2.16.2016

Seksist media və Burak Özçivit fanatları

Mediamızdan xəbər başlığı: "Burak Özçiviti görən qızların utanc dolu hərəkətləri Azərbaycanın qeyrətli oğullarını narahat etdi".

Yuxarıdakı xəbər başlığı qarşıma çıxmasaydı, bəlkə də bu barədə yazmayacaqdım. Amma bir qeyrətli vətən oğlu kimi narahatlığımı dilə gətirməyi özümə borc bildim.

"Qardaşım mənim" (Kardeşim benim") filminin təqdimatı üçün Azərbaycana gələn türkiyəli aktyor Burak Özçivitin Bakıdakı qala-gecəsindəki izdiham, azərbaycanlı gənclərin görməmişliyi və düşüklüyü bir müddət sosial şəbəkələrdə və mətbuatda müzakirə olundu. Hətta iş o yerə çatdı ki, qeyrətli oğullarımız narahat oldular. Xəbər başlığının mentallığı, açıq-aşkar seksizm məni üşəndirdi. Axı o məlum videolarda Burak qardaşımıza sürtüşən təkcə qızlar deyildi. Bu seksizm nəyə və kimə lazımdır? Bir problemi işıqlandırarkən cinsiyyət ayrı-seçkiliyi nə qədər doğrudur?

Ziyarətgahdan tutya alırmışcasına Burak qardaşımıza yumşaqcasına toxunan ismətli qızlarımızla bərabər, aktyorla şəkil çəkdirmək üçün enli sinəsi ilə izdihamı yarmağa çalışan şir pəncəli, pələng biləkli qardaşlarımızı niyə görməzdən gəlirik?

Sözümün canı budur ki, məsələyə belə səthi yanaşmaq da doğru yol deyil.

Bəs sizcə, niyə Burak Özçivit?
Niyə İlqar Cahangir yox? Niyə əlimiz çatan, ünümüz yetən bir sənətkar yox, Burak Özçivit? Niyə də, niyə?

Yaxşı, əsəbləşməyin. Bilirəm, deyəcəksiniz ki, Burak başqadır, Burak candır, şirindir, xarizmatikdir, "yakışıklı"dır, zırtdır, pırtdır.


Bir mömin qardaşımız da çıxıb deyəcək ki, kül başınıza, Burak olsa-olsa, Məhəmməd peyğəmbərin Meraca qalxarkən mindiyi minik vasitəsidir. Yəni Burak atdır.
Siz isə deyəcəksiniz ki, at muraddır. Həmin o at, yəni murad bozdur və Murad Boz da aktyordur. Di gedin, dırmaşın atın tərkinə!

Aktyor və sənətçilərə fanat hücumu mənim üçün təəccüblü deyil. Bu 33 illik ömrümdə Əmrah üçün ağlaşan, Mahsun üçün zəncir vuran, Necati Şaşmaz üçün divara dırmaşan, Üzeyir Mehdizadə üçün şeir yazan, Castin Biber üçün damarını doğrayan çoxlu əcaib-qəraib fanatlar görmüşəm və eşitmişəm. Hələ fanatlığın xəstəliyə çevrildiyi mərhələ var. Fanatları tərəfindən öldürülən, təqib edilən, zorlanan bəxtsiz ulduzlar haqqında da oxumuşam. Açığı, belə şeylər məni heyrətləndirmir, çünki dünyada milyonlarla nümunəsi var.

Gənc və cahil nəslin hansısa aktyora, idmançıya, müğənniyə fanatlıq etməsi yenilik və təəccüb doğuracaq bir hadisə deyil. Hər nə qədər bu düşüklüyü və meymunluğu normal qəbul etməsəm də, bu içiboş gəncləri başa düşməyə çalışıram. Əsla və əsla ölkəmin gənc və perspektivli fanatlarını qınamıram.

Onların həyata gəlişində, varlığında nəsə mistik bir ipucu, ilahi əlamət, ruhani istinad nöqtəsi axtarıram sadəcə. Əcəba, bu gənclik niyə belədir?
Hormon pozuqluğu, yoxsa kosmik şüalar?
Amerikanın oyunları, yoxsa Mossadın təxribatı?
Bəlkə, CIA xüsusi layihə hazırlayıb?
Bəlkə, xarici ölkələrdən gətirilmiş geni modifikasiya olunmuş qida məhsulları məzlum binəvaları bu günə salıb?
Görəsən, Ozon qatının deşilməsinin bu məsələyə təsiri nə qədərdir?

Yaxşı, yaxşı zarafat edirəm. Gəlin belə əcaib-qəraib düşüncələrlə özümüzü yormayaq. Yenə də ağız büzəcəksiniz, amma ömründə bir kitab üzü açmayan, normal bir film izləməyən gənc qızın əlinə "iPhone 6 Plus" versən, təbii ki, gedib elektron kitab yükləyib oxumayacaq və sözsüz ki, həmin qızcığaz Burak Özçivit selfisi ilə instagramda "partlatmağa" çalışacaq. Yəni, belə şeyləri zad eləyib, dərd çəkməyin.

"Qeyrətli oğulları"mızın narahatlığına qoşularaq deməyəcəm ki, gəncliyimiz gedib milli qəhrəmanlarımıza, tarixi şəxsiyyətlərimizə pərəstiş eləsin. Belə boğazdanyuxarı söhbətlərə də qarnımız toxdur. Gəncliyin fantaziyası, düşüncəsi, dünyaya baxışı başqadır.

Hansısa müğənninin, aktyorun pərəstişkarı olmaq da, ona toxunmaq xəyalı ilə alışıb-yanmaq da olar. Amma bunu düşüklük səviyyəsində etməmək də mümkündür axı. Bax kim bunu deyirsə, onunla həmfikirəm.

Normal şəkildə bir sənətkarı sevmək, ona pərəstiş etmək mümkündürsə, niyə özümüzü bambılı yerinə qoyub, gülüş hədəfi edirik?

Unutmadan deyim, bu yazım seksist xəbər başlıqları ilə ayrı-seçkilik yaradanların menyusundandır, Burak Özçivit fanatları məni bir o qədər də narahat etmirlər. Çünki mətbuatımızda son vaxtlar bu ayrı-seçkilik ciddi şəkildə müşahidə olunur.


Milli.Az

Hiç yorum yok:

Yorum Gönder