8.09.2013

Bakıya sevgilərlə


Yandır Bakını, tazə gülüstan tələb eylə (Həmid Herisçi)

Çirkli küçələrin, prospektlərin
ürək bulandıran,
darıxdırıcı mənzərənlə
küləyinlə, dənizinlə, günəşinlə
dalanınla, tininlə
miskinsən Bakı...


Ey “əzəmətli küləklər şəhəri”
kilsələrin,
 məscidlərinlə
“İçərişəhər”inlə
yağışlar yusada
təmizlənməyən küçələrinlə
Üfunət qoxuyan çirkablı Xəzərinlə
neftinlə
Çirkinsən,
çirkinsən Bakı...

Yoxluğunla,
səfalətinlə,
aclığınla
pulunla, varınla, parıltınla
gecənin bağrına sancılan
küçə lampalarınla
hər şeyinlə
cılızsan, qoca şəhər
bütün ümidlərimizin dəfn olunduğu küçələrdə
gəzmirik,
sürünürük birtəhər
gəncliyimizi çürdürsən Bakı...


gözqamaşdıran saraylarınla,
villalarınla
xaraba qalmış tarixin təzadlıdır.
“yerli”lərin yoxa çıxıb
qaçaq düşüb
“gəlmə”lərin  qalmaqda qərarlıdır...
sperma qoxuyur gecə klubların
soyunanlar bürünənlərdən abırlıdır
gecə barlarının divarlarına
bir də
dəniz sahilinə, ilan kimi
Sürtünürsən,
sürünürsən Bakı...

cansıxıcı tıxacların,
qaramat heykəllərinlə,
eyni adlı məktəblərin
xaraba universitetlərinlə
küçələrin və prospeklətinlə
əriyib itirsən Bakı...
bitirsən,
bitirsən Bakı...

hamı xoşbəxtlik arxasınca gəlib,
əli qoynunda dayanır...
xoşbəxtlik ilkinlikdir
bədbəxtlik sonradan yaranır
küçələrinin səs-küyü,
hay-həşiri
sabaha qədər uzanır
yalnız rayondan gələn fəhlələr işləyir
yalnız “gəlmələr” qazanır
“çörəkverən”sən Bakı...
“qonaqsevən”sən Bakı...


azadlığımızı vağzallarda dəfn edib
kölə libası geyindik.
kənd-kənd, rayon-rayon axışıb
sənin donuna büründük...

kənd qızları kənd  oğlanlarının
geri dönüşünü gözlədi
bulaq başında soldu gözəlliklər
analar oğul yoluna baxdı
ağladı.

şəhərdə subay oğlanlar çoxaldı
kənddə qızlar qarıdı
ucuz fahişəxanaların bir gecəlik sakinləri
ruhunu
kişiliyini
fahişə bətninə boşalanlar
sonda peşman-peşman zarıdı...
sən hər şeyə biganəsən, Bakı...
bəlkə
bəlkə düz edirsən, Bakı!

tozlu,
bürkülü,
cansıxıcı küləklərinlə
avtobusların, metroların, taksilərinlə
gələninlə, gedəninlə
gecəqondularınla,
göydələnlərinlə
çox tez dəyişirsən, Bakı
Nədənsə şirinsən, Bakı

bir də
bu melanxolik ovqatın olmaya
bir də ağır-ağır susqunluğun...
əyyaşlığın, avaraçılığın
özünə biganəliyin olmaya...

hüznünlə, ələminlə, kədərinlə
mənə bənzəyirsən, Bakı...






Hiç yorum yok:

Yorum Gönder