8.21.2019

Dünyanın ən məşhur azərbaycanlı müğənnisi


Küçədən şah sarayına

Kasıb bir məhəllədə, ailəsini küçədə göstərdiyi tamaşalar hesabına dolandıran bir təlxəyin ailəsində doğulmuşdu. Onun şah sarayına gedən yolu da təlxək atasının küçə tamaşalarından başlayır. Təlxək Sabirin çıxışlarından sonra səhnəyə çıxıb insanları ovsunlayan bu qızcığazı qonşu ermənilər əzizləyərək “Qu quşu” çağırırdı. Milyonların qəlbini fəth edən Faiqə Atəşin uşaqlıq ləqəbi onun səhnə adına çevrilir. Dünyanı heyran edən bu Azərbaycan qızı hər kəsin yadında Ququş kimi qalır.


Faiqənin 2 yaşı olanda valideynləri Sabir və Nəsrin Atəşinlər boşanır və Faiqə atası ilə birlikdə yaşamağa başlayır. Balaca Faiqə böyük səhnəyə addımlarını təlxək atası ilə birlikdə atmağa başlayır. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanan üç yaşlı qızcığaz, getdikcə səhnəyə və geniş auditoriyaya alışır. Kasıbçılıq, küçə tamaşaları, anasından ayrı qalması onun həyatında təsirsiz ötüşmür. Bu kədərli hadisə onu ömür boyu izləyir. Bəlkə də bir neçə dəf ailə qurub boşanmasının, uğursuz evliliklərinin səbəbi uşaqlıqda aldığı travmadır. Atası ikinci dəfə ailə qurur və bu evlilikdən Faiqənin 3 ögey qardaşı doğulur. Ana həsrəti çəkən kiçik qızcığaz ögey anasına mehrini salır və ögey qardaşlarından birini öz himayəsinə götürür. Ev işlərinin çətinliyi, ana nisgili, küçə çıxışları onu ruhdan salmır. Ququş çox tez parlayır və ilk filminə cəmi 7 yaşında çəkilir. İndikindən çox-çox modern və mədəni səviyyəsi yüksək olan İranın şahlıq rejimi, Ququşun taleyində önəmli rol oynayır. 1957-ci ildə, 7 yaşlı Faiqə “Qorxu və ümid” adlı filmin çəkilişlərinə dəvət alır. Cəmi üç il sonra onu “Fərari mələk” filminə dəvət edirlər. Kiçik uğurlar bir-birini əvəz etdikcə balaca Faiqənin taleyi də dəyişməyə başlayır. Artıq qohumları belə onun əsil adını unudur. İran mədəniyyətində Ququş adlı yeni bir ulduz parlamağa başlayır...

Kaprizli sənət kraliçası


21 yaşında Kann şəhərində fransızca ifa etdiyi “Retour de la vie” və “J`entends crier je t`aime” mahnılarına görə birinci yeri tutur. Tehrana qayıdan gənc müğənniyə tələbat gözlənilməz dərəcədə artır. Ququş artıq çıxış edəcəyi səhnələri özü seçməyə başlayır. Artıq o İranın ən dəbdə olan müğənnisi və aktrisası idi.

Nəinki gənc fanatları, hətta əsilzadələr və tanınmış müğənnilər belə Ququşu yamsılamağa, onun kimi geyinməyə çalışırdı. Dəb trendini Ququş müəyyənləşdirirdi... Məhəmməd Rza şah Pəhləvinin bütün məclislərində çıxış edən Ququşun qonorarı artdıqca, şöhrəti və sənət uğurları da artırdı. Ona bir-birinin ardınca müxtəlif filmlərdə baş rollarda oynamaq təklifləri gəlirdi. Küçə müğənnisi artıq kaprizləri ilə ətrafını bezdirən sənət kraliçasına çevrilir.

Ququş 70-ci illər İranında ən bahalı müğənni və aktrisa kimi tarixə düşür.

Uğursuz ailə həyatı, inanılmaz şöhrət


Ququşun böyük uğurlarında 1967-ci ildə ailə həyatı qurduğu Mahmud Qurbaninin böyük rolu olub. Qurbani musiqi təşkilatçısı idi və bütün işlərində Ququşu himayə edirdi. Hal-hazırda Los-Ancelesdə yaşayan İran əsilli musiqiçi Kəmbiz, Ququş-Qurbani cütlüyünün yeganə övladıdır.

Ququş-Qurbani cütlüyünün evliliyi uzun sürmür. Sənət dünyasında böyük uğurlar qazanan Ququşun ailə həyatı uğursuz olur. 1972-ci ilin sonlarında Qurbani ilə boşanmağa qərar verirlər.Qurbani onu sevməsə də, artıq onu sevənlər çox idi. Çox vaxt çəkildiyi filmlərin adı afişaya yazılmır, təşkilatçılar sadəcə, onun adını yazmaqla kifayətlənirdilər. Halbuki Ququşun çəkildiyi bütün filmlərin adı artıq tamaşaçıya nə isə izah edirdi.

Onun bütün filmlərinin adında qəribə bir ovsun, çağırış vardı… “İsti hiss” (1971), “Bita” (1972), “Amerikalı Məməl” (1975), “Nazənin” (1975), “Həmsəfər” (1975), “Darıxma gecəsi” (1975), “Bal ayı” (1976), “Uzun gecə” (1977), “Bu gecə kimsə ağlayır” (1979)…


Ququşun şöhrəti qısa müddətə ölkə sərhədlərini aşır. “Uzun gecə” filmi isə karyerasının pik nöqtəsi olur. 1977-ci ildə film ekranlara çıxan kimi sovet respublikaları da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində göstərilir. Bizim valideynlərimiz, sovet dövrünün gəncliyi Ququşu məhz bu filmi ilə xatırlayır. İnqilab ərəfəsində olan İranın qəzetləri hər gün Ququşla bağlı xəbərləri manşetə çıxarırdı. Mətbuat hesab edirdi ki, “Uzun gecə” filmi Ququşun şəxsi təşəbbüsü ilə çəkilib və filmdəki Pərvanə obrazı əslində Ququşun özüdür...

