3.15.2013

Türk incəsənətinin vicdanı

Onun mahnıları ilə tanış olanda dəli-dolu bir yeniyetməydim. İnsanı başqa aləmə aparan mahnılar damarıma işləyir, qanıma qarışırdı. Tələbəliyimin ilk illərində türkiyəli dostum Şahinlə islamdan, türkçülükdən danışanda, onun mahnıları ətrafında xeyli mübahisələr eləyərdik. O illərin sevimli mahnıları, sevimli müğənniləri başqaydı... Barış Mançonu, Ozan Arifi, Araz Elsəsi, Fatih Kısaparmakı dinlədiyimiz, dinlədikcə coşduğumuz vaxtlar idi... Bir də onun hayqırtılı səsindən dəli-dolu mahnıları sevə-sevə dinlərdik...


Sonra mənim musiqiyə, şeirə, incəsənətə baxışlarım dəyişdi... Daha millətçi mahnılar dinləmir, Nihal Atsızın romanlarını, Necip Fazilin şeirlərini oxumurdum. Ölkəmin millətçilik adından danışan insanlarında o qədər qüsur görmüşdüm ki, milləti sevəcək gücüm qalmamışdı. Bəlkə də, bu, soyuqluq yanlışı ilə bizi küsdürən adamlardan aldığım intiqam idi. 

Başqa ideallar axtarışına çıxmışdım. Özümü boşluğa, heçliyə, kosmopolitizmə buraxmışdım. Amma ürəyimin gizli guşəsində, genetik yaddaşımda, qanımda bir türklük sevdası vardı. İçimdə dəfn etdiyim bir sevda vardı o illər... Boşluqda, qeyri-müəyyənlikdə keçən həyatım haqqında çoxlu yazılar yazdığımdan, o dönəmləri xatırlamaq istəmirəm. Bir də beynimdəki o fikirlərdən tam xilas olduğuma inanmıram. 

İnsan həyatında yəqin belə dönəmlər olmalıdır. Nə isə... Bizim qarmaqarışıq, kədərli həyatımız kimə lazımdır? Hələ çox sular axıb durulacaq, çox fırtınalar qopacaq zehniyyətimizdə...

Bu yazıda özümdən yox, yorulmadan türklüyə, insanlığa və sevgiyə xidmət edən böyük bir İNSANdan danışacam. Sizə yeniyetməlik və ilkin gənclik illərimin kumirindən, türk incəsənətinin vicdanı, sənət və intellektuallığı bir araya sığışdıra bilən böyük türk aydını Əhməd Şəfəqdən danışmaq istəyirəm.

Ona Türk dünyasında sonsuz sevgi və sayğıyla yanaşırlar. Bu sevgini öz sənəti, mübarizliyi, cəsarəti və vətənsevərliyi ilə qazanıb. Onun adı gələndə göz yaşını saxlaya bilməyən insanlar tanıyıram. Onun adı gələndə, “abimiz” deyə, ehtiram göstərən qələm adamları görmüşəm. Onun bir sevgi tilsimi var. Sərhədsizliyi, coşqusu və dəlisov ruhuyla insanı sevgi tilsiminə salmağı bacarır Əhməd Şəfəq! 
O, ucuz reklamlar girdabında boğulan, cılız, ruhsuz “müğənnicik”lərdən fərqli olaraq təpədən-dırnağa bir ziyalı, bir sənət adamıdır! Onu sevdirən tək sənəti deyil. Onu sevdirən sənət və ziyalılığın vəhdətidir!

Sosial ədalətin olmadığı, insanların əzildiyi, asıldığı, güllələndiyi, aclıqdan məhv olduğu bir dünyada səsindən kövrəldiyimiz, coşduğumuz bir Əhməd də vardı. Türkiyənin kürd Əhmədi. Romantikliyi ilə faciəsinə doğru yürüyən, milyonlara özünü sevdirib, milyonları özündən küsdürən Əhməd Kaya vardı Türkiyədə. 

Sürgündə həyata vida deyən, ölümündən sonra sənətinə görə türk insanı tərəfindən əfv edilən, saqqallı, hüznlü, kədərli gözləri ilə dinləyicisini ovsunlayan, romantik Əhməd Kaya... Onu da dinləyərdik bir zamanlar, indi də ara-sıra onun səsi düşür könlümüzə. Amma PKK üçün pul verdiyini, milyonlarla türk insanın qatili Abdulla Öcalanı mədh etdiyini biləndən sonra küsdük ondan. 
Qəlbimizin dərinliyində onun mahnılarını sevsək də, kədərli taleyinə acısaq da yanlışlarını bağışlaya bilmədik. Günahsız insanların ölümü, viran qalan evlər, boşalan kəndlər gözümüzün önündən getmədi. Beləcə gəncliyimizin unutmaq istəmədiyimiz bir qəhrəmanı unuduldu... 

Amma millətçi ruhumuzun qəhrəmanı fərqli idi... Əhməd Şəfəq ölümü, qanı, terroru lənətləyirdi. Gəncliyi, insanlığı, öz millətini sevgiyə, bütünlüyə, barışa səsləyir. Onun sevməmək üçün heç bir səbəb olmadı heç vaxt. O davranışlarında, əqidəsində sabit, sevgisində bütöv, apardığı davanın haqqını verən bir şəxsiyyətdir. 

Biz ona sevgimizdə və sayğımızda yanılmamışdıq. O, bütöv xarakteri ilə onu sevənləri heç vaxt xəyal qırıqlığına uğratmadı. Sevdiyi üçün qarşılıq gördü, sevildi. Onu “Sarıkamış” mahnısı ilə heyran olmuşdum. Amma illər sonra ondan “Adam kimi” sevməyi, “Məmləkət məsələsi”ni eşqdən üstün tutmağı öyrəndim. 

“Yunusca sevmək” anlayışını o öyrətdi gəncliyə. İrfanı sadə dillə sevdirdi. Yunus İmrənin “Gəl gör məni eşq neylədi” şeirinə oxuduğu mahnını dinləyəndə ayaqlarının bu dünyadan üzüldüyünü hiss edirsən. Konsertlərində yaratdığı coşqunu izlədikcə insanın içini qəribə bir təlatüm bürüyür. O, təkcə mahnı oxumur. O, intellekti ilə türk gəncliyini kitaba, elmə istiqamətlənməyə, tarixini, mədəniyyətini öyrənməyə səsləyir. 

Yeri gələndə siyasi fikirləri ilə proseslərə yön verir. Millət vəkilləri onun şeirini parlamentdə səsləndirir. Və o heç nədən çəkinmədən öz həqiqətini hayqırır. Bəli, o, təkcə oxumur... 

Hiç yorum yok:

Yorum Gönder