3.15.2013

Oxunmayan kitablarım


Əvvəlcə istədim kitab oxumayan dostlarımı, həmkarlarımı, tanışlarımı tənqid edim. Amma bir anlıq əl saxladım. Çünki uzun müddətdir məni narahat edən, hətta depressiyaya düşməyimə səbəb olan bir olay məni dostlarıma, tanışlarıma “ilişmək”dən çəkindirdi.

Düşündüm ki, tənqidə ailəmdən başlayım. Mən müəllim ailəsində doğulmuşam. Gözümü açandan evimizdə kitab olub və mənə kitab oxumağı valideyinlərim sevdirib. Evimizdə orijinal kitab rəfimiz, çoxlu kitablarımız vardı. Uşaqlıq illərim maraqlı, məzmunlu kitabların arasında keçib. Qonşumuzda bir polis yaşayırdı və onun da çox zəngin kitabxanası vardı. Əlimə imkan düşən kimi onlara gedir, həyət-baca işlərində ona kömək edir, qayıdanda bir-iki kitab seçib götürürdüm.
Evə gətirdiyim kitabları hökmən anam da oxuyurdu. Hara getsəm gözüm kitab axtarırdı. Hətta ən böyük arzum kitabxanada və ya kitab mağazasında işləmək, kitablarla daha çox təmasda olmaq idi. O vaxtlar heç ağlıma da gəlməzdi ki, mən özüm də nə vaxtsa kitab yazacam. Yazar olmaq haqqında heç vaxt düşünməmişdim. Əvvəllər həkim, sonra isə hüquqşünas olmağı arzulayırdım. Oxuduqca, kitablara bağlandıqca baxdım ki, özüm də yazıram.
Valideyinlərim yazmağıma o qədər də ciddi yanaşmırdılar. Amma mən bütün günü nə isə qaralayırdım. Yeniyetməlik illərində ən sevimli məşğuliyyətim gündəlik yazmaq idi. Beləcə getdikcə yazıya, ədəbiyyata bağlandım və yazı mənim üçün ehtiyaca çevrildi. Əsgərlik illərindən mətbuatda çap olunmağa başladım. Sonra mənə geniş üfüqlər açan tələbəlik illəri…
İlk kitabım birinci kursda təhsil alanda çap olundu. Kitabın bütün xərcini atam çəkmişdi. Sonra daha üç kitabım çap olundu. Məqsədim kitablarımın sayı haqqında danışmaq deyil. Bu yazmaq istədiyim olaya bir növ girişdir. Artıq 12 ildir kənddəki evimizi tərk eləmişəm. Qonaq kimi gedirəm evimizə. Qəribədir, son 5-6 ildə evimizdə bir dənə də olsun kitab gözümə dəymir. Kitab şkafını çoxdan söküb odun əvəzi yandırıblar. Heç bir təhsili olmayan nənəmin boğçasında isə heç vaxt oxumayacağı dörd kitab var.
Həmin kitabların müəllifi mənəm və nənəm kitabları, sadəcə üstündə mənim şəklim olduğu üçün boğçasında saxlayır və əzizləyir. Nənəmin mənim kitablarıma münasibəti məni həmişə kövrəldir. Nənəm o qədər diqqətlidir ki…
Evimizdə olan kitablar yavaş-yavaş azalıb, sonra evimiz tamamən kitabsızlaşıb… Müəllim olan valideyinlərim təqaüdə çıxandan sonra kitab oxumaqdan da uzaqlaşıblar. Əvvəllər atam hər gün qəzet oxuyardı. İndi heç nə oxumur.
Atam yalnız Elçibəy haqqında olan kitabları səliqə və sevgiylə qoruyur. Tələbəlik illərində anamla məktublaşırdım və anam mənim üçün təsirli və gözəl şeirlər yazıb göndərirdi. Anam əvvəllər şeiri çox sevirdi. İndi anam nə yazır, nə də oxuyur. Şeiri sevən anam mənim 5-10 şeirimi oxuyub bəlkə də.
Məni ən çox kədərləndirən başqa məsələdir. Nə müəllifi, nə də tərcüməçisi olduğum kitabları ailəmizdən heç kəs oxumayıb. Bir vaxtlar mütaliəni sevən, neft lampasının işığında baş-başa verib kitab oxuyan valideyinlərim, müxtəlif peşə sahəsində çalışan qardaşlarım, evdar xanım olan bacım da mənim kitablarımı oxumur. Evimiz təmiz kitabsızlaşıb, öz sehrini itirib.
İndi axşam düşən kimi atam, anam, nənəm və gəlinlərimiz televizorun başına cəm olub seriala baxır. Şəhərdə yaşayan, bir evdə yaşadığım qardaşımın əlində indiyəcən bir kitab görmüşəm, o da “Lotu Bəxtiyar”.
Mənə kitabı sevdirən valideyinlərim, indi seriala baxıb doluxsunur. Serial qəhrəmanları kimi danışır, bütün günü hansısa serialı müzakirə edirlər. Mən isə kitabdan uzaq düşmüş, hətta oğlunun kitablarını belə oxumayan valideyinlərimə baxıb kədərlənirəm. Bir də nənəmin boğçasında, qatı açılmamış kitablarım yuxuma girir, mənim oxunmayan kitablarım…

Hiç yorum yok:

Yorum Gönder