1.20.2016

Qərənfili ağlatmaq

1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətllər, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi tarixə düşüb.
 Azadlıq, müstəqillik üçün ayağa qalxmış bir millətin, xalqın haqq səsinin bu şəkildə boğmaq, Sovet hərb maşını üçün yenilik deyildi.  “20 yanvar” faciəsi əslində 18-ci ilin aprel işğalının, 1937-ci il hadisələrinin, Almaniyanın məğlubiyyətindən sonra baş verən qətliamların və iyrəncliklərin, Baltikyanı ölkələrin işğalının, Macarıstan və  Çexoslovakiya hadisələrinin məntiqi davamı idi.


Sovet hərb maşını əzib keçməyə, öldürməyə və azadlıq arzularını beşiyində boğmağa adət eləmişdi. Bu onun işğalçı və totalitar xislətinə uyğun idi.  Bu yazıda “20 yanvar” faciəsinin siyasi tərəflərini yazmaq fikrində deyiləm. 25 ildir ki, bu barədə qəzetlər böyük-böyük yazılar yazır, xalq həmin günü matəm günü kimi qeyd edir, televiziyalar hərlədib-fırladıb oxşar süjetləri yayımlayır, müharibə mövzulu filmlər nə bilim neçə mininci dəfə nümayiş etdirilir.  Tarixə qanla yazılmış bu faciə müasir ədəbiyyatımızda hansı şəkildə öz həllini tapıb? Düşünürəm ki, hələ bu proseslərin ədəbiyyatımızda uğurlu həlli tapılmayıb.
 Mənim oxucu kimi yadımda qalan qələm adamlarımızın ağır kədər hissi ilə qələmə aldığı ağılardır. Bəli, məhz ağılar! Bu faciə ilə bağlı yaranan ədəbiyyatda göz yaşı, ah-nalə, qanqarğış əsas aparıcı xətdir.

 Biz hələ də “ağlayan qərənfillər”dən yapışıb qalmışıq.

 Əfsus ki, “20 yanvar” faciəsi ilə bağlı ciddi, dünya səviyyəli ədəbiyyat nümunəsi
yaranmayıb. O dövrdə meydanlarda olan qələm adamlarımızın qələmə aldığı ədəbi nümunələrdə, göz yaşı və nifrindən başqa heç nə yoxdur. Edilən cəhdlərə kölgə salmaq
fi krindən uzağam. Amma reallıq göz qabağındadır.  Sənədli kitablar və yazılar, müəyyən qədər poeziyamızda bu hadisənin əksi, sənədli kadrlar və filmlər ədəbiyyatımızın bu sahədəki boşluğunu doldurmur.

 Əslində 18-ci ilin aprel işğalı, 37-ci ilin repressiyaları və sürgünlər də ədəbiyyatımızda kifayət qədər ciddi şəkildə işlənilməyib.  Yəqin ki, bu yazını oxuyan oxucular yüzlərlə şeir,hekayə, roman adı sadalayacaq. Amma mən yenə öz fikrimdə qalıram. Bu faciə ilə bağlı yazılan əsərlər özünü yazıq, çarəsiz, köməksiz göstərmək cəhdidir. Dünyanın isə bu söhbətlərə qarnı toxdur.

 “Praqa baharı”nın süqutu və sovet tanklarının Praqaya girməsi ilə, 20 yanvar faciəsi arasında təxminən 20 illik zaman kəsiyi var. Çex əslli böyük yazıçı Kundera demək olar ki, bütün yaradıcılığı boyu bu ağrını, faciəni unudulmağa qoymayıb. Və sözün əsl mənasında şedevrlər yaradıb.  Kundera məsələyə qlobal yanaşmağı, faciəni bəşəriləşdirməyi bacarıb. 

 Bizim ədəbiyyat isə üstündən 25 il keçməsinə baxmayaraq hələ də qərənfi li ağlatmaqdan əl çəkməyib.


 Məncə düşünməyə dəyər...

20.012015

Hiç yorum yok:

Yorum Gönder