3.15.2013

Budurmu İslam? – II

Təxminən on gün əvvəl Pakistanda “Taliban” terrorçuları tərəfindən güllələnən Malala Yousafzai haqqında bir yazı yazdım.

Yazı dərc olunandan bu günədək müxtəlif saytlarda, xəbər portallarında bu yazıya qarşı özünü müsəlman hesab edən yazarların hücumu başlayıb. 

Yazıya ondan artıq cavab yazılıb, hamısı da ittiham, təhqir dolu.

Heç kim özünü İslamın keşikçisi adlandıran “Taliban”ın törətdiyi qanlı terroru tənqid etmir.

Bütün yazılarda birmənalı olaraq məni və yazının yazılmasında heç bir rolu olmayan ailəmi təhdid və təhqir edirlər.


Sosial şəbəkələrdə müsəlman həmvətənlərimdən aldığım yüzlərlə məktub təhdid və təhqirlə doludur.

Yazı və ya məktub yazan hər kəs birmənalı olaraq məni İslamdan bixəbərlikdə, İslam düşmənçiliyində, sionistlərə dəstək verməkdə, masonlara işləməkdə suçlayırlar.

Dindar və savadlı olduğu ilə öyünən bu qələm adamları(?) elə hesab edirlər ki, “Taliban”ın nəyə və kimlərə xidmət etməsindən xəbərsizəm.

Yazımda bir fikir səsləndirmişəm: “...müasir İslamı ancaq terror qruplaşmaları təmsil edir”. 

Bu fikrə gəlməyimə bir çox səbəblər var və bu səbəbləri bu yazıda sizinlə də paylaşacağam.

Dünyada İslamdan danışılanda bilirsiniz, insanlar nəyi xatırlayır? İcazənizlə sadalayım: “Əl-Qaidə”, “Hizbullah”, “Ceyşullah”, “Taliban”, “Əbu Səyyaf qrupu”, “Ləşkəri Tayyibə”, “Hərəkatül-Ənsar-Mühacirin”, “Hizbul-Mücahidin”, “Cihad Tala Əl-Fətih”, “Silahlı İslami Qrup”, “Sələfi mücadilə və çağırış qrupu”, HƏMAS, “Beyyət-Əl İmam” və s.

Yuxarıda sadaladığım terror qruplaşmaları bu gün dünyada İslam adından danışır, cinayətlər törədir, minlərlə ailənin faciəsinə səbəb olur.

Oysa, mənə hücuma keçən dindarlar İslamın barış dini olduğunu isbatlamağa çalışır.

Fərz edək ki, bütün terror qruplaşmalarının arxasında sizlərin iddia etdiyi kimi masonlar, imperialistlər və sionistlər dayanır.

Tutaq ki, İslam adından qətllər törədən, qan axıdan bu qruplar silahı və pulu İslamı gözdən salmaq istəyən BÖYÜK GÜClərdən alır.

Belədirsə, müsəlman terrorçular İslamın təbliğ etdiyi gözəl dəyərlərə, ruhaniyyətə, Allaha yox, nədən pula və GÜCə təslim olurlar?

Bu gün də yüzlərlə Azərbaycan gəncinin beyni zəhərlənir və dünyanın müxtəlif yerlərindən Azərbayan əsilli terrorçuların öldürülməsi xəbərini alırıq.

Halbuki bu gənclər bizim özümüzə hava və su kimi lazımdır.

Məni narahat edən əcdadlarımın dinin oyuncağa çevrilməsi, İslamın gözdən salınmasıdır.

Lap müsəlman olmasam da, İslam düşməni deyiləm.

Fələstində, Əfqanıstanda, Suriyada, Liviyada, Misirdə, Hindistanda, Pakistanda və başqa İslam ölkələrində heç bir günahı olmadan öldürülən müsəlmanların ağrısını ruhumla hiss edirəm.

Yaxşı bilirəm ki, BÖYÜK GÜClər müsəlman ölkələrinə azadlıq və demokratiya yox, ölüm, qan və cəhalət gətirir. Amma sizlər etiraf etməsəniz də, İslamın gözəllikləri gül kimi solub gedir. Bu gözəlliklərin də yerini ölüm, qan və terror alır. Artıq illərdir ki, müsəlman Şərqi böyük alimlər yox, kamikadzelər yetişdirir.

Bəli, müsəlman ölkələrində ömər muxtarlar yox, bin ladenlər, əbu bəkr cancalanilər yetişir.

Özünü “İslam Republikası” adlandıran İran adlı yerdə milyonlara insanın öz dilində oxuyub yazması, öz milli kimliyini yaşatması yasaqdır.

Hər gün onlarla insan asılır, əli kəsilir, işgəncə görür.

Mən məhz bütün bunlara etiraz edərək soruşuram:
Budurmu İslam?
Budurmu səmavi, ilahi din?

Nə qədər etiraz etsəniz də, İslam terrorçuları tərəfindən öldürülən bütün günahsız körpələrin, o cümlədən hüquqları əlindən alınan milyonlarla insanın haqqı sizdən sorulacaq.

Yox, bu sizin inandığınız qiyamət günündə baş tutmayacaq. 

Nə qədər öldürsəniz də, qorxutmağa çalışsanız da sizi və dininizi sorğulayan insanlar yetişəcək.

Bilirəm, yazıda adı çəkilən İran adlanan yerin yüzlərlə mirzəsi var ölkəmizdə. Veriləcək reaksiyalara, yazılacaq cavablara, təhdid dolu telefon zənglərinə və məktublara hazıram.

Etirazım İslamı terror dininə, qaramata çevirənlərə qarşıdır.
Hərdən ətrafınızda İslam adı altında törədilənlərə baxıb siz də sorğulayın:
“Budurmu İslam?”

Hiç yorum yok:

Yorum Gönder