İslam İnqilabı və karyeranın çöküşü

1975-ci ildə Ququş İran aktyoru Bəhruz Vüsuqi ilə ailə qurursa da cəmi 14 ay sonra, 1976-cı ildə boşanırlar.1978-79-cu illərin sonlarında Ququş Humayun Müstəqi ilə eşq macərası yaşayır. 1979-cu ildə ölkədə İslam İnqilabı baş verir və İslamın qayda-qanunlarına görə Ququş Müstəqi ilə qeyri-qanuni, yəni nikaha girmədən yaxın əlaqələr qurduğuna görə üç ay müddətinə həbs edilir. Amma cütlük həbsdən sonra da ayrılmır, bir müddət bir yerdə yaşayırlar.

İslam İnqilabı Ququşun bütün həyatını alt-üst edir, karyerasına ciddi zərbə vurur. “Bu gecə kimsə ağlayır” adlı son filmini görmək ona qismət olmur. 1979-cu ildə nümayiş edilməsi nəzərdə tutulan filmə molla rejimi qadağa qoyur. Şöhrəti dünyanı silkələyən Ququş ev dustağına çevrilir və onun oxumağına qadağa qoyulur. Cəmi bir pəncərəsi olan darısqal mənzildə Ququş təxminən 10 il yaşayır. Depressiya və basqılar altında yaşamaq onu sındıra bilmir. 1990-cı ildə Ququş yeni həyata başlayır. Məsud Kimayi ilə tanışlıq onun həyatında yeni mərhələnin başlanğıcı olur. 1991-ci ildə cütlük ailə həyatı qurur və bu ərəfədə ifa etdiyi “Qəribi-aşina” mahnısı BBC tərəfindən yüksək qiymətləndirilir. Yenidən sənət aləminə geri dönməyi bacarsa da, rejimin üzərindəki nəzarəti bir gün belə səngimir. Azərbaycan, farsa, ingilis, fransız, ispan, italyan dillərində mahnılar oxuyan Ququş ölkəsində ev dustağı kimi yaşayır. Nə az, nə çox düz 21 il!

“Bütün ömür boyu kimsə ağlayır”

2000-ci ildə “Dünya turu”na çıxmaq adı ilə İrandan qaçmağı bacaran Ququş bir daha geri qayıtmır. Amerikada sığınacaq alan sənətçi, sonrakı həyatını burda davam etdirməyə qərar verir. İslam inqilabının qadağan etdiyi, 1979-cu ildə təhvil verilməli olan “Bu gecə kimsə ağlayır” adlı filminin adını dəyişib “Bütün ömür boyu kimsə ağlayır” adlandırır. Mühacir həyatı yaşasa da, yaradıcılığa ara vermir. Amerikada və Kanadada konsertlər verir, yeni mahnılar yazdırır. Eyni zamanda İranda gedən prosesləri diqqətlə izləyir. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına qatılır. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirir : “Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.

Sovet rejiminin çökdüyü ərəfəyə düşən uşaqlığımızın ən yaddaqalan xatirələrindən biri də “Azadlıq” radiosundan dinlədiyimiz “Ayrılıq” mahnısıdır...Bu mahnını müxtəlif müğənnilər ifa etsə də mənim yadımda qalan Ququş və Yaqub Zurufçunun ifasıdır. Şəhriyarının sözləri və Əli Səlaminin ölməz musiqisi Ququşun gənclik illərinin ən populyar mahnısıdır. Ququş bu mahnını gəncliyində sevib ayrı düşənlər üçün ifa etsə də, son illər bu mahnı vətənindən ayrı düşənlərin ayrılıq nəğməsidir...

Gəncəli Ququşun erməni sevgilisi

Ququş milliyyətcə türkdür və onun ulu babaları İrana Gəncə şəhərindən köç edib. Babası Qulu Sübhi Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki olub. Amma Ququşun dünyaya göz açdığı məhəllə Tehranın daha çox ermənilər yaşayan məhəlləsidir. Hətta həqiqi adı Faiqə Atəşin olan Ququşa ona dünya şöhrəti gətirən təxəllüsü də ermənilər verib. Amerikaya köçdükdən sonra Ququşa erməni diasporu, xüsusilə də erməni musiqiçilər böyük dəstək verib. Hal-hazırda məşhur müğənninin sevgilisi də erməni əsilli Amerika vətəndaşıdır. Eyni zamanda onu müşayiət edən musiqiçilərin böyük əksəriyyəti ermənidir. 2011-ci ildə onun Azərbaycana qastrol səfərini təşkil etmək istəyən təbrizli Səlman Pişnamazdan yarım milyon dollar qonorar və Azərbaycanda onu müşayiət edəcək erməni musiqiçilərə təhlükəsizlik təminatı tələb edir. Keçən il Azərbaycan mahnısını erməni dilində ifa edən Ququş yaxın vaxtlarda sevgilisi ilə birlikdə Ermənistana gedəcəyini də bəyan edib.

Bəlkə də Ququşdan vətənpərvərlik gözləmək yersizdir. Ömrünün ən gözəl vaxtlarını əzab-əziyyət, ehtiyac, tənhalıq içərisində keçirən 63 yaşlı qadın ola bilsin ki, sonuncu sevgisini itirməkdən qorxur...

2013

Hiç yorum yok:

Yorum Gönder