5.23.2015

And olsun qaranlığa!


Gecənin içindəki işığa dikilir baxışlarım -  yoğunam, sərsəriyəm
şeirin üstünə yeriyirəm
gecəni udum-udum içirəm
sabahın adamsızlığına gedirəm
And olsun qaranlığa ki
yalan danışdığını bilirəm...
Ulduzlar qədər uzaqsan və mən səni sevirəm...


Qutudakı son siqaretə uzanır əllərim,
Qutudakı son kibrit dənəsini yandırıb, qaranlığa atıram.
Alışır gecənin bağrı, gecəyə od vururam
Qaranlığın alışan bağrında bir siqaret yandırıb, bir içki süzürəm özümə
bir udum soyuq içirəm, bir udum gecə içirəm, bir nəfəslik işıq çəkirəm ciyərlərimə
sənə durmadan zəng edirəm,
sənə durmadan zəng edirəm
və telefonum söndürülüb…
Fələstində bir uşaq vurulur ürəyindən, qan süzülür barmaqlarımdan.
Bir sərsərisi də azalacaq şəhərin,
Çünki çıxıb gedirəm…

Beynimdə qancıq köpəklər ulaşır və  bir fahişə düşür maşından
Küçə qaçır ayaqlarımın altından, ulduz axır
Mən maye halındayam indi, darıxmağın maye halında…
Özümü içirəm bütün gecələrin sağlığına…
Göz bəbəklərim ovcumda, səni axtarıram…
İçimdə əcaib sancı var, hamilə olduğumu düşünürəm
Qərib və avara gecələrlə sevişən,
Və qorunmayan küçə şairiyəm..
Bir işıq dirəyinin kölgəsinə çəkilib şeir doğuram…
And olsun bu qaranlığa ki, səni zərrə-zərrə unuduram…



Hiç yorum yok:

Yorum Gönder