2.17.2016

Süpürgəçi vəzifəsinə poliqlot tələb olunur

Eşitmisinizmi ki, ölkədə yeni iş yerləri açılır? Eşidə bilməzsiniz, çünki...

Xəbəriniz varmı ki, vakansiyaların sayı işsizlərin sayından çoxdur? Hə vallah, çoxdur. İnanmırsınız?


Yaxşı-yaxşı, zarafat edirəm. Ümumiyyətlə, kasıb-kusubla, işsizlərlə məzələnməkdən xoşum gəlir. Harda dilənçi görsəm, yanına təpik vurub qaçıram. Məni belə böyüdüblər. Dayəm Svetlana Aleksiyeviç - atam onu Belarusiyadan sifarişlə çağırmışdı - mənə belə tərbiyə verib. Totya Sveta mənə kasıb uşaqlarla oynamağa icazə vermirdi. O, həmişə deyirdi ki, kasıblıq, işsizlik yoluxucu xəstəlik kimidir. Bacardıqca işsiz qonşularımızın uşaqları ilə oynamırdım ki, birdən atamı işdən çıxararlar. İşsizlərdən pis iy gəlir. Onlar çox pinti olurlar. Totya Sveta mənə demişdir ki, işsizlər vampir kimi qorxuludurlar. Mən Totya Svetanı çox sevirəm. Atam Kral Akademiyasından Totya Sveta üçün bir dənə Nobel mükafatı hədiyyə aldı. Sağlığına qismət, üstümüzdə çox əməyi olub. Amma anam buna çox əsəbiləşdi və atamın "Qalik"inin üstünə nöyüt töküb yandırdı. Yazıq atam, indi işə "Ferrari"si ilə gedir. Anam deyir ki, Totya Svetanı harda tutsa, cıracaq.

Mən öz şirkətimdə işləyirəm. Atam məni çox sevir və ona görə də mən məktəbi qurtaranda şirkətlərimizdən birini mənə hədiyyə etdi.
Kefim yaxşı olanda, şirkətdə işlərim yolunda gedəndə maşınımı "qul bazarı"na sürüb iş axtaranlarla məzələnmək məni çox əyləndirir. Onlar dünyanın ən nikbin, ən şən, ən qayğısız insanlarıdır. Bu mənim xoşuma gəlir. İşsizlər olmasa, darıxarıq. Yaxşı ki, ölkəmizdə yeni iş yerləri açılmır. Bu, şəxsən məni çox sevindirir. Ali təhsilli gənclərimiz işlə təmin olunsa, "qul bazarı" da olmaz. "Qul bazarı" olmasa, mənim kimi zənginlər öz var-dövləti ilə öyünə bilməz. Bu isə çox mənfi haldır.


Yaxşı ki, iş tapmaq o qədər də asan deyil. Heyf ki, tək-tük iş yerlərinə də qəbul olmaq üçün namizədlərdən fantastik bacarıqlar tələb olunmur. Bu gün şirkətə bir süpürgəçi götürmək üçün vakansiya elanı verən saytlara bir iş elanı göndərmişəm. Aranızda işsizlər varsa, bu xəbər sizləri çox sevindirəcək. Şərtlərim və tələblərim çox sadədir. Əgər aranızda özünə güvənən olsa, şirkətimizin qapıları üzünüzə 24 saat açıqdır:

Beynəlxalq şirkətə süpürgəçi tələb olunur

Vəzifələr:

-Şirkət binasının dəhlizlərini, otaqlarını və pilləkənlərini süpürmək,
-Zibilləri atmaq,
-Binanın pəncərələri silmək,
-Anbara gələn yükləri boşaltmaq,
-Şirkət rəhbərinin maşınlarını yumaq,
-Şirkət rəhbərinin sürücüsünün evinə bazarlıq etmək,
-Katibənin evini təmizləmək və bazarlıq etmək,
-Şirkət rəhbərinin villasının həyətini süpürmək,
-Şirkət rəhbərinin yaşadığı küçəni süpürmək,
-Katibənin azyaşlı oğlunun bezlərini dəyişmək,
-Boş vaxtlarında şirkətin maliyyə hesabatlarını gözdən keçirmək,
-İş vaxtı bitdikdən sonra mühafizəçini əvəz etmək.

İş şəraiti:

-Şirkət rəhbərinin daxili qaydalarına uyğun tənzimlənir
-Həftədə 8 iş günü. (İstirahət ildə bir dəfə)
-Maaş 200 AZN (Vəzifənin öhdəsindən gələ bilmədikdə cərimələr tətbiq olunur)

Tələblər:

-Cinsi:  Kişi (Cinsi dəyişən qadınlar narahat etməsin)
-Yaş: 18-25
-Staj: minimum 10 il
-Güləş üzrə ikiqat dünya çempionu olması arzulanandır
-Futbol üzrə beynəlxalq hakimlik dərəcəsi
-Müvafiq aspirantura təhsili
-7 dili mükəmməl bilməli (amiş və tamil dili məcburidir)
-ABCDE kateqoriyalı sürücülük vəsiqəsi
-Təyyarə, helikopter və tankı sərbəst idarəetmə bacarığı
-20 dəqiqə sualtı üzmək
-Spider Man səviyyəsində uça bilmək
-Yaraşıqlı və əzələli bədən qruluşu
-"Best Model of Azerbaijan" müsabiqəsinin qaliblərinə üstünlük verilir
-Mümkünsə boşanmış, ya da ailə qurmamış

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində "süpürgəçi" qeyd edərək öz CV-lərini hr@beynelxalqshirket.azcom elektron ünvanına göndərməyiniz xahiş olunur

*Qeyd: Vakansiya 3 gün ərzində aktivdir.


Milli.Az

Hiç yorum yok:

Yorum Gönder