7.21.2013

37 ölüb, casusluq qalıb

Aşağıda oxuyacağınız yazını Kamal Abdullanın mənə bağışladığı bağ evində, yenə onun mənə aldığı yumşaq kresloma yayxanıb qələmə alıram.

Qətiyyən səhv oxumadınız, Əsəd Cahangirin suqqestivi yazısından sonra hörmətli yazıçımız Kamal Abdulla mənə bağ evi, avtomobil, yumşaq mebel dəsti, bilgisayar, bir də kiçik bir dükan bağışlayıb. Söz verib ki, əgər bu cür davam etsəm mənə xüsusi təqaüd də ayıracaq ki, işləməyə ehtiyacım qalmasın.

İnanın ki, bu qədər hədiyyənin qarşısında cild-cild kitablar yazsam, Kamal müəllimin şərəfinə gecə-gündüz təriflər yağdırsam yenə də azdır.

Hazırda “Ruby Red” kokteylindən udumlaya-udumlaya, masamın üstündəki Kuba siqarından birini yandırıb, müdrikcəsinə düşünürəm: “Yaxşı ki, o yazını yazdım”.

Bəli, bəli, yaxşı ki, mənə yaraşdırmasalar da o yazını yazdım.

İş otağımın pəncərəsindən ulduzları seyr edirəm. Siqarın acı tüstüsü, “Ruby Red”in təsəvvür edə bilməyəcəyiniz tamı başımı gicəlləndirir.

Sərfəli olduğu üçün istedadlı tənqidçimiz haqqında tənqidi fikirlərimi davam etdirirəm.

Bu yazıdan sonra, Qara dəniz sahillərində vəd olunan villanın ulduzlarla bəhsə girən işıqlarını düşünüb, fərəhlənirəm.


“Yengəsi gülüm olanın...”

Tənqidçi Əsəd Cahangir haqqında yazdığım ilk yazıdakı fikirlər bir-bir özünü doğruldur. Zatən həqiqəti yazdığıma, doğru bildiyimi müdafiə etdiyimə əmin olmasam bir cümlə də yazmaram.

Nədənsə yazının mahiyyətini anlamayan bəzi dostlar mənə o yazını “yaraşdırmayıblar”.

Anlamayıblar ki, mən Kamal Abdullanın müdafiəsinə qalxmamışam.

Ortalıqda hamının açıq aydın gördüyü bir həqiqət var: Əsəd Cahangir dünən Kamal Abdullaya yarınmaq üçün, ətrafındakı gənclərə onu təriflətdirir, müsahibələr təşkil etdirirdi, Kamal Abdullanın əfvindən yararlana bilmədikdə isə şantaja başlayır.

Mən tənqidçinin, bu cür ucuz və düşük yollara əl atmasından iyrəndim və bütün bu oyunbazlıqlara etirazımı bildirdim. Amma nə oldu?

Əsədcahangirpərvər gənc şantajın ikinci hissəsinə keçdi. Tanınmış bir yazıçını cinayətdə günahlandırıb, böhtan atdı.

Amma onun sözlərinə heç kim inanmadı. Ustad Oynayan məşqçi özü hakimə işarə verdi, özü oyuna daxil oldu.

Mürid-mürşid aspektindən yanaşdıqda, bu davranış qayət normaldır. Müridin başarmadığını mürşid edər.

Elə bu açıqlaması da onun nə qədər qərəzli, mənim nə qədər haqlı olduğumu isbatladı.

Açıqlamadan məşum və mənhus 37-ci ilin qoxusu gəlir.

“Kamal Abdullaya çatdırmaq istəyirəm: Sizə olan bütün hörmətimə baxmayaraq, əgər Emin Piri məsələsi ilə bağlı işçilərinizin və özününüzün təhqir və böhtan dolu yazılarınız dayandırılmasa, bəyənmədiyiniz "Dəmirbaşlar" essemdəki sizə aid iki kitab səhifəsini ən azı iki qəzet səhifəsi həcminə çatdırmaq və mətbuatda dərc etdirmək zorunda qalacağam. Nəzərə alın ki, sizin haqqınızdakı məqaləm Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl Xətai haqqındakı məşhur məqaləsinin tezislərinə əsaslanacaq.”

Allahdan telefonlarımızın ekranında 1937-ci il yox, 2013-cü ildir.
Amma bu kafa həmin o 1937-ci il kafasıdır.
Şantaj o şantajdır, donos o donosdur.
Sadəcə bu donosla adamları həbsə, sürgünə göndərən Sovet sistemi yoxdur.





Hiç yorum yok:

Yorum Gönder