3.15.2013

Budurmu İslam? - I

Malala Yousafzai adı yəqin ki, çoxlarına tanış deyil.

Bu qız 14 yaşında Pakistanın 100 nüfuzlu qadınından biridir.

Bu qızcığaz BBC-nin urdu bürosu üçün yazılar yazmağa başlayanda 11 yaşı vardı.

2 gün əvvəl “Taliban” terrorçuları tərəfindən güllələndi.

Cəmi 14 yaşı olanda böyük bir terror qruplaşmasına qarşı çıxmışdı.

Malalanın günahı nədir?


O qızların təhsil alması üçün mücadilə aparır.

Onun atası da qız məktəblərindən birinin rəhbəri idi.

“Taliban” qızların təhsil almasına qarşı çıxanda, onun da məktəbi bağlandı.
2009-cu ildən şagird kimi “Gül Makai” imzasıyla yazmağa başladı.

Dünyamız üçün böyük bir təhlükə hesab olunan “Taliban” onun oxumaq haqqını əlindən aldı.

O susmadı.

Sonra Pakistan ordusu onun doğma yurdu Svatanı “Taliban” işğalından azad etdi.

Məlum oldu ki, “Gül Makai” puştu, urdu və ingilis dilini əla bilən Malaladır.

Malalanın yazıları dünyanın diqqətini çəkməyə başladı.

2011-ci ildə Malala Pakistanda Milli Sülh Mükafatı aldı.

Sonra Beynəlxalq Uşaq Sülh Mükafatına namizəd olsa da, bu mükafatı ala bilmədi.

Onun fikirləri insanın ürəyini parçalayır.

“Mən məktəbli formamı, çantamı görəndə, çox kədərlənirəm. Sabah oğlanlar məktəbə gedir. Ancaq “Taliban” qızların təhsilinə qadağa qoyub”.

Bu kiçicik qızın başqa bir arzusu yoxdur.

O nə zina edib, nə də İslama qarşı çıxıb.

Bəs “Taliban” bu kiçik qıza niyə düşməndir?

İndi yazsam ki, bütün bunlar İslamın bəlasıdır, mənə ağız büzəcəklər.
Deyəcəklər “Taliban” İslam deyil.

Bəs hardadır İslam?

Bəs nədir İslam?

Oxumaq üçün mücadilə aparan 14 yaşlı qızın dərsə getdiyi avtobusu gülləbaran eləmək?

Yoxsa 50 min qızın oxumaq haqqını əlindən alıb qız məktəblərini bağlamaq?

İslam budursa, mən belə dinin ruhaniyyətini və səmaviliyini qəbul etmirəm.

Malalanın sayəsində dünyanın diqqəti “Taliban”ın “təhsil terroru”na yönəlib.

O isə 2 gün öncə başından güllə yarası alıb.

Haqsızlıqla mücadiləsində qalib gəlib.

Məncə, ölümə də qalib gəlməyi, ölkəsi üçün dəyərli bir insan kimi formalaşmağı da bacaracaq.

İnancın, arzuların səni qorusun, Malala!

Lütfən, bir daha “bu həqiqi İslam deyil” ifadəsini işlətməyin.

Çünki müasir İslamı ancaq terror qruplaşmaları təmsil edir.

Budurmu İslam?

Bu suala cavab verməyi özünü müsəlman hesab edənlərin vicdanına buraxıram.


11.10.2012

Hiç yorum yok:

Yorum Gönder