Yaşar Bünyadın “İblis busəsi” romanı haqqında qeydlərim
Azərbaycanda
ədəbiyyatın, sözün, sənətin vəziyyəti məlumdur. Bu barədə uzun-uzadı danışmaq əlavə
vaxt itkisidir. Ayıq-sayıq oxucu üçün müasir ədəbiyyatımızın mənzərəsi sosial şəbəkələrdən,
ədəbiyyat saytlarından, jurnal, qəzet, qəzet əlavələrindən çox aydın göründüyü
üçün, dərinə getməyə hacət görmürəm. Şayət, günümüzün ədəbiyyatını yaradanlar
da, yaratdığını iddia edənlər də ortadadır. Ədəbi tənqidçilərin, sənətdən, ədəbiyyatdan yazan bloggerlərin də
işi də ortadadır. Məsələn, son on dövrlərdə oxuduum bu tipli mətnlərə qas-qas
gülmüşəm. Tənqidçilərin kimlərə və hansı səbəbdən “maya qoyması”, kimləri hədəfə
çevirməsi və gözdən salmağa çalışması mənə gün kimi aydındır. Ümid edirəm
oxucular da bu məsələlərdən halidir.
Hərdən
düşünürəm ki, ədəbi mühitdəki dost çevrələri, imtiyazlı, imkanlı, vəzifəli
yazarların ətrafında toplanan istedadlı qələm adamları, ədəbi mətbuat ətrafındakı
hiyləgər gözəgirənlik cəhdləri olmasa yaranan və işıq üzünə çıxan ədəbi nümunələrdən
xəbərsiz qalarıq. Niyə? Ona görə ki, yeni çıxan kitablar haqqında sistemli təqdimat
yazıları yazan bloggerlərimiz, yeni nəsrimizi və poeziyamızı ürəklə, vicdanla, peşəkarlıqla
təhlil edən, ədəbi prosesə hərəkət verən tənqidçilərimiz yoxdur. Heç kəsin əməyini
yerə vurmaq istəməzdim, amma mənzərə göz önündədir. Az qala oxuduğum bütün
yazıların, paylaşılan hər xəbərin, çap olunan “şeirlərin”, efirə çıxan, müsahibə
verən şairlərin, yazıçıların, ədiblərin arxasında nələrin, kimlərin, nə qədərin
dayandığını hiss edə bilirəm. Eyni zamanda dəqiq bildiyim çox nəsnələr var ki,
onları münasib bir vaxtda, ömür vəfa edərsə marağı olanlarla bölüşəcəm.
Fikirlərim
qarışdı, mətləbi çox uzatdım. Sizə bu günlərdə böyük zövqlə və birnəfəsə
oxuduğum yazıçı Yaşar Bünyadın “İblis busəsi” romanı haqda söhbət açmaq istəyirəm.
Təəssüf ki, indiyəcən Yaşar bəyi yazıçı kimi tanımaq fürsətim olmayıb. Ədəbiyyata
nə zaman gəlib, kimlərlərdən təsirlənib, kimlərlə məclis qurub, kimlərlə
dostluq edib, bilmirəm. Cəmi 100 tirajla çap olunan və 2017-ci ildə nəşr olunan
kitabının sonunda 1956-cı ildə Şamaxıda
doğulduğu və Rusiya Federasiyasının Saratov şəhərində yaşaması ilə bağlı məlumat
oxudum. “İblis busəsi”ndən öncə müsabiqələrdə yer tutan bir neçə hekayəsini saytlarda
oxumuşdum və açığı diqqətimi çəkməmişdi. “İblis busəsi” romanı isə məni oxucu olaraq həyəcanlandırdı
və istədim ki, Azərbaycan ədəbiyyatına və yeni nəsrimizə marağı olan oxuculara
da bu əsərdən xəbərdar olsunlar.
