaq asdım. Atam anama: Aç ağzını, tüpürəcəm, deyirdi. Anam da: A, bəy elə şey olar, deyirdi. Sonra atam qalın səslə güldü: Səni yoxlayırdım, dedi. Sən ağzını aç görüm, mən tüpürəcəm?

 Çaşıb qaldım. Niyə belə danışırdılar? Neçə dəfə anamdan soruşmaq istədim, sonra fikirimdən döndüm. Birdən, qapını pusduğumu bilərlər. Onsuz da anamdan çox qorxuram. Vuranda səsini çıxarmamalısan. Hələ çığırsan, batdın. Mən çığırmıram, amma ağlayıram. O dəli heç ağlamır. Səsi çıxdığı qədər bağırır, vəssalam.

Atam neçə dəfə: Bu qızdan adam olmaz, göndərək öz kəndinə, getsin, dedi. Getsəydi, canımız qurtarardı. Anam: Qıza yazığım gəlir, dedi. Kimsəsizdir. Həm də güclüdür. İşimə yarayır. Necə olsada, lazımlıdır.

Bu qədər yaxşılıq edirik, heç olmasa sakit dayansın. İndi də başlayıb, qarnım ağrıyır deməyə. Ağzından elə pis iy gəlir ki! Sonra da tez-tez soxulcan tapıb məni qorxudur. Buna görə iştaham kəsilib. Anama da deməmişəm. Desəm, o da parçı mənim qırdığımı deyəcək anama. Halbuki Məstan tullananda qırıb. O qırmayıb, amma mən anama elə dedim. Nə edim, gözümün qabağına zopanı gətirdim!

Həvva üç gündür xəstədir. Evdən üfunət iyi gəlir. Nə etdiksə, xeyri olmadı. Ağızdan-ayaqdan açılıb.  Biri ishal dedi, biri qızdırma. Həkim də adını unutduğum bir şey dedi. Allah qorusun, hamımız ölə bilərdik. Sonra, o xəstəlik deyil, dedi. Yaxşı ki, mən məktəbə gedirəm. Yoxsa, iyə dözmək olmur.

Nə isə, onu kömürlüyün yanındakı otağa qoydular. Atam evi dezinfeksiya etdirdi. Anam da buxur yandırdı. Mənim otağımın divarları yaşıldır. Bəzən aşağı enib pəncərədən onun otağına baxıram. Qıvrılır bütün gün. O yekəlikdə qız əriyib gedir. Nə oldu buna? Amma o ölməz.  Yenə yaxşılaşar. Ayağını İstanbulda kəsəcəklərmiş. Kaş ki, kəssəydilər. Bir küncdə oturardu heç olmasa. O görməmişliyi ucbatından başına bu bəlalar gəlir.

İndi peşiman olsa da, nə faydası? Anam sıxışdırandan sonra boynuna alıb. Zibilliyə atdığımız yağ qabının dibini sıyırıb yeyib, ona görə bu günə düşüb. Qonşular paslı qabdan zəhərləndiyini danışır. Anam, bir dua oxutsaq yaxşı olarmı görəsən, deyir.

Anam bu gün ağlayırdı. Zavallı anam. Məni çox döysə də, onu çox sevirəm. Neçə dəfə bayramlarda öz köhnə paltarlarını söküb, mənim üçün paltar tikib. Niyə ağlayırsan?, dedim. Deyəsən Həvva öləcək, qızım, dedi. Ona görə ağlayıram. Birdən mən də kövrəldim. Mən də ağlamağa başladım. Həvva öləcək, hə? Ölməsin ana! Bilmək olmaz qızım. Hər şey allahdandır! Yaxşı, get. Ağlama!

 Anam elə desə də, mən ağladım. Sonra aşağı düşüb pəncərəsindən otağına baxdım. Ağrıdan qıvrılır, çırpınırdı. Allahım, nə olar, ölməsin, dedim. Allahım, öldürmə onu! O yenə çırpınırdı. Birdən qarnıma ağrı doldu. Qışqırmaq istədim, səsim çıxmadı. Qaranlıq düşürdü. Dayandığım yerdən tərpənə bilmirdim. Yaxşı ki, itimiz yanıma gəldi. Quyruğunu bulayırdı. İtimizi tumarladım. Sonra onunla pilləkənin yanına qədər gəldik. Qarnımın ağrısı keçdi.

Bir az keçmiş, anam, atam, həkim gəldi. Mən də qapının arasından baxırdım. Həkim Həvvanın qoluna iynə vurdu. Həvva bağırmadı. Üçü də dayanıb gözlədi. Atam çənəsindəki sızanaqla oynayırdı. Sonra anam atamın üzünə baxdı. Atam əyilib həkimin qulağına nə isə dedi. Həkim başını tərpətdi. Sonra Həvvanın gözləri açıldı. Anam Həvvanın yanına yaxınlaşdı, yatağının yanında diz çökdü. Qızım Həvva, yaxşısanmı balam? dedi. Bax, artıq yaxşılaşmısan. Ürəyin nə isə istəyirmi? Nə bişirim sənə? Həvva əvvəlcə heç nə demədi. Sonra gözlərini bərəldib : Paxlava, dedi. Sonra da öldü.

Tərcümə: Cəlil Cavanşir

Hiç yorum yok:

Yorum Gönder