3.15.2013

Axırıncı qədəhdən sonra


Bütün biabırçılıq axırıncı qədəhdən sonra baş verir. Hərdən fikirləşirəm ki, sonuncu qədəhi içməsək, bütün başımıza gələnlərdən özümüzü sığortalaya bilərik.

Məclisin əvvəlində hər şey yolunda gedir. Bir, iki, üç... İçki şüşələri boşalır, dostlar bir-birinin şəninə tost deyir. İçirik, yeyirik, siqaret tüstülədə-tüstülədə kədərli pozada bir-birimizin yaradıcılığını tərifləyirik. Sonra qəfildən içimizdən kiminsə ağlına gəlir ki, onun telefonunda kədərli musiqilər var. Hərəsi bir ailənin ümid yeri olan yekə-yekə kişilər telefonu masanın ən görkəmlin yerinə qoyub, dirsəklərini masaya söykəyib kədərə qərq olurlar.
 
Mahnı bitir... Yenə, yenə, yenə.... Beləcə 5-6 kədərli mahnıya gözümüz yaşaranacan qulaq asıb, özümüzə qapılırıq. Birdən kimsə əlini boşalmış içki şüşəsinə atır və tez də başa düşür ki, içki qurtarıb. Hamı eyni anda əlini cibinə salıb ümumi büdcəni yoxlayır. Daha bir şüşə içmək üçün imkanlar səfərbər olunur.
 
Susqunluq, kədər dağılır. Masa başında yenidən canlanma yaranır. İçki qədəhlərə süzülür. Növbəti sağlıq... növbəti sağlıq... “İçək SÖZün şərəfinə, SÖZ  bizi birləşdirən dəyərdir!” 
Qədəhlər cingildəyir, içkilər içilir. Artıq həzin musiqilərin kədəri dağılıb və içkinin gətirdiyi aqressiya hamının canını yaxıb-qovurur. Məclis əhli illər uzunu içini dağıdan kini axırıncı qədəhdən sonra püskürməyə başlayır: “Sən çox istedadsız adamsan, özünü də, oxucunu da aldadırsan. Yazdıqların zibil də deyil...” 

Qarşı tərəfin də cavabı gecikmir: “Pah... Gör kim mənə istedadsız deyir. Ayıbdı, vallah! Yazdıqların taftologiya ola, özün də heç kəsi bəyənməyəsən! Utanmırsan uşaqların yanında belə söhbət eləməyə?” 

Söhbət yavaş-yavaş böyüyür. Tərəflər söhbəti masadan kənarda davam etdirmək üçün, məclisi tərk edir. Uzaqdan söyüş səsləri eşidilir... Yaxşı ki, heç kəsin yumruq atmaq üçün heyi qalmayıb. Masa ətrafında qalanlar utandıqlarından bir-birinin üzünə baxa bilmir. 

Qəfildən maraqlı bir təklif gəlir: “Axırıncı qədəhi də içək, dağılışaq.”  Yenə qədəhlərə içki süzülür. Yenə də axırıncı... Hamı içir. Mən isə sonuncu qədəhi masanın kənarına itələyirəm. Yox, sonuncunu içə bilmərəm! Olmaz! Bilirəm, bilirəm ki, ağlayacam. Bu da mənim illərlə edə bilmədiyim, içimə yığılıb qalan partlayışdır. 

Bu gün partlamasın, nə olar! Ona görə də içmirəm. Qucaqlaşıb, vidalaşırıq. Bayaq dava edən dostlar da peşman-peşman yerə baxır. Əvvəlki  şadyanalığımızdan əsər-əlamət qalmayıb. Hərə üzünü bir tərəfə çevirib dağılışır. Lap axırıncı qədəhi içmədiyim üçün ağlaya bilmirəm. 

Evimizin yanındakı dükandan bir şüşə içki, araq, pivə, şərab... Nə olur-olsun alıb kirayə mənzilimə çəkilirəm. Axırıncı qədəh... Bunu içməsəm, deyəsən, gözümə yuxu getməyəcək. Aşa-aşa otağın işığını yandırıram. 

Gözüm qamaşa-qamaşa kresloya çöküb içkini başıma çəkirəm. Axırıncı qədəh... Mən həmişə axırıncı qədəhdən sonra canımı bürüyən kədərin təsiri ilə hönkürürəm... Bütün başıma gələnləri xatırlamağa başlayıram. Axırıncı qədəhi də özüm süzürəm özümə.  Söyməyə adam da yoxdur...

Heç vaxt, heç kəs mənə axırıncı qədəhi təklif eləməsin, istəmirəm...

Hiç yorum yok:

Yorum Gönder