2.17.2016

Bizdən sonra nə qalacaq ki?

Bizdən sonra nə qalır ki? Əgər yazan olsa  bir-iki sətir nekroloq, ya da dostlar danışsa bir-iki cümlə xatirə...

Dünyasını dəyişmiş yazıçılar və şairlər haqqında danışılan (yazılan) xatirələr hər zaman maraqlıdır, xatirələrə hər zaman tələbat var.

Oxucu kimi, tanıdığım, tanımadığım, sevdiyim, sevmədiyim yazıçılar haqqında yazılan xatirələri acgözlüklə oxuyuram, fürsət düşəndə yaşlı yazıçıların çağdaşları haqqında danışdıqlarını böyük maraqla dinləyirəm. İstər yerli, istərsə dünya ədəbiyyatının nümayəndəsi olan yazıçıların memuarları, avtobioqrafik əsərləri, yazıçılar haqqında yazılan xatirələr məni cəlb edir. Çünki bu kitablarda, yazılarda onlarla yanaşı çağdaşları da görünür, sanki, o dövrə səyahət etmiş kimi oluram, onlarla yanaşı addımlayıram, onların fikir mübadiləsində, mübahisələrində, şeir məclislərində iştirak edirəm, badə toqquşdururam. Yaşadıqca, ömrü tükətdikcə acılı-şirinli, maraqlı-maraqsız xatirələr toplanır yaddaşımızda. Hansısa müdrik deyib ki, "yaddaş xatirələr xəzinəsidir".

Yaşlı nəsilin yazıçıları müsahibələrində, söhbətlərində yada saldıqları xatirələr, xatırlanan əhvalatlar əksərən məni duyğulandırır, kövrəldir və bəzən düşündürür. Olur ki, sevdiyim yazıçı üçün təəssüf hissi keçirir, bəzən şeirlərini sevdiyim şairin hansısa hərəkətinə görə üzülürəm, utanıram.


Xatirələr bizdən sonra qalacaq ən layiqli mirasdır. Bizdən sonra nəyi dəyişdirməyə çalışsalar da, insanların yaddaşındakı xatirələrimizi dəyişdirmək, silib yenidən yazmaq mümkün olmayacaq. Ətrafımızdakı insanlar üçün necəyiksə,  sonradan o cür də xatırlanacağıq. Bunu dəyişdirmək gücümüz, bu prosesə hansısa yolla müdaxilə etmək şansımız yoxdur.

Bizdən sonra xatirələr qalacaq.

Biz xatirələrdə necə qalmışıqsa, elə də yaşamışıq demək. İncitdiklərimiz, qəlbini qırdıqlarımız, yolunu kəsdiklərimiz, mane olduqlarımız, xəyanət etdiklərimiz, aldatdıqlarımız, yalan danışdıqlarımız və sevdiklərimiz bizi necəyiksə, elə xatırlayacaq. Sonra da geri qayıdıb səhvlərimizi düzəltmək imkanımız, nəyi isə dəyişmək şansımız, hansısa günahımızı yumaq fürsətimiz olmayacaq.

Olmadığımız yerlərdə danışılacaq xatirələrimiz, sağkən ağlımızın ucundan keçməyən adamlar  dinləyəcək bizimlə bağlı söhbətləri. Heç vaxt fikrini dəyişə bilməyəcəyimiz adamlar bizə nifrət edəcək, heç vaxt qarşısında dayanıb özümüzə haqq qazandırmaq imkanımız olmayan adamlar güləcək arxamızca...

Bizdən sonra xatirələr qalacaq bir yığın, pərakəndə, dağınıq...

Bizdən sonra xatirələrimizin romana çevriləni də olacaq, lətifəyə çevriləni də. Bizi bizdən sonra nifrətlə də xatırlayacaqlar, sevgiylə də yada salacaqlar. Və ilahi ədalətə baxın ki, bizim heç nəyə müdaxilə etmək şansımız olmayacaq.

...Hamının əlçatmaz hesab etdiyi bir şairin illər sonra nifrətlə xatırlandığı məclislər görmüşəm, hamının başına and içdiyi yazıçının, əslində, dəyyusun biri olduğunu oxumuşam və etiraf edim ki, çox sarsılmışam.

...İllər sonra haqqımızda danışılacaq (yazılacaq) xatirələrdə bizi dəyyus, əclaf, mərdimazar, yaramaz kimi xatırlayacaqlarsa, bu gün meydan sulamağımızın bir anlamı qalırmı? Bu gün kimlərinsə yoluna daş itələməyimiz, kimlərinsə yolunu kəsib mane olmağımız illər sonra övladlarımızın, sevənlərimizin utancı olacaqsa, nəfəs dərib düşünməyin məqamı deyilmi?

Heç olmasa xoş xatirələrlə yaddaşlarda qalmaq üçün düzgün yaşamaq olmazmı?

...Bizdən sonra nə qalacaq ki?

Milli.az

Hiç yorum yok:

Yorum Gönder