3.15.2013

Serroz

- Sağ qabırğamın altında və mədəüstü nahiyədə, bəzən bütün qarınıma yayılan, küt və göynərtili ağrılarım var.
Yağlı yeməklərdən sonra özümü çox pis hiss edirəm. İştahsızlıqdan əziyyət çəkirəm. Tez-tez köpürəm. Bəzən üşüdürəm.

- Dayan, dayan. Nəfəs al. Telefonda diaqnoz qoymayacam ki, sənə. Ən yaxşısı gəl bizim klinikaya, səni əməlli-başlı yoxlayaq.

- Məndə vaxt hardadı? Sən elə yüngülvari bir şey de, dərman, sirop. İçim, bir az rahatlaşım.
- Bura bax, sən yenə içirsən?
- İçirəm.
- Gəl mənə qulaq as, gəl səni yoxlayaq, müalicə yazaq. Bu əlamətlər yüngül bir xəstəliyin əlamətləri deyil.
- Mən uşaq deyiləm ki, de görüm nə baş verir?
- Bilirəm uşaq deyilsən, ona görə düzünü deyim ki, bu əlamətlər serroza çox bənzəyir. Sən belə elə, bizim klinikaya gəlməsən də olar, özünü yaxşıca müayinə etdir. Arağı isə at biryolluq!
- Axı arağı...
- Mən ölüm, cığallıq eləmə. Arağı atmaq çətin məsələ deyil. Yaşamaq, oğlunu atasız qoymaq istəmirsənsə at o zəhirmarı.
Sağollaşıb telefonu söndürəndən sonra bir siqaret yandırdım. Yenə köpmüşdüm. “Yəqin axşam içdiyim arağın zibilidir” deyə  fikirləşdim. Həə... Deməli, bu qədər ciddi imiş məsələ. Bir anda gözümün qabağına bu xəstəlikdən dünyasını dəyişən insanlar gəldi. Otağın isti olmasına baxmayaraq üşüdüm.

Əslində ölüm qorxusu mənə yaddır. Amma arxamca “özünü içkiylə məhv elədi” deyilməsini qətiyyən arzulamıram. Həm də axı mən istəsəm içməyə bilərəm. Sadəcə bir az iradəli, səbirli olmaq lazımdır. “Deməli, içkini atmasam tezliklə yataq xəstəsi olacam və.. dünyaya əlvida!” Düşündüklərim gülməli göründü özümə. Yox, mən ən azından bu ilkin fəsadları aradan qaldırmaq üçün çalışmalıyam. Bacararam!!!

Sözün düzü dəfələrlə intihara cəhd eləmiş adam kimi, bu xəstəlik mənim gözümü o qədər də qorxutmur. Nə vaxt və ya necə ölməyin nə fərqi var ki? Zatən "hər ölüm erkən ölümdür". Nə mənası var uzun-uzun yaşamağın?

***

“Ölümdən betərdi,
əkdiyin ağacdan,
yazdığın şeirdən uzun yaşamaq...”

Bu da serrozdan əziyyət çəkən, ölümlə savaşan Adil Mirseyidin şeiri. Yox, deyəsən yaşamaq da bir şey deyil. Bəzən isə  əsil əzabdı uzun yaşmaq.

Nədənsə həkim dostumun söhbətindən sonra, Adil Mirseyidi, dünyasını dəyişmiş Elçin Səlcuqu, Adil Qaçayoğlunu, Məmməd Nazimoğlunu, Ələkbər əmini (Ələkbər Hüseynov) xatırladım...

Həə, bir də yadıma Baloğlan Əşrəfov və Yaşar Nuri düşdü. Serrozu atlada bilənlər. İkisi də qardaş ölkədə, Türkiyədə müalicə olunub. Müğənni Baloğlan Əşrəfovu iş adamlarından biri xüsusi təyyarə ilə Türkiyəyə aparmışdı. Amma nədənsə Adil Mirseyidi heç ümumi təyyarə ilə də Türkiyəyə aparan olmadı. Heç Elçini də aparmadılar... Görünür, imkanı olanlar yazı adamlarını tanımır...

Bu ölkədə ünlü olmaq üçün ya oxumalısan, ya da güldürməlisən. 
Əgər satış sərgisi olmasaydı, bəlkə də çoxdan itirmişdik Adil Mirseyid kimi qiymətli insanı. Diqqətsizlikdən, imkansızlıqdan itirdiklərimiz kimi...

Bəlkə də vaxtında hərəkət eləsəydik xilas edə bilərdik onları...Yox, axı onlar da xilas üçün çalışmırdılar.
Bədənimdən bir ürpərti keçdi. Telefonu əlimə alıb həkim dostumun nömrəsini yığdım:
- Doktor, nə desən hazıram. Sabah müayinə üçün yanındayam.
- Əla. Bir də qorxub eləmə, dediyin əlamətlərdən mənə elə gəlir ki, ciddi heç nə yoxdur. Sadəcə çalışmalıyıq ki, sənin qaraciyərini qoruyaq. İçkini atsan hər şey yaxşı olacaq.
- Oldu. Sabah görüşürük.
Telefonu söndürüb, yaxınlıqdakı ucuz kafelərin birinə girdim. Öz-özümə  pıçıldadım: “Son dəfə” və ofisiantı çağırdım.
-Yüz qram!

1 yorum: