3.15.2013

Tərcümə polemikasına sözardı


Sualdan başlayaq: Qalın-qalın kitabları tərcümə edənlər doğrudan, bacarıqlı və istedadlıdırlar, yoxsa pul qazanmaq üçün bu işə girişirlər? 

İndi tərcümə işlərini müxtəlif kompüter proqramlarının köməyi ilə həyata keçirmək, normal nəticə əldə etmək mümkündür. Müasir dövrdə rəsmi tərcümələri, sənədləri, bəzən də bədii tərcüməni müəyyən proqramlarla asanlaşdırmaq olur. Məsələn, Wordfast, TRADOS və SDLX, translate.google.com, Dilmanc və sair...

Halbuki mənim fikrimcə, tərcüməçidə xüsusi istedad - tərcüməçi istedadı olmalıdır. Bu, şairlik, yazıçılıq deyil. Olduqca spesifik və xüsusi sahədir. Könül istərdi ki, tərcümə işinə peşəkarlar, sənətdən və ədəbiyyatdan anlayışı olanlar baş qoşsunlar. Amma bu da mümkün deyil. Kapitalizm və yeni bazar münasibətləri buna imkan vermir. Kitabdan uzaq düşmüş cəmiyyətimizdə xarici ədəbiyyata az da olsa, maraq var. Bu marağı təmin etmək üçün naşir bütün gücünü səfərbər edib, ucuz işləyən tərcüməçilərlə işləməli, bazarın tələbini ödəməlidir. 

Belə olan halda kitab bazarına keyfiyyətsiz kitabların, bərbad tərcümələrin də axını başadüşüləndir. Səmimi olaraq onu da qeyd edim ki, ucuz işləyən tərcüməçiləri anlamıram. 

Ədəbiyyat və bədii tərcüməylə az-çox məşğul olsam da, sıravi bir oxucu kimi düşünürəm ki, tərcüməçi istedadlı və ədəbiyyatdan xəbərdar bir insan olmalıdır. Amma onu da anlayıram ki, iş tempini qaydasında saxlamaq üçün nəşriyyatlar bəzən tələskənliyə də yol verə bilərlər. Bəzən çox ciddi bir ədəbiyyat nümunəsi, naşı və bədii tərcümədən xəbərsiz adamın əlinə keçə və bütün mahiyyətini itirə bilər. 

Təəssüf ki, bazarın tələbləri ilə işləyən naşirlər bu məsələni nəzarətdə saxlaya bilmirlər. Tərcüməçinin istedadı, işinə bələdliyi və peşəkarlığı müəyyən qədər bu sahədə çalışdıqdan və müəyyən tərcümələr etdikdən sonra üzə çıxır. Hansısa gənc bir tərcüməçini yalandan tərifləmək və ya tənqid hədəfinə çevirmək insafsızlıqdır.

Bəs istedadlı tərcüməçi dedikdə nə başa düşülür? Əlbəttə ki, istedadlı tərcüməçi sadəcə, sözləri tərcümə edən şəxsdən fərqlənir, çünki o mütləq şəkildə tərcümə olunan söz və ya əsərin məğzini və ruhunu anlamalıdır. İstedadlı tərcüməçi səriştəli və tərcümə mövzusunda məlumatlı olmalı, tərcümə edəcəyi dildəki mətnin məna və gözəlliyi ilə dil axıcılığı arasında tarazlıq yaratmağı bacarmalıdır. 

Buna görə də çoxlarının düşündüyü kimi hər xarici dil bilən tərcüməçi ola bilməz. Bəzən xarici dildə mükəmməl danışan, yazan və oxuyan şəxslər bu dildən tərcümə etməkdə çətinlik çəkirlər. 

Bədii tərcüməçi öz ana dilini də mükəmməl bilməli, ədəbiyyata və bədii sözə bələd olmalıdır. Ona görə də tərcümə sənətinə ciddi yanaşmaq, bu sahənin inkişafı üçün diqqətli və tələbkar olmaq lazımdır. Azərbaycanda peşəkar və sənətini sevən tərcümələrin azlığı bu sahənin axsamasının əsas səbəbidir. Amma haqsız tənqidlər də bu sahəyə çox ciddi şəkildə zərbə vurur.

Və sonda...
Bu gün kitab bazarında keyfiyyətsiz tərcümələrin çoxluğu ədəbiyyata və sözə bağlı insanları haqlı olaraq narahat edir. Tərcüməylə məşğul olan bir qələm adamı kimi, mən şəxsən özümün gördüyüm işin keyfiyyətindən narazıyam. Amma ümid edirəm ki, bu sahəni sevdiyim üçün və daha məsuliyyətli yanaşmağı bacardığıma görə gələcəkdə qüsurlarım daha az olacaq. 

Bu yazını yazmaya bilərdim. Çünki mənim tərcümələrimi çox az adam tənqid edib. Amma son vaxtlar ədəbi camiədə başlayan və mənə olduqca qərəzli görünən polemikaya qoşulmağı vacib bildim. Ümid edirəm ki, tərcümə olunan kitabları tənqid edən və bununla bağlı yazı yazan qələm dostlarımız qərəzsiz və sifarişsiz tənqid yazmağı bacaracaq. 

Tənqid yazmaq naminə, tərcüməçiləri “yıxıb-sürümək” isə çətin şəraitdə bu işlə məşğul olan tərcüməçilərə qarşı insafsızlıqdır.

Hiç yorum yok:

Yorum Gönder