3.15.2013

Bəzilərinin əsl siması


Bəzi qələm dostlarımız ya özləri haqda mif yaratmağa, ya da haqlarında yaranmış mifə vurulub yaşamağa öyrəşib. Meydanın boş qaldığı dövrlərdə ədəbiyyata gəlib at oynatmağa başlayan, ədəbi həyata özü-özünü gətirən bu insanlar güc-bəla ilə bir-iki şeir, bir-iki hekayə yazıb dahiliklərini elan ediblər. 

Əlləri klaviaturaya çatan kimi ona-buna söz atmağa başlayan bəzi “dostlarımız” öz potensiallarının və istedadlarının qısırlığını, qısalığını və ya kiçikliyini qəbul etmək istəmirlər. Tarixi şərait, siyasi vəziyyət hər zaman onların xeyrinə işlədiyindən bu “gülməşəkərlər” özlərinin anadangəlmə dahi olduqlarını düşünüb, sözün qarşısına çıxmaq əvəzinə, arxasında gizlənirlər. Ta fürsət düşənə kimi...

Fürsət yaranan kimi ondan istifadə edərək özlərini “yenilikçi”, “postmodernist” adlandırıb oxucunun gözünə girməyə çalışırlar. Əslində mahiyyətləri sıravi jurnalistlikdən o tərəfə keçməyən bu “dəcəllər” həftəlik qəzetlərdən, rüblük dərgilərdən gündəlik mətbuata axışmağa başlayanda meydan boş olub. İndi bu boşluğu dolduran xeyli istedadlı insanın varlığı bu beyni kütləşmiş “qələm adamlarının” əsil mahiyyətini açır. 

Oxuduğu kitablardan çıxardığı seçmə cümlələri köşəyə çevirib tirajlayan, eyni mövzunu saqqız kimi dartıb uzadan, dəfələrlə eyni adamları tənqid hədəfinə çevirən, tapşırılan işin öhdəsindən lazımınca gələ bilməyən bu tiplərin ildə bir məzhəbə qulluq eləməsi artıq oxuyub-yazan kiçik bir cameəyə bəllidir. Bu adamlar ortaya çıxıb ciddi-ciddi bəyanat verməyə başlayanda, özünü ağıllı göstərəndə sözün açığı mənim ürəyim bulanır. 

Bir-iki qədəhdən sonra sözünü yığışdıra bilməyən, əlinə imkan düşən kimi dost-tanışa arxa çevirən, bir-iki sınıq-salxaq, mahiyyətsiz cümləsini gözə soxan bu kəslərə müxtəlif qəzet künclərində, portallarda rast gələ bilərsiniz. Əslində, “qələm dostum” dediyim adamdan yazmaq mənim üçün çox çətindir. Çünki onu tanıyana qədər, əsil sifəti ilə tanış olana kimi dəfələrlə eyni masa arxasında oturmağa, eyni adamların şərəfinə içməyə məcbur olmuşam. 

Yaşadığım və şahidi olduğum heç nəyə görə peşiman deyiləm. Bu da “kitabsız, şairsiz, şeirsiz” ölkədə yaşayan qələm adamının taleyidir. Təəssüf ki, bu mühitin içində olub, bu adamlarla “dost” olmamaq mümkün deyil. Müxtəlif və rəngarəng adamlar tanımışam bu mühitdə. Başqalarını istedadsız, savadsız hesab edən, yediyi qaba tüpürən, bütün şərəfsizlikləri göz qırpmadan edə bilən bu insanabənzərlər arasında xeyli vaxt öldürmüşəm. Mən qələm yoldaşının düşdüyü çətin vəziyyətdən istifadə etməklə, bir bəyanata imza atmaqla, bir kampaniyaya qatılmaqla, ən əsası söyməklə karyerasında sıçrayış edən çox “yazağan”lar görmüşəm.(Yazağan sözü, bizim öz aramızda yazarcıqlara verdiyimiz addır.)

Mənfəətləri olmayan yerdə qaçıb kol-kosa dürtülən, məşhurlaşa bilməyəcəkləri situasiyanı öz lehinə çevirməyə cəhd göstərən alayarımçıq qələm adamlarının utanmadan meydan suladıqlarını da çox görüb bu eynəyə möhtac gözlər. 

İndi vəziyyət fərqlidi. Meydanın boş olduğu vaxtlarda qazandığı məşhurluğu, populyarlığı indi yavaş-yavaş itirməyə başlayan bu “dahi”lər, qəzetlərə ciddi-ciddi, müdrik-müdrik açıqlamalar verir, haqlarında yaranmış mifin dağılmasından ehtiyatlanırlar. 

Məncə, bu cür açıqlamalar “əsərləri ilə ədəbiyyatda olmayan insanların mövcudluq üsuludur”. 

Hiç yorum yok:

Yorum Gönder