Yaşar
Bünyadın “İblis busəsi” romanın mövzusu kifayət qədər ilgincdir. Ötən əsrin
80-90-cı illərində postsovet ölkələrində baş verənlər, insan taleləri, dağılan
sosializm cəmiyyətinin mənzərəsi, fərdlərin düşüncələri və həyata baxışı,
sosial-iqtisadi vəziyyət, siyasi-ictimai proseslər, anarxiya, özbaşınalıq,
yenidənqurma, məhəlli münaqişələr və savaş müasir oxucu üçün maraqlı, ədəbiyyatımız üçün aktualdır. Və müəllif
bütün bunları özünəməxsus şəkildə yazıçı süzgəcindən keçirib, oxucuya təqdim
edir.
Romandakı əsas
xarakter Rüfət kənddə doğulub, atasız böyüyüb, paytaxtda təhsil alıb, idmanda
kifayət qədər uğurlar qazanıb və iki ədalətsiz
müharibədə – Əfqanıstan və Qarabağ müharibəsində savaşıb. Eyni zamanda uğursuz
sevgi macərası yaşayıb, xəyanətlə üzləşib və qətl törədib. Rüfət müsbət qəhrəman
olmasa da, sanki müəllif ciddi-cəhdlə onun xəyanətlərinə və səhvlərinə haqq
qazandırmağa, onun işlədiyi günahların vəbalını taleyin, mühitin, cəmiyyətin
üstünə atmağa çalışır. Əsərdə Rüfəti qoruyan gözəgörünməz əl, müəllifin özüdür.
O öz obrazını bütün sınaqlardan, çətinliklərdən asanlıqla çıxarır. Əfqanıstanda
və Qarabağ müharibəsində Rüfətin iştirakı, döyüş yoldaşları ilə münasibətləri və
erməni əsirliyindən möcüzə nəticəsində qurtulmağı – məncə bütün bunlar müəllifin
Rüfətə, əsas obraza haqq qazandırmaq cəhdləridir. Müəllif hadisələri səbirsizlik
və tələskənliklə Rusiyaya çəkir, Rüfət üçün Moskvada sürpriz final hazırlayır. Məhz
bu səbəbdən də əsərdəki çox ciddi hadisələr – SSRİ-nin Əfqanıstanda apardığı
müharibə, Sumqayıtda baş verən cinayətlər, 90-cı illərin əvvəlində Bakıda gedən
proseslər və 20 yanvar qırğını, Qarabağ münaqişəsi ötəri təsvir olunub.
Qeyd
etdiyim kimi, romanın mövzusu aktualdır. O dönəmin hadisələri ədəbiyyatımız
üçün yazılmağını gözləyən, hələ də insanlarımızın hafizəsində canlı qalan hazır
materiallardır. Xüsusilə SSRİ dağıldıqdan sonra Rusiyaya köçən və ya müharibədən
qaçan, orda məskunlaşan, müxtəlif şəhərlərdə yaşayan həmvətənlərimizin taleyi
Azərbaycan oxucusu üçün maraqlıdır. Müəllif bütün gücünü məncə bu istiqamətdə
yönəldib.
Əsərdəki
obrazların – türklərin, rusların, ermənilərin taleyi bir-biri ilə sadəcə kəsişmir,
onların taleyi həm də iç-içədir. Əsərdə ermənilərə qarşı münasibət diqqətimi çəkdi.
90-cı ildən sonra doğulan Azərbaycan oxucusu üçün erməni sadəcə düşməndir.
Qarabağ münaqişəsi başladıqdan sonra doğulan gənclər üçün erməni qızını sevmək,
erməni ilə dostluq etmək az qala inanılmaz kimi görünür. Halbuki Rüfətin təhsil
aldığı Bakı beynəlmiləl şəhərdir, burada erməni qızına aşiq olmaq da, erməni gənci
ölümdən xilas etmək də mümkündür və dövrün reallığıdır. Rüfət erməni qızına
aşiq olub, nişanlısını aldadır. Sonradan
Marqonun (Məryəmin) atasının pinəçi Zakir olduğu üzə çıxır. Marqonu Məryəmə
çevirmək, atasın türk olmasını oxucuya pıçıldayıb, onun Bakıda qalmasına və Rüfətin
onu sevməsinə haqq qazandırmaq cəhdi məncə yersizdir. Rüfət erməni sevgilisinin
qonşusu, Marqonun ilk sevgilisi Armenin qardaşı Rafiki ölümdən xilas edir,
Armendə borclu qalmır, Qarabağda Rüfətin
əsirlikdən qaçmasına şərait yaradır.
Bu
detallar, xüsusilə Rüfət-Marqo-Armen münasibətlərinin ilk dönəmlərində müəllifin
soyuqqanlı münasibəti diqqətçəkəndir. Təəssüf ki, bu soyuqqanlı münasibət sona
qədər qorunmayıb. Rüfəti əsirlikdən xilas etsə də Armen əxlaqsız, qəddar və
canidir, yəni ədəbiyytımızda və kinolarımızda qarşımıza çıxan tipik erməni
obrazıdır.
Bu
aşağılayıcı münasibət ruslara qarşı da hiss olunur. Rüfətin Əfqanıstan müharibəsində
ölümdən xilas etdiyi, arxa-dayaq olduğu nazir balası Andrey də heç bir müsbət
xüsusiyyəti olmayan, üstəlik impotent və ruhsuz canidir. Sanki müəllif Rüfətin
Andreyə xəyanətinə haqq qazandırır, onu günahdan arındırmağa çalışır. (Rusiyada
yaşayan, rus qadınları ilə eyş-işrət yaşayan həmyerlilərimizin xatirələrində
rus kişilərinin impotentliyi ilə bağlı yüzlərlə buna bənzər klişe əhvalatlar
var.)
Əsərdə
qarşımıza çıxan az qala bütün obrazlar şeytana uymuş, şərə təslim olmuş, şərin
təmsilçiləridir. Bu əsərin ruhunu bir qədər qaranlıqlaşdırır. Oxucunu ümidləndirən,
ruhumuzu aydınladan detallar olduqca azdır. Bəlkə də buna görə əsəri oxumadan
ovqatınızı buna proqramlaşdırmalısınız.
Əsər
haqqında bu qədər.
İndi isə
bir neçə vacib detala toxunmaq istəyirəm. Bu əksər yazıçılarımızın başısoyuqluq
etdiyi məsələ olduğu üçün, yazmağı vacib bildim. Romanda dil qüsurları kifayət
qədərdir. Redaktor və korrektor işi yox səviyyəsindədir. Az qala hər səhifədə
morfoloji, qrammatik, orfoqrafik xətalar var. Bunu müəllifin ayağına yazmaq istəməzdim,
amma peşəkar vərdişlərimdən və vasvasılığımdan dolayı əsəri oxuduqca bu
qüsurlar sözün əsil mənasında əsəblərimə toxundu.
“İblis busəsi”
barədə yazmağımın əsas səbəbi bu romana diqqət çəkməkdir. Yəni, ən azından buna
ümid edirəm və arzulayıram. Çünki əsər kifayət qədər maraqlı və ciddi mövzulara
toxunan, buna baxmayaraq diqqətdən kənarda qalan maraqlı romanlardan biridir.
Ümid edirəm ki, əsər haqqında peşəkar sözü tənqidçilərimiz deyəcək.
Gec də
olsa (əsər2017-ci ildə nəşr olunub) müəllifi bu maraqlı romana görə təbrik edirəm.
Sevinirəm ki, boz-bulanıq ədəbi mühitimizdə belə müəlliflər var.
Cəlil bəy, çox dəyərli təhlil üçün sizə minnətdarlığımı bildirirəm. Var olun. Nəhayət ki, mənim ilk romanım barədə ilk böyük resenziya yazıldı. Sizin kimi istedad sahibindən dəyər almaq çox qürurvericidi. Sayqı və sevgiylə: Yaşar Bünyad.
YanıtlaSil